"Ədalət mühakiməsinin nüfuzu laxlayır" - Rəşid Hacıyev
Bakının Binəqədi Rayon Məhkəməsi jurnalist Əvəz Zeynallı barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçib. Vəkil Elçin Sadıqov da eyni müddətə həbs edilib. Zeynallı Cinayət Məcəlləsinin 311.3.3-cü (külli miqdarda rüşvət alma), Sadıqov isə 32.5, 311 (rüşvət almaya köməkçilik etmək). Sadıqov və Zeynallı ittihamları rədd edir və cinayət təqibini peşə fəaliyyətləri ilə əlaqələndirirlər. Hər ikisi cinayət işini uydurma hesab edərək istintaqa ifadə verməkdən imtina ediblər.Bundan əvvəl isə vəkilin və jurnalistin evlərində və ofislərində axtarışlar aparılıb. Baş verənlərlə bağlı hüquqşünas Rəşid Hacılı ASTNA-ya danışıb.
"Paralel.az" müsahibəni oxuculara təqdim edir.
***
– Rəşid bəy, jurnalist Əvəz Zeynallı və vəkil Elçin Sadıqov barəsində Həbs qəti imkan tədbirinin seçilməsi haqda məlumatlısız və buna qədərki prosesləri yəqin ki izləmisiz. Bu həbslərə əvvəlcə hüquqi rəyinizi alaq.
– Axtarışlar da, həbslər də qanunların kobud pozulmasıyla aparılıb. Həm də bu qanunpozmalar sıradan bir pozuntu deyil. İki önəmli peşəyə, onların daşıyıcılarına açıq-aşkar sayğısızlığın örnəklərindən biridir.
Elçin Sadıqov vəkildir. O həm də fəal insan haqları vəkilidir. Əvəz Zeynallı isə jurnalist. Hər iki peşə mahiyyət etibarilə hökumətin, özəlliklə onun güc və güvənlik qurumlarının, qanunları yürüdən qurumların opponentidir, tənqidçisidir. İnsanların hüquqlarını hökumət qurumları tərəfindən pozulmaqdan qoruyurlar. Vəkil üstəlik, cinayət işlərinin böyük əksəriyyətində istintaq orqanları ilə, prokurorluqla çəkişir, onun ittihamlarını dağıtmaq, ittiham olunan şəxsləri müdafiə etmək üçün çalışır. Bunsuz ədalət mühakiməsi yoxdur.
Beləliklə, vəkillər, jurnalistlər qanunla yetərincə qorunmurlarsa, onlara münasibətdə xüsusi prosedurlar tətbiq olunmursa, demək ədalət mühakiməsi axsayır, yoxdur, insanların normal informasiya almaq, hökumətin nə etdiyini bilmək haqları boğulur.
Axtarış qərarı verilərkən və axtarış yerinə yetirilərkən nə Elçin Sadıqova, nə də Əvəz Zeynallıya münasibətdə bu xüsusi qaydalara əməl edilib. Hər iki peşənin peşə sirlərinin konfidensiallığı hüquqları var. Vəkildə müdafiəçi olduğu işlərdə elə sənədlər, elə məlumatlar var ki, onları heç kim, özəlliklə prokurorluq bilməməlidir. Çünki qarşı tərəfdir. Əgər vəkilin belə konfidensial sənədləri qanunsuz yollarla ələ keçirilə bilirsə, bu vəkilliyi dəyərdən salmaqdır, vəkil institutu hüquqsuzdur deməkdir.
Jurnalist sirri də onun kimi. Ciddi qorunmursa, heç kim jurnalistə həssas, riski çox olan məlumatları verməyə cəsarət etməyəcək. Jurnalistə ötürülmüş məlumatların mənbəyi belə asanca ələ keçirilə bilərsə, prokurorluq, polis onu asanca jurnalistin əlindən tutub ala, evindən götürə bilirsə, bu bütünlükdə jurnalist peşəsini gözdən salmaqdır. Onun effektivliyini öldürməkdir.
Elçin Sadıqovla yanaşı onun həyat yoldaşı, onunla birlikdə çalışan tanınmış insan haqları vəkili Zibeydə Sadiqovanın və onun qoruduğu şəxslərin haqları pozulub prokurorluq tərəfindən.
Həbslə bağlı da pozuntular biabırçı dərəcədə açıq-aşkardır. İstintaq dövrü üçün hələlik 4 aylıq həbs (həbs qəti-imkan tədbiri) qanunla dairəsi dəqiq cızılmış məhdud hallarda tətbiq edilə bilər. Məsələn, şəxs qaçıb gizlənə, ölkədən qaça və bununla məhkəmə qarşısına gəlməkdən yayına bilərsə, yaxud istintaqın, ədalət mühakiməsinin gedişinə ciddi mane ola bilərsə və başqa hallarda. Həbs tədbiri seçilməsi barədə müraciət edən prokuror və bu qərarı verən məhkəmə əsaslandırıbmı Elçin Sadıqov məhkəməyə qədər azadlıqda qalsa qaçıb gizlənəcək, məhkəməyə gəlməyəcək, istintaqın çağırışına gəlməyəcək?
Yaxud ədalət mühakiməsinə mane olacaq, şahidlərə hədə qorxu gələcək, sübutları məhv edəcək və sair? Bunlar sübut olunmayınca həbs qərarı qanunları, insan haqlarını ayaq altına atmaqdır və bunu təsadüfən etməyiblər. Bəllidir ki, ciddi sifariş olduğu üçün belə açıq pozuntulara gediblər. Həbs əvəzinə məsələn, Bakı şəhərindən çıxmamaq haqqında iltizam ala bilərdilər. Ev dustaqlığı verə bilərdilər.
Nəhayət ittihamla bağlı. Guya ki, pul alıblar. Yəni prokurorluğun irəli sürdüyü və hər iki şəxsin qətiyyətlə rədd etdiyi ittiham belədir. Bu ittihamların inandırıcı olmadığını demək üçün əsaslar çoxdur. Özəlliklə 311-ci maddənin pozulduğunun iddia olunması yaxşı fantaziyanın törəməsidir. Rüşvət alma inzibati vəzifə tutan, səlahiyyətli şəxslərə tətbiq edilə bilən cinayətdir. Jurnalist və ya vəkil belə cinayətin subyekti ola bilməzlər.
İkincisi, ittiham və həbsin tələm-tələsikliyi, pozuntularla, apar-topar aparılması işin sifarişli olduğunu, ittihamın da bu sifariş əsasında biçimləndirildiyini deməyə əsas verir.
– Necə olur ki, Baş Prokurorluq mediada gedən korrupsiya faktları bağlı araşdırmalara reaksiya vermir. Amma bu məsələni dərhal nəzarətə götürür, şənbə günü axtarışlara başlayır, gecə saat 4-də məhkəmə qərar verir. Burdan hansı nəticələr çıxarmaq olar?
– Haqlısınız. Pul alınması məsələsinə prokurorluğun belə “aşırı həssaslığı” diqqət çəkicidir. Nədən 10 milyonlarlar pulların yüksək rütbəli hökumət rəsmiləri tərəfindən oğurlanması barədə tutarlı faktların yayıldığı media materiallarına, şikayətlərə 3 meymun pozasında cavab verən prokurorluq birdən vəzifəsinin nə olduğunu başa düşüb hərəkətə keçdi?
Elə son günlərdə Gəncə şəhərinin 1 N-li hökumət rəsmisinin oğlunun milyonlarla dəyərində olan avtomobil kolleksiyası barədə materiallar yayılmışdı. Rayon-şəhər icra başçılarının çoxunda oxşar vəziyyətdir. Nazirlər, idarə rəhbərləri, dövlət şirkətlərinin məsul şəxsləri də elə. Faktlar zəngindir. Amma hərəkət yoxdur prokurorluqdan. İndi birdən-birə vəkil və jurnalist “rüşvətxorlar” “aşkar ediblər”. Nədir səbəb görəsən? Sual ritorikdir.
Hətta inansaq ki prokurorluq dürüstdür və dediyi olub, yəni pul alış-verişi olub. Amma motiv nədir, o da aydınlaşdırılıbmı? Vəkil pul alıbsa, gördüyü xidmətlər üçün də almış ola bilər. Hətta prokurorluğun dediyi kimi, müdafiə olunan şəxs barədə qara piarın qarşısını almaq və onun yaxşı imicinin formalaşdırılması, həqiqətlərin söylənməsi üçün müdia kampaniyası aparmaq üçün də pul götürülmüş ola bilər. Bu niyə rüşvət sayılmalıdır ki?
Jurnalist də eləcə. Hansısa piar xidmətləri üçün və yaxud hər hansı iş üzrə sənədlər əsasında verlişlər hazırlanması, filmlər hazırlanması üçün pul ala bilməzmi bir onlayn TV? Bu xidmətin edilməsində hansısa media etikası prinsipləri pozuntuları varsa, bu araşdırılmalıdır, amma bu prokurorun qarışacağı iş deyil axı. Vəkil və ya jurnalist prokuror kimi dövlətdən aylıq maaş almır ki. Xidmətlərdən pul əldə edir. Yəni, pul varsa birmənalı qanunsuzluq olub demək olmaz. Bir çox nüanslar diqqətlə araşdırılmalı və düzgün nəticələr çıxarılmalıdır.
– Sizcə bu həbslərin arxasında hansı məsələ dayanır?
– Yenə də qayıdaq ona ki, prokurorun “dərdi” pul məsələsi deyil. Prokuroru, daha doğrusu prokurora sifariş verənləri hərəkətə gətirən Elçin Sadıqovun müdafiəçisi olduğu Rasim Məmmədovla bağlı baş verənlərdir. Daha doğrusu, baş verə biləcəklərin önünü kəsməkdir. Rasim Məmmədov kimi şəxsin tutulmasının qərarını prokurorluq vermir. Yəni qanunla olsa da, gerçəkdə prokurorluq belə səlahiyyətə, gücə sahib deyil. Bu səbəbdən də Rasim Məmmədovla bağlı məhkəmə və ətrafında baş verənlər nöqtəbənöqtə izlənir. Bütün sözlər, görüşlər, pıçıltılar, bədən hərəkətləri. Mənim diqqətimi mediada getmiş bir məlumat çəkmişdi. Yazmışdılar ki, guya R. Məmmədov deyib ki, pul verdiyi bütün şəxslərin siyahısını açıqlamağa hazırdır. Güman edirəm ki, bunu şantaj kimi qəbul ediblər və narahat olublar. Hücum əmri, bunun qarşısını almaq, ötürülmüş hər hansı sənəd və material varsa, onları ələ keçirmək tapşırığı verilib. Tələsik qanunsuz axtarışların səbəblərini bunda axtarmaq lazım. Digər yandan ola bilər ki, vəkilin və jurnalistin yuxarıların cəzalandırdığı Rasim Məmmədovu həqiqətləri “danışmağa həvəsləndirməsindən” acıqlanıblar.
Yadınızdadırsa, oxşar gəlişmə Beynəlxalq Bankın direktoru olmuş Cahangir Hacıyev işində də yaşandı. Onda da prokurorluğun məktubu və israrı nəticəsində bir neçə vəkilə qarşı sərt tədbirlər görüldü, vəkillik fəaliyyətləri donduruldu. Bu dəfəki işdə görünür daha qəzəbli olublar və üstəlik həm Elçin Sadıqova, həm də Əvəz Zeynallıya qarşı xüsusi dişi olan qüvvələr də durumdan istifadə edib hərəkətə keçiblər.
– Elçin Sadıqov əksər tanınmış işlərdə, eləcə də siyasi məhbuslara vəkillik edirdi. Vəkilin həbsi həm də o qədər insanı vəkilsiz qoymaq deməkdir. Bu təcrübə ilə biz İntiqam Əliyev həbs olunanda rastlaştmışdıq. Bir çox siyasi məhbus vəkilsiz qaldı və onların Avropa Məhkəməsinə şikayətləri gecikdi və sənədlər itdi-batdı. Bəlkə elə Elçin Sadıqovun həbsində də məqsədlərdən biri budur?
-Elçin Sadiqovun ofisində və evində axtarış aparılması səbəbi müdafiə etdiyi şəxs və ailəsinin verdiyi sənəd və sübutların ələ keçirilməsi ola bilər. Orada prokurorluğun axtarıb tapmağa çalışdığı başqa nə olmalıdır ki? Əminəm ki, prokurorluğun bu barədə təqdimatı və məhkəmə qərarına baxsanız prokurorluğun axtarışda nə əldə etmək istədiyini açıq-aydın yazmadığını və əsaslandırmadığını görəcəksiniz. Elçin Sadıqovun ofisi və evində bunların uydurduğu ittihamı təsdiq edə biləcək nə sübutlar ola bilərdi ki?
Bu axtarış nəticəsində şübhəsiz ki, Elçin Sadıqovun və onunla birlikdə işləyən həyat yoldaşı vəkil Zibeydə Sadıqovanın apardığı bütün işlərlə bağlı konfidensial məlumatlar və sənədlər ələ keçirilib. Prokurorluq və məhkəmə bu axtarışın qanuni və əsaslı olmasını heç nə ilə bəraətləndirə bilməzlər.
– Son olaraq, hakimiyyət, bu həbsə sərəncam verənlər bu hüquq pozuntusunu tez bir zamanda aradan qaldırmaq üçün hansı addımları atmalıdırlar?
– İlk növbədə qanunsuz həbs qətimkan tədbiri ləğv edilməlidir və onlar azad edilməlidirlər. Qanunların oyuncaq olduğunu sübut etməyə çalışan, həbsi sifariş verən yüksək səlahiyyət sahiblərinin kim olmasından asılı olmayaraq bu addımın hökuməti və ədalət mühakiməsini gözdən saldığı etiraf edilməlidir.
Bunun ardınca ədalət mühakiməsi sistemi qanunsuz axtarışın vurduğu böyük zərəri aradan qaldırmaq üçün səy göstərməlidir. Prokurorluq özü də bu səhvə aparan halları araşdırmalı və götürdüyü sənədləri geri qaytarmalı, dəymiş zərəri kompensasiya etməlidir. Bunlar ədalət mühakiməsinin laxlayan nüfuzunu kompensasiya etmək üçün də önəmlidir.