"Mətbuat Şurasını hədəfdən Əli Həsənov yayındırıb" - Sabiq MŞ üzvü

 

"Paralel qəzeti" Media Holdinqin rəhbərinin Azərbaycan mediasının inkişafı barədə müsahibəsini təqdim edirik.


-Tapdıq bəy, Azərbaycan mediasının hazırkı durumu Sizi qane edirmi?

Azərbaycan dünyanın kiçik dövlətləri sırasına daxildir. Ölkə müstəqillik elan etdikdən sonra demokratik inkişaf yolu seçdiyini elan etsə də, torpaqlarının Ermənistan tərəfindən işğalı, milyondan çox əhalinin qaçqın və köçkün düşməsi, müharibə vəziyyətinin davam etməsi ölkədə demokratik təsisatların normal formalaşmasına mənfi təsir göstərib. Belə bir ölkədə müstəqil medianın inkişafı haqqında müsbət fikir söyləmək çətindir. Bu çətinliyin obyektiv və subyektiv səbəbləri var. Mətbuatın inkişafına maneə olan əsas faktorlardan biri bütün sahələrdə monopoliyanın hökm sürməsi, azad iqtisadi rəqabətin olmamasıdır. Bu səbəbdən müstəqil media bu gün də reklamdan məhrumdur. Dövlət büdcəsindən reklam üçün ayrılan vəsait isə yalnız televiziyalara verilir. Dünyada medianın iqtisadi bazasını reklam təşkil etdiyi halda, medianın qan damarı sayılan bu vacib iş sanki Azərbaycanda tam unudulub. Ölkədə rüşvətxor və korrupsioner məmurların yaratdığı cinayətkar mühitindən bəhrələnən məddah (tərif) və "reket" (şantajçı) mediaların sayı isə təsəvvür edilməz dərəcədə çoxdur. Prezidentin tapşırığı ilə ölkədə rüşvətxorluğa və korrupsiyaya qarşı mübarizə getməsinə baxmayaraq, hazırda ölkədə elə bir dövlət qurumu tapmaq mümkün deyil ki, həmin qurumun rəhbəri rüşvətlə, korrupsiya ilə məşğul olmasın. Bu zümrə, hətta həbslərdən belə, qorxmur. Belə bir anormal mühitin mövcud olduğu ölkədə müstəqil medianın normal inkişafından söz açmaq, sadəcə, mümkün deyil.

- "Media haqqında qanun" müstəqil media nümayəndələri və Venetsya Komissiyası tərəfindən ciddi tənqid olunmasına baxmayaraq, qəbul olundu. Sizcə, bu qanun Azərbaycanda müstəqil medianın inkişafına təkan verə biləcəkmi?

- Əfsuslar olsun ki, sualınıza müsbət cavab verə bilməyəcəm. "Media haqqında qanun"da elə müddəalar əks olunub ki, bu qanunla ölkədə heç zaman müstəqil medianın inkişafına nail ola bilmərik. Sözügedən qanun layihəsi müzakirə olunan zaman bu qanunun ölkənin müstəqil mediasının inkişaf etməsinə imkan verməyəcəyi barədə təkliflərimiz və çağırışlarımız eşidilmədi. Qəbul olunmuş yeni qanun hazırda müstəqil medianın məmurlar tərəfindən nəzarətə almasına, boğulmasına imkan yaratmaqla, rüşvətxor və korrupsioner məmurların çirkin əməlinin ifşa etməyə imkan vermir, medianın hökumətin fəaliyyətinə nəzarət funksiyasını əngəlləyir. Ümumiyyətlə, "Media haqqında qanun" yenidən işlənilməlidir, müvafiq vacib dəyişikliklər edilməli, yenidən qəbul olunmalıdır. Hazırkı qanunla ölkədə müstəqil medianın inkişafını yox, yalnız iflasını müşahidə etmək mümkündür. Məsələn, qanunda əks olunan müddəalara görə, yeni yaradılmış Azərbaycan Media Agentliyinə, eyni zamanda, həm icraçı, həm də qərarverici orqan funksiyası verilib. Bu isə, ataların bir əldə iki qarpız tutmaq məsəlində deyildiyi kimi, çox mümkünsüz, anlaşılmaz və demokratik inkişaf yolu seçmiş heç bir ölkədə rast gəlinməyən mürtəce bir müddəadır.

- Bəs, Mətbuat Şurası İdarə Heyətinin üzvləri "Media haqqında qanun"u ilk gündən nə üçün tərifləyirdilər?

- Sualınıza cavab vermək üçün bir neçə il əvvələ qayıtmağa məcburam. Yadınıza düşürsə, 2003-cü ilin mart ayında ölkə Jurnalastlərinin I Qurultayında formalaşan Mətbuat Şurası Prezident Aparatının sabiq, o vaxtkı şöbə müdiri Əli Həsənovun rəhbərliyilə formalaşdı. O vaxtdan hər bir jurnalist bilir ki, MŞ birinci qurultayda jurnalistlərin iştirakı ilə yaradılsa da, MŞ sədri və İdarə Heyətinin tərkibinə seçilən jurnalistlərin çoxu Əli Həsənovun xeyir-duası ilə seçilmiş adamlardır. Lakin sonrakı qurultaylarda isə, MŞ İH-nin tərkibinə seçilənlər yalnız Ə. Həsənova yaxın şəxslərdir. Ə. Həsənov vəzifədən gedəndən sonra, MŞ İH üzvlərinin müzakirəyə çıxarılan və tez-tələsik qəbul olunan "Media haqqında qanun"nu tərifləmələrini, MŞ sədri daxil, fikrimcə, PA-da yeni yüksək vəzifəyə gətirilmiş və qanun layihəsini hazırlamış şəxslərin rəğbətini qazanmaq və vəzifələrini qorumağa hesablanmış mövqelər idi.

- Mətbuat Şurasına 20 il eyni adamın sədr və İH-nin üzvü seçilməsi jurnalistlərin qurultayının demokratik keçməsinə şübhə yaratmır ki?

- Müxtəlif səbəblər üzündən, Azərbaycanda bütün səviyyələrdə keçirilmiş seçkilər beynəlxalq nüfuzlu təşkilatlar tərəfindən azad və demokratik seçki kimi tanınmayıb. Buna uyğun olaraq, jurnalistlər istəsə də belə, qurultay demokratik keçirilə bilməzdi. Jurnalistləri qurultayı, ilk qurultaydan başqa, həmişə çox formal və az vaxt ərzində keçirilib. Sadəcə, daim tam saxtakarlıqla gizli seçki keçirilməsi görüntüsü yaradılıb. Yalnız Jurnalistlərin I qurultayında alternativ olduğuna görə, MŞ sədri vəzifəsi (namizədlər Ə. Amaşov və A. Həsrət) gizli səsvermə yolu ilə seçilib. Digər sonrakı qurultaylarda isə sədr vəzifəsinə seçki alternativsiz və açıq səsvermə yolu ilə Ə. Amaşov sədr seçilib.
Qeyd edim ki, Ə. Amaşov savadlı insan kimi, kifayət qədər mədəni, savadlı və tənqidə dözümlü şəxsdir. Lakin MŞ sədr kimi, kollektivi normal idarə etməkdə zorlanır, Ə. Həsənovun yerliləri və ona yaxın üzvlərin təsiri altında qərəzli qərarlar qəbul edir, əksər hallarda özünü onların nazı ilə oynamağa məcbur edir.
Ə. Həsənov vəzifədən qovulandan sonra vaxtı ilə Ə. Amaşovun asılılığından, zəifliyindən sui-istifadə edib, MŞ-da at oynadan, rüşvətxor məmurları ifşa edən sayt və qəzetlərin üzərinə hücum çəkənlərin səsi, hay-küyü daha eşidilmir.
Baxın, Ə. Həsənovun qılıncının iti vaxtı MŞ-da əyləşib, məmurlara dəm tutub, müstəqil medianın üzərinə gedən və 20 ildir müstəqil medianın inkişafına maneə olanlar indi möhkəm susublar və müstəqil medianın üzərinə hücum etmək üçün məqam gözləyirlər...
( ardı var )
A. Nəsirli

0.01989483833313