SON DƏQİQƏ! Brüsseldə sülh müqaviləsi üzrə RAZILAŞMA: Minsk qrupu, “status” məsələləri
Brüsseldə növbəti dəfə Azərbaycan və Ermənistan fəhbərləri arasında baş tutan görüş əhəmiyyətlidir. Bu görüşlər olduqca faydalıdır, proses gedir. Ümumilikdə Ermənistandan gözləntilər odur ki, bu dövlət, nəhayət, konstruktiv mövqe ortaya qoya bilsin. Çünki bu cür yüksək səviyyəli görüşlərdə tərəflər bir-birini dinləyir, razılaşmalar əldə edilir, amma Ermənistan rəhbərliyi Irəvana qayıdan kimi mövqeyini dəyişir.
"Paralel.az" xəbər verir ki, bunu Teleqraf.com-a Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov deyib.
Onun fikrincə, arzu olunan hal odur ki, Ermənistan tərəfi növbəti dəfə prosesin imitasiyası ilə məşğul olmasın: “Ermənistan onsuz da əvvəl-axır bu yola gələcək. Çünki onun başqa seçimi yoxdur. Əks halda Ermənistanın bundan sonrakı dövr üçün bir dövlət kimi perspektivi qalmır. Onun yeganə çıxış yolu Azərbaycanla sülh müqaviləsi imzalaması və qardaş Türkiyə ilə münasibətləri sahmana salmasından keçir. Bu baxımdan Brüssel görüşündə sülh müqaviləsi üzrə razılaşma ilə bağlı işçi qrupunu yaradılması mümkündür. Gözləntilər məhz bu istiqamətdədir. Azərbaycan dövləti buna tam hazırdır”.
Komitə sədrinə görə, Azərbaycan sülhün əldə edilməsi üçün Ermənistana əl uzadıb: “Çünki Azərbaycan bundan sonra regionda sülhün, təhlükəsizliyin və əmin-amanlığın olmasında maraqlıdır. Bu, Ermənistanın özü üçün də vacib məsələdir. Ona görə də, qarşı tərəfin bu məsələ ətrafında uzun müddət imitasiya etməsi başa düşülən deyil. Bu cür davranışın, yanaşmanın sonu yoxdur”.
Ziyafət Əsgərov Azərbaycan və Ermənistan baş nazirlərinin müavinləri səviyyəsində Moskvada aparılan müzakirələrin əhəmiyyətinə də toxunub:
İki ölkənin rəsmiləri səviyyəsində yaradılan işçi qrupu artıq bəlli müddətdir ki, fəaliyyət göstərir. Amma bu işçi qrupları arasındakı görüşlərin və prosesin intensivliyi artmalıdır. Azərbaycan tərəfi öz üzərinə düşən öhdəlikləri vicdanla yerinə yetirir. Bu gün də dövlətimiz bu istiqamətdə özünün prinsipial davranışını ortaya qoyur. Sadəcə, biz Ermənistanın mövqeyində prosesi uzatmaq, manipulyasiya elementlərini daha açıq görürük.
Ermənistanın nəyə arxalanıb belə davrandığı anlaşılan deyil. Artıq “Qarabağ problemi” deyə bir anlayış yoxdur. İndi iki dövlət arasında münasibətlərin sahmana salınması kimi məsələlər gündəmdədir. ATƏT-in Minsk qrupu, “status” kimi absurd məsələlər tarixin arxivinə göndərilib. Ona görə də, sülh müqaviləsi əvvəl-axır imzalanmalıdır”.