Abid Qafarova azadlıq!

Abid Qafarova azadlıq!
 

QARABAĞ QAZİLƏRİNİN ABİD QAFAROVUN HÜQUQLARINI MÜDAFİƏ KOMİTƏSİ 

Bakı şəhəri İcra Hakimiyyətinin başçısı Eldar Əzizova;

Daxili İşlər Nazirliyinə;

Ədliyyə Nazirliyinə və Məhkəmə Hüquq Şurasına;

Bakı Birlik Təşkilatının sədri, jurnalist Abid Qafarovun sifarişli həbsinə etiraz olaraq aksiya keçirmək haqqında XƏBƏRDARLIQ

Bakı Birlik Təşkilatının sədri, tanınmış jurnalist Abid Qafarovun ölkədə ən yüksək və birbaşa hüquqi qüvvəyə malik olan qanunun – Azərbaycan Respublikasının Konstitusiyasının tələblərinə zidd olaraq Yasamal məhkəməsinin 13.07.2022 tarixli hökmü ilə ən yuxarı həddə - 1 il müddətinə azadlıqdan məhrum edilməsi dövlətə qarşı ən böyük təxribatdır .

Nədən Cinayət Məcəlləsinin 147-ci və 148-ci maddələri şəxsiyyətin şərəf və ləyaqəti əleyhinə olan cinayətlər kateqoriyasına aiddir və nə konkret şəxsin adı çəkilib, nə də ümumi xarakterli ifadələrdə ləkələyici məlumatlar olub. Abid Qafarovun sözləri, ifadə etdiyi fikirlər isə nəsihət xarakteri daşıyır. Hakim Rauf Daşdəmirov qıraqdan sifarişlə xalq içində böyük nüfuz sahibi olan şəxsə qarşı eksperti saxta rəy verməyə də məcbur edib .

Hakim Rauf Daşdəmirovun əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 295-ci (bilə - bilə saxta məhkəmə qərarı qəbul etmə) və 299-cu ( eksperti saxta rəy verməyə məcbur etmə) maddələrinə uyğundur. Hakim bilərəkdən ekspert qarşısında Abid Qafarovun adını çəkmədiyi şəxslərin təhqirə uğrayıb -uğramaması haqqında sual qoyub və istədiyi cavabı alıb. Yasamal məhkəməsinin hakimi Abid Qafarov məhkəmə təcrübəsinin vahidliyi prinsipini də pozub. Növbəti gün iyulun 14-də şəhid anasının onu təhqir edən şəxsə qarşı xüsusi ittiham qaydasında şikayətini icraata götürməkdən imtina edib ki, təhqirin konkret ünvanı yoxdur, yəni ad çəkilməyib. Halbuki Abid Qafarov da konkret ad çəkməyib və ifadələrində də heç bir təhqir yoxdur. Ümumiyyətlə, “müti” sözünün təhqir,  ləkələyici məlumat olmasını qəbul edib, insanı ən yuxarı həddə - bir il müddətinə həbs etmək məhkəmənin qəsd – qərəzini tam çılpaqlığı ilə ortaya qoyur. Belə çıxır, Abid Qafarov söyüş söysəydi, güllələnmə veriləcəkdi?

Bütün bunlar müdafiəçisi olduğumuz şəxsin həbs yerində də özbaşınalığa uğradılacağı təhlükəsini gerçək edir. Qarabağ qazilərinin Abid Qafarovun hüquqlarını müdafiə komitəsi olaraq sifarişli saxta məhkumluğa etiraz edirik və 22.07.2022-ci ildə saat 14-də Məhkəmə Hüquq Şurasının və Bakı Apellyasiya Məhkəməsinin qarşısında “Abid Qafarova azadlıq!, “Qanunsuz həbsə imza atan hakim və ekspert cəzalandırılsın!” şüarları ilə 20 nəfərin iştirakı ilə etiraz piketi keçirmək haqqında xəbərdarlıq edirik.

Daxili İşlər Nazirliyindən təhlükəsizliyimizi təmin etməyi diləyirik.

Məğrur Bədəlsoy

Qarabağ qazilərinin Abid Qafarovun hüquqlarını müdafiə komitəsinin sədri, 1-ci dərəcəli Qarabağ qazisi

Düşmən gülləsinin ağ ciyərinin üçdən ikisini, yerli məmurların pensiyasının yarısını, əmlakının hamısını apardığı Qarabağ qazisi Abbaszadə Xaliq Əvəz oğlu

Qarabağ qazisi İsmayılov Müşfiq Fərman oğlu və başqaları...

Bakı şəhəri, 22.07.2022 -ci il.

Paralel.az

0.018336057662964