Bərpa və mühafizə işləri zamanı unudulan həqiqət
Redaksiyadan: Yaşadığı məkanın tarixi insan üçün həmişə maraqlı olub. Hər gün dolaşdığımız küçələrdən tutmuş, yanından keçdiyimiz, əlimizi sürtdüyümüz binalara, divarlara, tiklilərə qədər hər şeyin tarixi, taleyi bizim üçün önəmlidir. Pressklub.az “İzim qala” adlı yeni rubrikaya başlayır. Bu rubrikada ölkəmizin, paytaxt Bakının tarixi baxımdan önəmli məkanlarının və obyektlərinin haqqında araşdırma, reportaj və müsahibələr yayımlanacaq.
***
Binaların yanğına qarşı sığortalanmasına XVII əsrin sonlarından başlanıb. 1666-cı ildə Londonda beş gün davam edən yanğın nəticəsində 13 minə yaxın fərdi və ictimai bina yanıb. Bu hadisədən sonra sığorta şirkətlərinin yaradılmasına başlanıb. Bu proses İngiltərədən Avropaya, Avropadan da çar Rusiyasına keçib.
Çar Rusiyasında ilk sığorta şirkəti 1827-ci ildə yaradılıb: “Rusiyanın ilk sığorta şirkəti”. Binaların sığortalanması 1960-cı illərə qədər davam edib.
Hər sığorta şirkətinin özünəməxsus lövhəsi olub. Bu lövhələr, adətən, misdən və ya bürüncdən hazırlanaraq, binanın fasadında qapının yan-yörəsinə vurulub. Lövhələrin üzərində binanı sığortalayan şirkətin adı qeyd olunur. Bəzən lövhələrin üzərində il də olur. Bu, şirkətin yarandığı tarixi göstərir.
Hələ ki Bakıda doqquz, Gəncədə isə bir sığortalı bina tapmışam. Bu binalar müxtəlif şirkətlər tərəfindən sığortalanıb: “Rusiyanın ilk sığorta şirkəti” (1827), “Salamandra” (1846), “Moskva” (1858), “Sankt-Peterburq” (1858), “Şimal” (1872), “Rusiya” (1881) və s.
Bəzən elə olub ki, sığorta lövhələri barədə rus dilində oxuduğum məqalələrdə qeyd olunan ünvanlara getmişəm. Lakin lövhələri tapa bilməmişəm. Ya bina sökülüb, ya da konservasiya və restavrasiya işləri zamanı lövhələr çıxarılıb.
İndiki dövrdə sığorta lövhələrinin bir müəssisə kimi dəyərləri qalmasa da, eksponat kimi mütləq qorunmalıdır.