Tender elanından 4 gün sonra yaranan şirkət 107 min manatı necə udub?
Yevlax şəhər İcra Hakimiyyəti tərəfindən keçirilən tender müsabiqəsinin (Açıq tender) qalibi məlum olub.
"Paralel.az" açıqlanan rəsmi məlumatlara istinadən bildirir ki, tenderlərin qalibi “Afira Corp” MMC (VÖEN – 1007661191) olub.
Tender müsabiqəsinin şərtlərinə görə “Afira Corp” MMC Yevlax şəhər İcra Hakimiyyətinin sifarişilə şəhərdə təmir işlərini həyata keçirəcək və qarşılığında 106 min 678 manat 21 qəpik alacaq.
Tender müsabiqəsinin qalibi olan “Afira Corp” MMC 29.06.2022-ci il tarixində dövlət qeydiyyatına alınıb. Hüquqi ünvanı Binəqədi rayonu, 28 may Ə/V, 20 yanvar, ev 1, m. 25-də yerləşən MMC-nin nizamnamə kapitalı 10 manat təşkil edir. MMC-nin qanuni təmsilçisi Ağamirova Xalidə Ağamir qızıdır.
Qeyd edək ki, Yevlax şəhər İcra Hakimiyyəti tender müsabiqəsini MMC-nin dövlət qeydiyyatına alındığı gündən 4 gün əvvəl – 25.06.2022-ci il tarixində elan edib. 107 min manatlıq açıq tender elan olunan zaman qalib şirkət mövcud olmayıb.
Xatırladaq ki, “Dövlət satınalmaları haqqında” Qanunun 6-cı maddəsində malgöndərənlərin (podratçıların) ixtisasına dair tələblər yer alıb. Həmin maddənin 6.2.1-ci bəndində açıq şəkildə yazılır ki, satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə peşəkarlığın, təcrübənin, texniki və maliyyə imkanların, işçi qüvvəsinin, idarəetmə səriştəsinin, etibarlılığın olması lazımdır.
Tender elan olunduğu gündən 4 gün sonra yaranan şirkətin hansı təcrübəsinin olacağı aydın deyil.
Onu da qeyd edək ki, “Afira Corp” MMC Gəncə şəhər İcra Hakimiyyətinin tabeliyində “Park-Xiyaban” İstismar və Mühafizə İdarəsi tərəfindən keçirilən daha bir tender müsabiqəsinin qalibi olub.
“Afira Corp” MMC “Park-Xiyaban” İstismar və Mühafizə İdarəsinə 14 min 892 manat 48 qəpik dəyərində təmir işləri görəcək.
Məlumat üçün onu da qeyd edək ki, tender keçirən qurumun – Yevlax Şəhər İcra Hakimiyyətinin başçısı Anar Aqil oğlu Tağıyev Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovun kürəkənidir.
Anar Tağıyev 2006-2008-ci illərdə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin Gənclərlə iş şöbəsinin Gənclər Təşkilatları ilə iş sektorunda məsləhətçi vəzifəsində işləyib. 2008-2010-cu illərdə Nəsimi rayon İcra Hakimiyyətinin “İctimai təşkilatlar və siyasi partiyalarla iş” şöbəsinin, 2010-2011-ci illərdə isə “Ərazi idarəetmə və yerli özünü idraəetmə oraqanları ilə iş” şöbəsinin müdiri vəzifələrinə təyin olunub. 2011-2019-cu illərdə Nəsimi rayon İcra Hakimiyyəti başçısının müavini vəzifəsində çalışıb. 2019-cu ilin oktyabr ayından Yevlax Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsini icra edir.