Başqa xalqlara, mədəniyyətlərə hörmət,
azərbaycançılıq ideologiyasının ana xəttini təşkil edir

Başqa xalqlara, mədəniyyətlərə hörmət,azərbaycançılıq ideologiyasının ana xəttini təşkil edir
 

Azərbaycan hökuməti multikulturalizm siyasətinin iflasa uğramadığını dünya liderlərinin diqqətinə çatdırmağa çalışır

 Bildiyiniz kimi, bütün dövlətlərin iqtisadi, siyasi, mədəni inkişafı bilavasitə həmin dövlətdə mövcud olan qanunlarla sıx bağlıdır. Buna görə də bu qanunların zaman-zaman yenilənməsinə, bəzi maddələrin dəyişdirilməsinə zərurət yaranır. Bu baxımdan ölkəmiz də istisna deyil.

Son 15-20 ildə çox yüksək inkişaf səviyyəsinə yüksələn ölkəmizdə də, bəzi qanunların müddəalarının dəyişdirilməsi və yenilənməsi inkişafın səmərəsinin daha da artırılmasına xidmət edən addımlardan biridir. Ölkə qanunvericiliyinə edilən əlavə və dəyişikliklər həm hüquqi baxımdan, həm də onun icrası zamanı sosial-siyasi baxımdan ciddi əhəmiyyət kəsb edir. Ölkəmizdə 2003-cü ildən etibarən insan hüquqlarının inkişafı və multikultural dəyərlərin genişlənməsinə səmərə verən sənədlər qəbul olunub. 2009-cu ilin martında keçirilən referendumda Konstitusiyamızın 29 maddəsinə edilən 40-a yaxın əlavə və dəyişikliklərin böyük əksəriyyəti insan hüquq və azadlıqlarının yüksək səviyyədə qorunmasına, yeni müdafiə mexanizmlərinin müəyyənləşdirilməsinə xidmət edir. "Dövlətin ali məqsədi" maddəsinə edilən əlavəyə əsasən dövlətin məqsədi insan hüquq və azadlıqlarının qorunması ilə yanaşı onları yüksək həyat şəraiti ilə təmin etməkdi.

Bu baxımdan Prezident İlham Əliyevin 27 dekabr 2011-ci il tarixli sərəncamı ilə təsdiq edilən "Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyinin artırılması haqqında" Milli Fəaliyyət Proqramının icrası ötən dövr ərzində ölkədə davamlı inkişafa ciddi dəstək oldu. Bu fəaliyyətin müsbət nəticələrindən biri multikulturalizm və inteqrasiya insan hüquqlarının vacib elementi kimi təkcə mədəni və ya fəlsəfi deyil, həmçinin hüquqi və siyasi baxımdan milli və beynəlxalq səviyyədə nəzəri konseptual yanaşma tələb edir. Multikulturalizm Azərbaycanda yaşam tərzi olaraq tarixi köklərə malik olsa da, multikultural dəyərlərə münsibətin Azərbaycan tərəfindən təqdim edilən siyasi modeli əlbətdə ki, ölkədə həyata keçirilən stabil siyasətin nəticəsidir. Bu da öz növbəsində Azərbaycanın müasir beynəlxalq münasibətlərdə tutduğu mövqeyinin möhkəmlənməsinə və bu sahədə problemlərin birgə həlli yollarının araşdırılmasına şərait yaradır. Belə balanslaşdırılmış siyasətin yüksək səviyyədə təqdim olunması və dialoqa göstərilən həssas münasibətin təməli ümummilli ilder Heydər Əliyev tərəfindən qoyulub və hazırda Prezident İlham Əliyev tərəfindən davam etdirilərək Azərbaycanın milli maraqlarının qorunması, həmçinin təhlükəsizliyinin təmin olunmasında, sosial-siyasi, iqtisadi, mədəni inkişafında əhəmiyyətli təsirini davam etdirir.

Onu da qeyd etmək lazımdır ki, Azərbaycan son illər sivilizasiyalararası dialoqun gücləndirilməsi, dünyada sülh və əmin-amanlığın bərqərar olunmasına təşviq edən beynəlxalq tədbirlərin keçirildiyi məkana çevrilib. Belə tədbirlərdən biri Prezident İlham Əliyevin dəstəyi ilə hər il baş tutan Bakı Beynəlxalq Humanitar Forumudur. Belə yüksək səviyyəli tədbirdə iştirak edən dövlət başçıları, yüksək dövlət rəsmilərinin iştirakı ilə keçirilən forumun siyasi, hüquqi və mədəni əhəmiyyətini dünya mediası da yaxından izləyir. Forumda diqqət çəkən bölmələrdən biri multikulturalizm siyasəti və çoxkonfessiyalı cəmiyyətlərdə davamlı inkişafa nail olunmasına həsr olunan müzakirələrlə bağlıdır. Burada Azərbaycan Respublikasının təcrübəsi ilə bağlı səslənən fikirlər ölkənin beynəlxalq aləmdə multikultural dəyərlərin yaşandığı stabil inkişaf məkanı kimi tanınmasının siyasi və mədəni əhəmiyyətini açıq şəkildə göstərir.

Ölkəmizin multikulturalizm sahəsində əldə etdiyi mühüm nailiyyətlərdən biri də, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin açılmasıdır. Mərkəzin fəaliyyətə başlaması Azərbaycan Respublikasının dünyada sülhsevər siyasət yürütdüyünü və insan hüquq və azadlıqlarına yüksək səviyyədə hörmət edildiyini bir daha göstərdi.

Prezident İlham Əliyevin çıxış və müsahibələrində qeyd etdiyi kimi: "Azərbaycan çoxmillətli ölkədir. Burada müxtəlif dinlərin nümayəndələri bir ailə kimi yaşayırlar". Buradan çoxmədəniyyətli cəmiyyətin inkişafına dövlətin birmənalı dəstəyi, multikulturalizm siyasətinə göstərdiyi həssas münasibətin heç də təsadüfən baş vermədiyini anlamaq çətin deyil. Yəni Azərbaycan Respublikası, tarixinin dərinliklərindən süzülüb gələn multikultural dəyərlərini mənəvi miras olaraq müasir dövrə qədər gətirib çıxara bilib və Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan dövləti bu sülhsevər missiyanı davam etdirərək hüquqi-demokratik inkişafını daha da möhkəmlətməyə nail olub.    

Bunun nəticəsidir ki, tolerantlığa və multikultural dəyərlərə yüksək münasibət göstərən Azərbaycan Respublikası qısa zaman kəsiyində insan hüquqlarının müdafiəsində çoxmədəniyyətli cəmiyyət amilinin əhəmiyyətinə diqqət çəkərək dünya liderlərinin məsələyə münasibətinin vacibliyini bəyan edib. Yəni, Azərbaycan hökuməti multikulturalizm siyasətinin iflasa uğramadığını, əksinə ərazisində yaşayan xalqların sülh və mehriban şəraitdə yaşamasını önə çəkərək, bunun təməlində yürüdülən stabil siyasətin əhəmiyyətini dünya liderlərinin diqqətinə çatdırmağa çalışır. Dövlətimizin başçısı İlham Əliyevin qeyd etdiyi kimi "multikulturalizmin alternativi yoxdur". Bu problemin həllində alternativ axtarışında olan Avropanın yaşamaqda olduğu miqrant böhranı bir daha onu göstərdi ki, mədəni və siyasi dialoqun gücləndirilməsi zəruridir və bundan qaçmaq qlobal problemin həllinə kömək yox, əksinə daha çox süni maneələr yaratmaqdır. Bu gün bəzi Qərb dövlətlərinin multikulturalizmin iflasa uğraması barədə söylədikləri iddiaların da heç bir əsası yoxdur. Bunu anlamaq üçün multikulturalizmin Azərbaycan modelini öyrənmək yetərli olar ki, insanlar, dinlər və dövlətlər arasında harmoniya yaransın.

Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının inkişafı və bu siyasətin təməlində dayanan multikulturalizm siyasətinin bir model olaraq beynəlxalq aləm tərəfindən müsbət qəbul olunması da bunu deməyə əsas verir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə 2016-cı ilin Azərbaycanda "Multikulturalizm ili" elan olunması da, tolerintlığın və multikulturalizmin xalqımız və dövlətimiz üçün necə böyük əhəmiyyət kəsb etdiyini bir daha təsdiqləyir. Əlbəttə, multikulturalizm cəmiyyətdə yeni termin kimi qarşılana bilər, əslində isə onun fəlsəfi-ideoloji mahiyyətində Azərbaycan xalqının əsrlər boyu əxz etdiyi sivil dəyərlər dayanır. Başqa xalqlara, mədəniyyətlərə hörmət, əslində, xalqımızın ümummilli lideri Heydər Əliyevin milli ideologiya kimi vahid sistem halına gətirdiyi azərbaycançılıq ideologiyasının ana xəttini təşkil edir. Ulu öndər Heydər Əliyevin uzaqgörən siyasəti sayəsində Azərbaycan çoxdan bu proseslərin fəal iştirakçısına çevrilib.

Ümummilli lider Heydər Əliyev multikulturalizmi inkişaf etdirmək üçün ölkəmizin ərazisində mövcud olan dini ziyarətgahların təmiri və bərpasına, qorunmasına xüsusi qayğı, diqqət göstərib. O, həm də ölkədə mütərəqqi İslam dəyərlərinin inkişafına xüsusi diqqət yetirməklə yanaşı, başqa dinlərin inkişafına da tolerant mühitin yaradılmasını təmin edib, dini konfessiyalar arasında qarşılıqlı hörmətə söykənən münasibətlərin formalaşmasına nail olub. Azərbaycanda mədəni müxtəlifliyin inkişafına xidmət edən bu strateji kurs hazırda prizident İlham Əliyev tərəfindən inamla davam etdirilir. Hələ andiçmə mərasimində "Mən hər bir azərbaycanlının Prezidenti olacağam" deyən prezident İlham Əliyevin müxtəlif xalqların mədəniyyətlərinin qorunması və inkişaf etdirilməsi ilə bağlı siyasəti çağdaş dövrün reallıqları ilə şərtlənir. Dövlət başçısı hesab edir ki, müasir dünyada qloballaşma prosesinin nəticəsi kimi ortaya çıxan sivilizasiyalararası toqquşma və ziddiyyətlər hər bir xalqın dini dəyərlərinin qorunması məsələsini çağdaş zamanın aktual məsələlərindən birinə çevirib.

Ölkəmizdə mədəni müxtəlifliyin, sivilizasiyalararası dialoq mühitinin qurulmasında Heydər Əliyev Fondunun da xidmətləri xüsusi qeyd olunmalıdır. Fond mədəniyyət diplomatiyasına və mədəniyyətlərarası dialoqa töhfələr verən, Qafqazda və keçmiş sovet məkanında analoqu olmayan uğurlu layihələri ilə bütün dünyada tanınıb.

Azərbaycan Respublikasının Birinci vatse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu hər bir layihəsi ilə müxtəlif xalqlar arasında humanizm, həmrəylik və dözümlülük kimi bəşəri dəyərlərin bərqərar olmasına çox böyük töhfələr verir. Uğurla həyata keçirilən "Tolerantlığın ünvanı Azərbaycan" layihəsi çərçivəsində ölkədəki məscidlərdə, kilsələrdə, sinaqoqlarda təmir-bərpa işləri aparılıb. Mehriban xanım Əliyevanın bu fikri də diqqətəlayiqdir: "Xalqlar arasında ənənəvi dostluq və qardaşlıq münasibətlərinin, tolerantlığın hökm sürdüyü Azərbaycan cəmiyyəti bizim tarixi nailiyyətimizdir və bu amil ictimai-siyasi həyatımızın aparıcı normasına çevrilib. Qürurverici faktdır ki, Azərbaycan dünya ölkələri üçün tolerantlıq örnəyi hesab olunur və bir çox dövlətlər bizim təcrübəmizdən yararlanmağa çalışırlar".

 “Paralel”in
Araşdırma Qrupu
Yazı Azərbaycan
Respublikasının
Prezidenti yanında
KİV-ə Dövlət Dəstəyi
Fondunun maliyyə
dəstəyilə çap olunub

0.59152388572693