Xoşbəxtlərin
sırasında olmaq
istəyiriksə...

Təhsilsiz
cəmiyyətdə,
xoşbəxtliyə əlvida!

 "Dünya Xoşbəxtlik Hesabatı" ən xoşbəxt ölkə kimi Finlandiyanı seçib. Ordakı təhsil və iş şəraiti, həyat tərzi, bir sözlə, yaşamın sosial şərtləri xoşbəxt olmağın real səbəbləridir.

Mən demirəm ki, biz bədbəxtçilikdən ölürük. Yaşamağı ayaqlarımız üstündə möhkəm, əzmlə tərcih etməsək də, hər halda, sürünmürük, iməkləyirik. Bunun da real səbəbləri var. Bu səbəblərin ən birincisi, yarıtmaz təhsil sistemimizdir.

Təhsil hər bir millətin simasının əsas atributudur. Konkret desək, cəmiyyətin bel sütunudur ki, bütün var olanlar ondan qaynaqlanar. Hər birimizin, hamımızın təhsildən kənar uğurumuz, fəaliyyətimiz, yenə deyirəm, var olmağımız mümkünsüz olar. Təhsilsiz cəmiyyətin inkişafı da mümkün olmaz.

Təhsilsiz həkimin adına yazılan, son dövrlər daha da aktuallaşan ana-uşaq ölümləri. Yarıtmaz mütəxəssislərin ucbatından baş verər dağılan yollar, uçan binalar.  Qeyri-peşəkarların yazdığı, səhvlərlə dolu olsa da, nədənsə qiymətləndirmə komissiyasının gözündən yayınaraq şagirdlərə sırınan məktəb dərslikləri...

Bəli, məhz savadsızların yazdıqlarını öyrənməyə məcbur edilən şagirdlərdən  gələcəkdə xoşbəxt cəmiyyət arzulamaq mümkünmü?

Hələ birinci sinifdən başlayar savadsızlıq nümunələri. Əlifba sırasını yazıb-öyrənən şagirdin qarşısına çıxan səhvi nə müəllim, nə şagird, nə də valideyn  düzəldə bilər. Əlifbamızda "ı" və "ğ" hərfinin inisialı olmasa da, binəva şagird bu hərfləri böyük və kiçik formada dəftərinə yazmalı olar. Bu hərflərlə dilimizdə  hansısa sözün başlamadığını, onun baş hərf variantının ümumiyyətlə, Azərbaycan əlifbasında olmadığını desək də, səsimizə səs verən olmaz.  İnsafən, müəllimlər dediyimizin həqiqət olduğunu təsdiq etsələr də, bu həqiqəti isbat etmək yükünün altına girməyə ürək etməzlər. Bu səhv müəmmasını çözməyə də, kimsə qadir olmaz.

Səhvlərlə dolu dərsliklərdən öyrənər, səhv riyazi əməllər edər, bu səhvlərin nəticəsi də, savadsız mütəxəssislər ordusu olar. Bu ordunun hər əsgəri bir evdə yetişər. Amma dilimizin bir hərfinin təəssübünü çəkməyəcək uşaqlarımızdan sabah qüdrətli ölkə, onun rifahını tələb edərik.

Səhvlərlə, məntiqsizliklə bol olan dərsliklərimizin zəifliyini görsək də, səsimizi çıxarmarıq. Həmin kitabları çap edən nəşriyyatı arayıb-axtarmağı ağlımıza gətirmərik. Nəticədə, belə dərsliklər ilbəil təkrar nəşrə gedər. İllüstrasiyalar, şəkillər dəyişsə də, səhvlər öz yerində qalar. Sanki şagirdlərə rəngbərəng şəkillər lazımmış, dərsliklərdən doğru-düzgünün nə olduğunu öyrənməksə, kimsəyə sərf etməzmiş.

Beləliklə, təhsil sistemimizin çöküşü baş verər. Təhsilsiz cəmiyyətdə isə, çox təəssüf, xoşbəxtliyə əlvida!

...Bir vaxtlar bizdə ən hörmətli peşə sayılan, indisə bu sənətə gedənlərin getdikcə azaldığı müəllimlik isə Finlandiyada ən prestijli sənət sayılır. Bu statusun daşıyıcıları da cəmiyyətdə ən önəmli yerlərdən birini tutur. Həmin önəm sistemli təhsil islahatının nəticəsidir. Çünki orada hələ keçən əsrdə keçirilən təhsil islahatı nəticəsində dayanıqlı, sabit bir sistem təmərküzləşib. Nəticə də göz qabağındadır - hazırda Finlandiyanın təhsil sistemi dünyanın ən qabaqcıl ölkələri arasında liderlik edir.

İndi deyəcəyim bizimçün qəribə səslənsə də, Finlandiyada məktəb şagirdlərinə bitib-tükənməyən ev tapşırıqları verilə bilməz. Orada məcburi imtahanlar, şagirdlər arasında bilik yarışmaları da yoxdur. Heç kimi də bizdəki kimi, böyük və kiçik summativlərlə, üzdəniraq testlərlə yükləmirlər. Heç 9-cu və 11-ci sinfin mərkəzləşdirilmiş imtahanları, ali məktəbə qədərki sınaq imtahanları da keçirilmir. Belə total səfərbərlik, yalnız bizdə mövcud ola bilər. Repetitorluq olmadığı üçün o ölkədə şagirdlərin məktəbdə və ya evdə müəllim yanında əlavə hazırlaşmasından da söhbət gedə bilməz. 

Orda elədir, bizdə isə belə. Sözümün mabədi budur ki, bütün çətinlikləri elmlə, biliklə aşmaq mümkündür. Öncə isə bu sahənin özünü çətin vəziyyətdən  çıxarmaq vacibdir. Xoşbəxtlərin siyahısında öncül yerlərdə olmaq istəyiriksə.

 

Nigar Orucova

0.14946794509888