Tolerantlıq Azərbaycan xalqının xarakterik
xüsusiyyəti və milli-mənəvi sərvətidir

Tolerantlıq Azərbaycan xalqının xarakterikxüsusiyyəti və milli-mənəvi sərvətidir
 

Heydər Əliyev: "Azərbaycan əhalisinin çox hissəsinin etiqad etdiyi islam dinində, onun kökündə də tolerantlıq var"

 Azərbaycan dini müxtəliflik baxımından çox zəngin ölkədir. Lakin bu da məlum həqiqətdir ki, xoşbəxtlikdən müxtəlif dinlərin və dini-fəlsəfi cərəyanların yayıldığı ölkəmizdə bütün tarixi dövrlərdə etnik və dini icmalar arasında möhkəm dözümlülük əlaqələri formalaşıb, milli, irqi və dini zəmində heç bir ayrı-seçkilik faktı qeydə alınmayıb.

Müxtəlif tarixi dövrlərdə Azərbaycan ərazisində məskunlaşan dini-etnik qruplar yerli əhali ilə qaynayıb-qarışıb, hətta qohumluq əlaqələri qurublar və sözün əsl mənasında birgəyaşayışın harmonik vəhdətini nümayiş etdiriblər. Fərqli dini konfessiyaların nümayəndələri hər zaman həmrəy olub, vahid vətənimizin azadlığı və firavanlığı uğrunda çalışıblar. Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda vuruşub, bu yolda canından keçən müxtəlif dini konfessiyalara mənsub vətəndaşlarımızın da uyuduqları Şəhidlər Xiyabanı bu gün bizim təkcə and yerimiz deyil, həm də qardaşlığımızın və vəhdətimizin simvoludur.

 Ölkəmizdə bu cür mükəmməl tolerantlıq mühitinin yaranması dini dözümlülüyün Azərbaycan xalqının xarakterik xüsusiyyəti və milli-mənəvi sərvəti olmasına dəlalət edir. Ulu öndərimiz Heydər Əliyev xalqımızın bu xarakterik keyfiyyətini çox gözəl ifadə edib: "Hesab edirəm ki, Azərbaycan xalqı özlüyündə, təbiətinə görə, öz xarakterinə görə yüksək tolerantlıq hissinə malikdir. Azərbaycan əhalisinin çox hissəsinin etiqad etdiyi islam dinində, onun kökündə də tolerantlıq var".

Ümummilli Lider dindarlarla, din xadimləri ilə görüşlərində, bu sahə ilə bağlı tədbir və beynəlxalq konfranslarda həmişə diqqəti dinlərin, xüsusilə İslamın dözümlülük xüsusiyyətinə, insanların vəhdətinə və birgəyaşayışın mükəmməl harmoniyasına yönəldib. O deyirdi ki, "İslam dini bizi heç vaxt işğalçılığa, qəsbkarlığa sövq etməyib. Biz sülhsevər millətik. Bizim dinimiz də insanlara dostluq, qardaşlıq, sülh, barışıq yolu göstərir. Biz həmişə bu yolla getmişik".

Mərhum prezidentimiz Azərbaycanda nümunəvi dini müxtəliflik modelinin formalaşmasında digər dinlərin və xalqların xidmətlərini də nəzərdən qaçırmayıb, bunu həmişə yüksək qiymətləndirib. O, 1999-cu il noyabrın 16-da ölkəmizdə fəaliyyət göstərən dini konfessiyaların başçıları ilə görüşündə bu məqama diqqət çəkərək deyib: "Əlbəttə, Azərbaycanda mövcud olan millətlərarası, dinlərarası, etnik vəziyyət yüksək qiymətə layiqdir. Bu, hamının - həm azərbaycanlıların, həm rusların, həm ukraynalıların, həm yəhudilərin, digər millətlərdən olan insanların, o cümlədən bizim dini konfessiyaların - Azərbaycanda başlıca dinimiz olan İslam dininin, xristian-pravoslav, yəhudi dinlərinin səyləri ilə əldə edilib".

Bu da sevindirici haldır ki, Azərbaycan dünyada məscid, kilsə və sinaqoqun bir arada olduğu, eləcə də müxtəlif dinlərin mənsublarının heç bir ayrı-seçkilik halı ilə üzləşmədiyi nadir ölkələrdən biridir.

Vətəndaşlarımızın vicdan azadlığı hüququ birbaşa Konstitusiyamızda, geniş şəkildə isə "Dini etiqad azadlığı haqqında" Qanunda təsbit olunub. Həmçinin, ölkədə tolerantlığı, dini dözümlülüyü möhkəmləndirmək məqsədilə insan hüquq və azadlıqları, o cümlədən vicdan və dini etiqad azadlığı ilə bağlı qanunvericilik beynəlxalq hüquq normalarına uyğunlaşdırılıb. Ulu Öndərimizin ölkəyə rəhbərlik etdiyi müddətdə dövlət siyasətinə uyğun olaraq dini konfessiyalar arasında dözümlülük mühitinin daha da inkişaf etdirilməsi sahəsində dönüş yaranıb, dövlətlə dini qurumların münasibəti yeni mərhələyə qədəm qoyub. Bunun məntiqi nəticəsi kimi, 2001-ci ildə Konstitusiyamızın vicdan azadlığı barədə müddəalarının həyata keçirilməsi üçün müvafiq şəraitin yaradılması, dövlət-din münasibətlərinin tənzimlənməsi, dini etiqad azadlığı ilə bağlı qanunvericilik aktlarına riayət olunmasına nəzarət edilməsi məqsədilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin yaradılması barədə Fərman imzalanıb. Ulu Öndər Dövlət Komitəsini yaratmaqla ölkədə din siyasətini daha da möhkəmləndirib, tolerantlıq mühitinin inkişaf etdirilməsinə təkan verib və baş verə biləcək mənfi halların qarşısını əvvəlcədən almağa müvəffəq olub.

Müstəqillik əldə edildikdən cəmi bir neçə il sonra dövlət dini azlıqların hüquqlarının qorunması və təminatı sahəsində çox mühüm və ciddi addımlar atıb. 1992-ci ildə "Dini etiqad azadlığı haqqında" Qanun qəbul edilib və zaman keçdikcə şəraitə uyğun olaraq, həmin qanuna müvafiq düzəlişlər edilib. Bu qanuna görə, Azərbaycan Respublikasında vətəndaş hüququna malik olan "Hər bir kəs dinə münasibətini müstəqil müəyyənləşdirir, hər hansı dinə təkbaşına və ya başqaları ilə birlikdə etiqad etmək, dinə münasibəti ilə əlaqədar əqidəsini ifadə etmək və yaymaq hüququna malikdir". Hökumət dini etiqad azadlığının təmin edilməsi, din-dövlət münasibətlərinin tənzimlənməsi sahəsində də bir sıra islahatların həyata keçirilməsini məqsədəuyğun hesab edib. "Dini etiqad azadlığı haqqında" Qanunun qəbul edilməsindən keçən müddət ərzində bu qanuna edilən dəyişikliklər onu daha da təkmilləşdirib və müasir prinsiplərə uyğun şəkildə formalaşıb.

Bunun nəticəsidir ki, Azərbaycanda nümunəvi tolerantlıq mühiti mövcuddur və ölkəmizdə dilindən, dinindən asılı olmayaraq bütün xalqların nümayəndələri dostluq şəraitində yaşayırlar. Bakı şəhərini gəzərkən burada məscidlərlə yanaşı, kilsələrə, sinaqoqlara, hətta erməni-qriqorian kilsəsinə də rast gələ bilərsiniz. Ancaq çox təəssüflər olsun ki, Azərbaycanın ermənilər tərəfindən işğal olunmuş ərazilərində, eləcə də, azərbaycanlıların 1988-ci ilə qədər yaşadığı tarixi torpaqlarında-indiki Ermənistan adlanan dövlətdə bir dənə olsun belə, məscidə rast gəlmək mümkün deyil. Onlar hamısı yerlə-yeksan edilib. Bununla belə, Bakının tən ortasında yerləşən erməni-qriqorian kilsəsinə getsəniz, özünüz orada hər şeyin olduğu kimi, qorunub saxlandığına şahid ola bilərsiniz. Bu, Azərbaycan xalqının dözümlülüyünün, tolerantlığının göstəricisidir. Ermənilərdən fərqli olaraq vandalizm bizim üçün yolverilməz və qəbuledilməz bir haldır. Azərbaycan bu gün mədəniyyətlərarası dialoqun qurulmasına böyük önəm verir. Bakı bu gün mədəniyyətlərarası, sivilizasiyalararası münasibətlərin qurulduğu bir mərkəzə, məkana çevrilib. Azərbaycan Şərqin və Qərbin ortaq dəyərlərini birləşdirən nadir multikulturalizm modelinə sahibdir. Bu modelin kökündə insanların sülh şəraitində yaşaması dayanır. Azərbaycanda həmçinin dövlətlə din arasında mədəni münasibətlər mövcuddur. Dövlətimiz hər zaman tolerantlığın və bütün dini cərəyanların arasında mövcud olan mədəni münasibətlərin müdafiəsinin keşiyindədir. Din bizim mənəvi sərvətimizdir və biz onu qorumağa borcluyuq. Məqsədimiz həm də Azərbaycanın tolerant ölkə kimi təbliğ olunmasıdır.

Bunun üçün də, dini fəaliyyət sahəsində dövlət siyasətinin həyata keçirilməsi vacib məsələlərdən biridir. Belə ki, Azərbaycan Respublikasında dini fəaliyyət sahəsində dövlət siyasətinin həyata keçirilməsini, dini qurumlarla bağlı qanunvericiliyin müddəalarına riayət olunması, müvafiq icra hakimiyyəti orqanlarının dini qurumlarla bağlı fəaliyyətinin əlaqələndirilməsini təmin edən mərkəzi icra hakimiyyəti orqanın yaradılmasına ehtiyac var idi. Bu baxımdan Azərbaycan Respublikası Prezidenti Heydər Əliyev 21 iyun 2001-ci il tarixli 512 saylı fərmanı ilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin yaranmasını təsdiq etdi. Həmin fərmanla müəyyən edildi ki, yeni yaranan Dövlət Komitəsinin əsas vəzifəsi Azərbaycan Respublikası Konstitusiyasının dini əqidə azadlığını təmin edən 48-ci maddəsinin həyata keçirilməsi üçün müvafiq şəraitin yaradılmasından, dini etiqad azadlığı ilə bağlı olan digər qanunvericilik aktlarına riayət olunmasına nəzarəti təmin etməkdən, dini qurumlarla dövlət arasında münasibətləri daha ciddi tənzimləməkdən ibarətdir.

Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ölkədəki dini icmalar arasında gərginliyin mövcud olmaması, dini ayrı-seçkilik meyllərinin milli münasibətlər səviyyəsinin yüksəlməsinə yol verilməməsi, dini mərasim adı altında müxtəlif antidövlət meylli şəxs və qrupların qarşıdurma yaratmaq cəhdlərinin qarşısının alınması, ictimai təhlükəsizlik və sosial sabitliyin qorunması, din-dövlət münasibətlərinin normal səviyyədə tənzimlənməsi üçün mövcud dini duruma lazımi nəzarəti təşkil edir və bu yolda hər cür neqativ halların qarşısının alınması işində müvafiq beynəlxalq təşkilatlarla əməkdaşlıq edir.

Çünki tolerantlıq prinsiplərinin təşviqi və inkişafı bizim dövr üçün bir zərurətdir. Müxtəlifliyin və təhlükələrin artdığı dünyada sosial bağlılığı möhkəmləndirmək və münaqişələrin qarşısını almaq üçün etnik, dini, dil və milli sərhədlər ətrafında danışıqlara, dözümlülülyə və qarşılıqlı anlaşmaya ehtiyac var. Buna görə də, mədəni müxtəliflik əsasında formalaşan cəmiyyətin idarə edilməsi üçün vacib amillərdən biri demokratik prinsiplər əsasında inkişaf edən dünyəvi idarəetmə sisteminin qorunması və inkişaf etdirilməsi vacibdir.

İnsanların ləyaqət bərabərliyinə, insan hüquqlarına, hüquq qaydasına, demokratik prinsiplərə və mənəvi dəyərlərə hörmət olunmadığı təqdirdə heç bir dialoq baş tuta bilməz.

 “Paralel”in
Araşdırma Qrupu
Yazı Azərbaycan
Respublikasının
Prezidenti yanında
KİV-ə Dövlət Dəstəyi
Fondunun maliyyə
dəstəyilə çap olunub

0.65124583244324