Milli-etnik münaqişələr
multikulturalizmin düşmənidir

Milli-etnik münaqişələrmultikulturalizmin düşmənidir
 

Daxili siyasi münaqişələrin böyük əksəriyyəti etnosların status uğrunda mübarizələri ilə bağlı olur

 Son zamanlar Qərbdə multikulturalizmin iflasa uğraması barədə səsləndirilən fikirlər, əsasən bu ölkələrdə yaranan miqrasiya problemləri ilə bağlıdır.

Miqrasiya problemlərini yaradan isə həmin Qərbin özünün maraqları naminə yaratdıqları etnik münaqişələrdir desək, yanılmarıq. Miqrasiya, köçkünlük, qaçqınlıq problemləri boş yerdən yaranmır. Görünəni odur ki, bu problemlər məqsədyönlü şəkildə yaradılır. Heç şübhəsiz ki, etnik münaqişələrin yaratdığı problemlər kimi, səbəbləri də müxtəlifdir. XX əsrin II yarısından başlayaraq etnik münaqişələrin sayının artması müşahidə olunmağa başladı. Bu səbədən də dünyanın bir sıra bölgələrində həmin münaqişə ocaqlarının söndürülməsi istiqamətində fəaliyyət göstərən müəyyən təşkilatlar yarandı. Bu təşkilatlar bəzi ölkələrdə hələ keçən əsrin 2-ci yarısından etnik münaqişələrin öyrənilməsi və təhlili ilə məşğul olmağa başladılar. Məsələn, postsovet məkanında 90-cı illərdən başlayaraq etnik münaqişələrə, həm dövlət səviyyəsində (siyasi baxımdan), həm elmi-tədqiqat institutlarında (elmi baxımdan), həm də ayrı-ayrı tanınmış şəxsiyyətlərin simasında xüsusi şəxsi münasibətlər baxımından öyrənilməyə meyl gücləndi. Bu təşkilatlar müəyyən təcrübə topladıqdan sonra münaqişəni öyrənən analitik mərkəzlər, tədqiqat qrupları formalaşdı. Bu da məlumdur ki, Kommunist Partiyasının təkhakimiyyətliliyi dövründə, müxalifətin səsini çıxarması olduqca çətin məsələ idi. Lakin tək-tək millətçi təşkilatların üzvləri müxləlif xarici radiostansiyalarda öz sözlərini deməyə cəsarət tapırdılar. Sovet rejimi iflasa uğradıqdan sonra isə həmin şəxslər birdən-birə münaqişə problemləri üzrə mütəxəssislərə çevrildilər. Belə ki, o dövrün İdeologiya üzrə katiblərdən tutmuş tarix müəllimlərinə, komsomol işçisindən tutmuş, dövlət orqanlarında çalışan yüksək rütbəli məmurlar, hamısı birdən-birə dönüb vətənpərvər və millətçi oldular. Nəticədə gələcəkdə qurulacaq milli hökümətlərin etnik-siyasi qurumların rəhbər tərkibi formalaşmağa başladı. Ucdantutma bütün xalq milli mənafeyin müdafiəçisinə çevrildi. Bu zaman bütün qüvvələr ziddiyyətlərin həllindən daha çox, onun kəskinləşməsində maraqlı olduqları ortaya çıxdı. Etnik münaqişələr sayəsində bir sıra təşkilatlar, xüsusilə də, SSRİ-nin dağılmasında mühüm rol oynayan təşkilatlar meydana çıxdı.

Bu da məlumdur ki, daxili siyasi münaqişələrin böyük əksəriyyəti etnosların status uğrunda mübarizələri ilə bağlı olur. Hər bir etnos hesab edir ki, məhz siyasi hakimiyyətdə təmsil olunmaqla və ya hakimiyyətə hər hansı təsir vasitələrinə malik olmaqla maraqlarını təmin edə bilər. Əksər hallarda isə etnoslar çıxış yolunu birmənalı "mərkəzdən qopmaqla" "suverenlik" əldə etməkdə görürlər. Sözsüz ki, belə suverenlik, adətən, bütövlükdə etnosun maraqlarına xidmət etmir. Müşahidələr də göstərir ki, qeyd olunan suverenlik daha çox müəyyən bir qrupun hakimiyyətə yiyələnməsi ilə nəticələnir. Etnosların suverenlik uğrundakı mübarizələrinin əsasını isə bir qayda olaraq, separatçı hərəkatlar təşkil edir. Göründüyü kimi, münaqişə siyasi sistemin bu cür gərgin daxili və xarici şərtlər daxilində fəaliyyət göstərməsinə səbəb olur. Belə bir vəziyyətdə isə siyasi sistem nəinki zəifləyir, hətta onun tamamilə dağılması baş verir və tez bir zamanda ölkə sərhədlərini aşır. Buna misal olaraq SSRİ-ni və bir sıra postsosialist Avropo dövlətlərini (Polşa, Rumıniya, Macarıstan, Çexoslavakiya və s.) göstərə bilərik.

Onu da qeyd etmək lazımdır ki, Etnik münaqişələr dünyanın müxtəlif guşələrində yerləşən bir sıra ölkələrin ərazi bütövlüyünə və hətta onların mövcudluğuna təhlükədir. Təbii ki, Sovet İttifaqının dağılmasına aparan proseslərdə də, etnik münaqişələrin xüsusi rolu olub. O dövürdə bəzi analitiklər hesab edirdilər ki, Kvebekdəki fransız separatçıları, İspaniyadakı basklar və ya Azərbaycandakı erməni separatçıları bu ölkələrin dağılması ilə nəticələnə biləcək zəncirvarı reaksiyaya səbəb ola bilərlər. Yuqoslaviyada baş verən ən böyük və acınacaqlı hadisələr haqqında xəbərlərin başlıqlarını tutan etnik münaqişədən fərqli olaraq, Ruandada və Azərbaycanın Qarabağ və onun ətraf rayonlarında baş verən münaqişə öz miqyası, vəhşiliyi ilə diqqət çəkdi və soyqırımla nəticələndi.

Etnik münaqişələr ona görə beynəlxalq səviyyəyə çıxır ki, münaqişə beynəlxalq ictimaiyyətin digər üzvlərinin iqtisadi, təhlükəsizlik və siyasi maraqlarına təsir göstərir və ya onlara humanitar məqsədlərə görə müdaxilə etmək tələb olunur. Bir çox hallarda etnik azlıqların ayrı-seçkiliyə məruz qalması, dövlət sərhədlərinin etnik qrupların həqiqi məskunlaşma arealı ilə nadir hallarda üst-üstə düşməsi, etnik münaqişələri virtual epidemiyaya çevirir.

Son onilliklər ərzində hesab edilirdi ki, etnik münaqişə, əsasən, zorakılığa səbəb olur, çünki beynəlxalq ikiqütblü sistemin strukturu əsas dövlətlər arasında münaqişəyə qadağa qoymuşdu. Lakin bu, onun digər üzvlərinə şamil edilmirdi. Başqa sözlə, soyuq müharibə zamanı bir çox hallarda belə görünürdü ki, super güclər arasında mövcud olan antaqonizm etnik münaqişələri daha da sərtləşdirir.

Lakin bu da faktdır ki, soyuq müharibənin başa çatması dünyadakı etnik mübarizə epidemiyasından tam qurtulmaq üçün çıxış yolu olmadı. Əksinə, soyuq müharibə və kommunizmin iflası Şərqi Avropa və keçmiş Sovet İttifaqında zorakı münaqişələri alovlandırdı. Bununla belə, super güclər arasında qlobal rəqabətin başa çatması, əvvəllər məhz bu rəqabətin məhsulu sayılan bir çox münaqişələrə də son qoymadı. Bu gün də biz görürük ki, hətta super güclərin dəstəyi olmadan da, etnik münaqişələr Anqola, Sudan, Əfqanıstan, Burundi, Birma, İraq, Suriya, Türkiyə və digər yerlərdə davam edir. Soyuq müharibə zamanı, ümumiyyətlə, hesab olunurdu ki, Birləşmiş Ştatlarla Sovet İttifaqı arasındakı qarşıdurma etnik münaqişələri daha da ağırlaşdırır. Soyuq müharibə artıq mövcud deyil. İndi də bizə deyirlər ki, soyuq müharibənin bitməsi etnik münaqişələri şərtləndirdi. Eyni zamanda, analitiklər müəyyən dərəcədə əmindirlər ki, iqtisadi tərəqqi və müasirləşmə etnik münaqişələri səngidəcək. Bununla belə, qlobal iqtisadi inteqrasiya yeni zirvələrə çatıb və görünür, bu proses etnik qruplar arasında mübarizənin intensivliyini daha da artırır.

Daxili etnik konfliktlərin regional dinamikası, fərqli cəhətlərə malik olmalarına baxmayaraq, digər sosial münaqişələrin regional dinamikası ilə eynilik təşkil edir. Yəni bütün digər münaqişələr kimi, daxili etnik münaqişələrin də inkişafı zaman və məkan müstəvisində dəyişir və bütün münaqişələr üçün universal olan inkişaf mərhələlərini keçir. Sadəcə, siyasi və sosial-psixoloji xüsusiyyətlərindən asılı olaraq, müxtəlif münaqişələr bu inkişaf mərhələlərini fərqli templərlə keçirlər. Bu baxımdan, daxili etnik münaqişələrin inkişaf mərhələləri bir çox amillərdən asılı olur. Belə amillər içərisində ən vacibi kimi münaqişənin baş verdiyi konkret cəmiyyətin tarixini və siyasi-hüquqi mədəniyyətini göstərmək olar.

Bununla belə, bu gün mövcud olan münaqişələr yer üzündə qeyri-sabitliyin aparıcı amillərindən birinə çevrildiyi də şəksizdir. Mənşəyinə və xarakterinə görə rəngarəng olan münaqişələr arasında etniklərarası və millətlərarası münaqişələr xüsusi yer tutur. Onlar daha mürəkkəb, dolaşıq, üzücü və çətin həll olunan münqaşilərə aid edilir. Tarix göstərir ki, etniklərarası və millətlərarası münaqişələr bir çox polietnik regionlarda miqyasına, davamlılığına və intensivliyinə görə sosial-siyasi münaqişələrin digər tiplərini üstələyir.

Böyük təəssüflə qeyd etməliyik ki, separatizmlə müşayət olunan etniklərarası münaqişələr Azərbaycanın da yerləşdiyi regionun inteqrasiyası və hərtərəfli inkişafı üçün əsas maneədir. Belə ki, separatizm çoxmillətli və polietnik region olan Qafqaza xüsusi təhlükə yaradır.

Rusiyalı politoloq. Sergey Markedonov haqlı olaraq qeyd edir ki, sovet dönəminin sonu və postsovet tarixində "Qafqaz" və "münaqişə" anlayışları assosiasiyalaşdırıldı. Çünki XX əsrin 80-cı illərinin sonlarından başlayaraq Qafqaz Avrasiya qitəsinin daha kəskin etno-siyasi münaqişələri və müharibələrinin baş verdiyi bir regionuna çevrildi. Postsovet məkanındakı 8 silahlı etno-siyasi və mülki münaqişələrdən 6-sı Qafqaz regionunda baş verdi. Bunlar Dağlıq Qarabaqla bağlı Ermənistan-Azərbaycan münaqişəsi, Gürcüstan-Osetiya və Gürcüstan-Abxaziya münaqişəsi, Gürcüstanda vətəndaş müharibəsi, Rusiya daxilində Osetiya-İnquşetiya və rus-çeçen münaqişələridir. Nəticədə, Qafqaz regionu postsovet məkanında separatist qurumların özünəməxsus tədarükçüsünə çevrildi.

Bu da məlumdur ki, Cənubi Qafqazda sabitliyin pozulmasının və millətlərarası gərginliyin artmasının əsas səbəbi Ermənistanın Azərbaycana ərazi iddiaları irəli sürməsi olub. Ermənistanın Dağlıq Qarabağda yaratdığı təcavüzkar etnik-separatçı hərəkat bütün Qafqazı əhatə etdi, regionda təhlükəli meyllərə təkan verdi və bütün dünya üçün problemə çevrildi.

Maraqlıdır ki, erməni tərəfi Azərbaycan torpaqlarına (Dağlıq Qarabağa) ərazi iddialarını Dağlıq Qarabağ ermənilərinin öz müqəddəratını təyinetmə şüarı altında (yəni Azərbaycandan ayırlmaq) əsaslandırmağa çalışır. Lakin qeyd edilməlidir ki, millətlərin özünütəyinetmə hüququ heç də "ayrılma hüququ" və ya separatizmlə eyniyyət təşkil etmir.

 “Paralel”in
Araşdırma Qrupu
Yazı Azərbaycan
Respublikasının
Prezidenti yanında
KİV-ə Dövlət Dəstəyi
Fondunun maliyyə
dəstəyilə çap olunub

0.59614014625549