Dini maarifləndirmə radikalizmə və
ekstremizmə qarşı əsas vasitədir

Dini maarifləndirmə radikalizmə vəekstremizmə qarşı əsas vasitədir
 

Azərbaycan cəmiyyəti radikal düşüncəli qrupları dəstəkləmir, əksinə məscidlərimizdə vəhdət namazı qılınır

 

Bildiyiniz kimi, Azərbaycan dünyəvi dövlətdir və ölkəmizdə din dövlətdən ayrıdır. Lakin bunu da etiraf etmək lazımdır ki, multikulturalizmin və toleratnlığın həyat tərzinə çevrildiyi məmləkətimizdə, bu dəyərlərə qarşı çıxan quvvələr də yox deyillər.

Buna görə də, dövlət-din münasibətlərinin dövlətçilik, dövlətin təhlükəsizliyi baxımından tənzimlənməsi mühüm vəzifələrdən biridir. Elə müstəqilliyimizin ilk illərində ölkəmizdə mövcud olan xaosun qarşısının alınması üçün də, dini qurumlarla dövlət arasında əlaqələndirici, dövlət-din münasibətlərini tənzimləyə biləcək bir quruma ehtiyac duyulurdu. Bu məqsədlə də ümummilli lider Heydər Əliyevin sərəncamı ilə 2001-ci ildə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi yaradıldı. Bu komitənin əsas məqsəd və məramı da ictimaiyyətlə, hökumət və qeyri-hökumət təşkilatları ilə əlaqələrini genişləndirmək, məqsədyönlü tədbirlər həyata keçirərək qarşısına qoyulan vəzifələri layiqincə yerinə yetirmək idi. Artıq tam məsuliyyət ilə deyə bilərik ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi qarşısına qoyduğu məqsədləri uğurla həyata keçirir. Bu gün Dini Komitə Azərbaycanda dövlət-din münasibətlərinin yüksək səviyyədə tənzimlənməsi, ölkə vətəndaşlarının, xüsusən gənclərin zərərli dini cərəyanların təsiri altına düşməsinin, din adı altında milli və dövlət maraqlarımıza zidd, milli-mənəvi dəyərlərimizə yad ideoloji təlimlərin yayılmasının qarşısının alınması üçün müvafiq qurumlarla, o cümlədən yerli icra strukturları və hüquq-mühafizə orqanları ilə birgə bölgənin dini atmosferinə uyğun şəkildə, müntəzəm olaraq maarifləndirmə tədbirləri həyata keçirir.

Bütün sivil dövlətlərin multikulturalizm və tolerantlıq məkanı kimi qəbul etdiyi Azərbaycanda xalqının milli maraqlarına real və potensial təhlükə mənbəyi olan dini ekstremizmi, radikalizmi təbliğ edən cərəyanlarla mübarizə aparılması, mötədil dindarların, gənclərin və yeniyetmələrin zərərli dini ideologiyaların təsiri altına düşməsinin qarşısının alınması üçün preventiv tədbirlərin görülməsi də, Dövlət Komitəsinin dini maarifləndirmə sahəsində əsas fəaliyyət istiqamətlərindən biridir. 

Dövlət Komitəsi ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək, dini radikalizmlə mübarizəni daha da effektiv aparmaq, islami dəyərləri olduğu kimi insanlara çatdırmaq məqsədilə Qafqaz Müsəlmanları İdarəsi ilə də sıx əməkdaşlıq edir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 27 noyabr 2014-cü il tarixli Sərəncamına əsasən, Dövlət Komitəsi maarifləndirmə işinin təşkili üçün dini icmaların təqdim etdiyi layihələrin maarifləndirmə və ideoloji baxımdan dəyərləndirilməsini həyata keçirir və bu layihələrin reallaşdırılmasına dəstək olur. Məlumat üçün qeyd edək ki, indiyə qədər İslam dini icmaları tərəfindən təqdim edilən 100-dən çox layihə maliyyələşdirilib. Dini icmalar tərəfindən layihə çərçivəsində keçirilən 370-ə yaxın tədbirdə təxminən 30 mindən çox insan iştirak edib.

Onu da diqqətinizə çatdıraq ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, digər mərkəzi və yerli icra orqanları, vətəndaş cəmiyyəti institutları ilə də sıx əməkdaşlıq edir və demək olar ki, ölkənin bütün regionlarında onlarla birgə silsilə konfranslar, müşavirələr, "dəyirmi masa"lar təşkil olunur. Bu tədbirlər, əsasən, fərqli din və məzhəb mənsubları arasında dözümsüzlük, ayrı-seçkilik hallarına yol verilməməsi, dini icmaların fəaliyyətində tolerantlığın və multikulturalizmin gücləndirilməsi, cəmiyyətdə radikalizm meyllərinin qarşısının alınması və dini icmaların bu işə cəlb olunması məqsədi daşıyır. Maarifləndirmə işləri elektron kütləvi informasiya vasitələri, mətbu orqanlar və Dövlət Komitəsi tərəfindən hazırlanan nəşrlər vasitəsilə də həyata keçirilir. Bu məqsədlə müxtəlif ədəbiyyatlar da çap olunur.

Onu da xüsusi qeyd etmək istərdik ki, Komitənin həyata keçirdiyi dini marifləndirmə tədbirləri artıq öz bəhrəsini verir. Belə ki, son vaxtlar ölkəmizdə radikallığa meyliliyin zəiflədiyi, cihad adı ilə Suriyaya və digər ölkələrə gedənlərin sayının kəskin azaldığı müşahidə edilir. Artıq Azərbaycan cəmiyyəti də radikal düşüncəli qrupları dəstəkləmir, əksinə məscidlərimizdə vəhdət namazı qılınır. Yas mərasimlərində əvvəllər müşahidə olunan israfçılıq müəyyən dərəcədə azalıb. Bunu da Komitənin bu sahədə apardığı məqsədyönlü maarifləndirmə işlərinin uğuru kimi qəbul etmək olar.

Bu maarifləndirmə tədbirlərinin nəticəsidir ki, artıq vətəndaşlarımız da başa düşürlər ki, milli və mədəni dəyərlərimizə yad olan ideyalar, əslində hansı məqsədlərə xidmət edir. Bu da radikal dini qruplara ölkəmizdə ciddi sosial baza yaratmağa imkan vermir.

Lakin onu da təəssüflə qeyd etməliyik ki, ölkəmizdə aparılan maarifləndirmə tədbirləri ilə yanaşı, qeyri-ənənəvi, xüsusilə xurafatı, radikallığı və ekstremizmi yayan, dini siyasiləşdirməyə çalışan bəzi radikal quruplar hələ də fəaliyyətlərini davam etdirirlər. Xüsusilə məscidlərdə və sosial şəbəkələrdə aktivlik nümayiş etdirən bu qrupların radikal və məzhəb qarşıdurması yaradacaq çıxışları, demək olar ki, maarifləndirmə tədbirləri ilə paralel gedir və onların belə bölücü fəaliyyəti dini maarifləndirmənin effektivliyinə təsirsiz ötüşmür.

Bildiyimiz kimi, hər bir gəncin formalaşmasında ailəsi ilə bərabər, təhsil müəssisələrinin də üzərinə böyük məsuliyyət düşür. Bu baxımdan təhsil ocaqlarında çalışan pedaqoqların dini baxımdan bilgisiz və ya məsələyə laqeyd yanaşması, xurafat, radikalizm və ekstremizimlə bağlı gənclərin məlumatlarının az olması, gənc nəslin asanlıqla radikal qrupların təsiri altına düşməsinə səbəb olur. Bunun qarşısını almaq üçün ilk növbədə televiziya və mətbuatın, xüsusən də internetin imkanlarından istifadə etməklə dini maarifləndirməyə üstünlük verilməli, xurafat və radikalizm, onların mənfi təsirləri ilə bağlı konkret mövzular müzakirə olunmalıdır.  

Eyni zamanda təhsil müəssisələrində çalışan pedaqoqların dini baxımdan maarifləndirilməsinə diqqət yetirilməlidir. Onlar dinlərin, məzhəblərin, radikal cərəyanların tarixini, yaranma və ölkəmizdə yayılma səbəblərini, ölkəmiz üçün təhlükəsini, ideyalarını yaymaq metodlarını və s. düzgün bilməlidirlər ki, gənc nəsli belə təhlükələr barədə məlumatlandıra bilsinlər. Hər il ölkəmizdə orta hesabla hər məktəbdən 200-dən artıq gənc məzun olur ki, dini baxımdan bilgilərinin olması onları qeyri-ənənəvi və radikal cərəyanların təsiri altına düşməsindən qoruya bilər. Bunun üçün tədris proqramlarında Mirzə Ələkbər Sabir, Cəlil Məmmədquluzadə, Mirzə Fətəli Axundov və digər maarifçilərimizin xalqı daim mövhumata, xurafata qarşı mübarizəyə səsləyən əsərlərinə xüsusi yer verilməli və oradakı hadisələr müəllimlər tərəfindən şərh edilərkən müasir dövrlə paralellər aparılmalıdır.

Heç şübhəsiz ki, bütün bunlarla yanaşı milli-mənəvi dəyərlərimizi, cəmiyyətimizi, dövlətimizi zərərli dini cərəyanlardan, radikalizm və ekstremizdən qorumaq, bu sahədə fəaliyyətin effektivliyini artırmaq, müsbət nəticələr əldə etmək məqsədilə əlaqəli şəkildə vahid təbliğat məkanını yaradılması da, zəruri şərtlərdən biridir. Belə təbliğat məkanlarından biri də ordudur. Çünki burada əsasən gənclər xidmət edirlər və onların olkəmizdə mövcud olan multikulturalizm və tolerintlıq ruhunda maarifləndirilməsi də böyük əhəmiyyət kəsb edir. Bu məqsədlə Azərbaycanın Müdafiə Nazirliyi ilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Silahlı Qüvvələrdə dini radikalizmlə mübarizənin səmərəliliyinin artırılması, 2016-cı - "Multikulturalizm ili" üçün tədbirlər planına əsasən "Qeyri-ənənəvi dini cərəyanların təbliğatının qarşısının alınması və dini radikalizmə qarşı mübarizədə şəxsi heyətlə iş üzrə zabitlərin rolu" mövzusunda "dəyirmi masa" keçirilib.

Nazirliyin mətbuat xidmətinin məlumata görə, "N" nömrəli hərbi hissədə təşkil olunan "dəyirmi masa"nı Müdafiə Nazirliyi Şəxsi Heyət Baş İdarəsi Mənəvi-Psixoloji Hazırlıq və İctimaiyyətlə Əlaqələr İdarəsi rəisinin müavini polkovnik Abdulla Qurbani açaraq bildirib ki, müdafiə naziri general-polkovnik Zakir Həsənov və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlının təsdiq etdikləri tədbirlər planına əsasən, birlik, birləşmə, hərbi hissələr, xüsusi təyinatlı hərbi təhsil müəssisələri və digər kollektivlərdə seminar-müşavirələr, "dəyirmi masa"lar, söhbət və disputlar, görüşlər, mühazirələr və digər mədəni-kütləvi tədbirlərin təşkilinə artıq start verilib. Bu tədbirlər şəxsi heyətin milli-mənəvi dəyərlər əsasında tərbiyəsində mühüm əhəmiyyət kəsb etdiyi kimi, onların mənəvi-psixoloji hazırlığında, vətənpərvərlik və döyüş ruhunun yüksəldilməsində də mühüm rol oynayır.

"Dəyirmi Masa"da qeyd olunub ki, Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra ölkəmizdə vicdan azadlığı ilə bağlı hüquqlar bərpa olunub, məscid və kilsələrin fəaliyyətinə rəsmən icazə verilib, ölkə Konstitusiyasında bütün dini etiqadların qanun qarşısında bərabər olduğu göstərilib, insan şəxsiyyətinə və insanlıq prinsiplərinə zidd dini baxışlar qadağan edilib. Bununla belə Azərbaycanda dini sahədəki tolerantlıq xalqımız üçün xarakterik olmayan bəzi sekta və cərəyanlara da fəaliyyət imkanı verib. Hətta bu qeyri-ənənəvi dini cərəyanların faəliyyəti bir çox hallarda xalqımız və dövlətçiliyimiz üçün təhlükəli fəsadlar da yaradıb. Məhz bu səbəblərə görə, 1997-ci ildə Azərbaycan Prezidentinin sərəncamı ilə xarici vətəndaşlara və vətəndaşlığı olmayan şəxslərə ölkəmizdə dini təbliğat aparmaq qadağan edilib.

Tədbirdə qeyd olunub ki, qeyri-ənənəvi dini cərəyanlar və dini radikalizm bütün cəmiyyət üçün bir bəla olduğu kimi, cəmiyyətin bir parçası olan ordu üçün də çox təhlükəlidir. Ona görə də keçirilən "dəyirmi masa"nın mövzusu və qarşısına qoyduğu məqsəd çox aktualdır və önəmlidir. Çünki ölkəmizdəki sabitlik, dövlətimizin təhlükəsizliyi, insanlarımızın asudə yaşam imkanları da, bilavasitə ordudakı sağlam mühitdən, nizam-intizamdan asılıdır.

 “Paralel”in
Araşdırma Qrupu
Yazı Azərbaycan
Respublikasının
Prezidenti yanında
KİV-ə Dövlət Dəstəyi
Fondunun maliyyə
dəstəyilə çap olunub

0.90532684326172