Azərbaycanda əlli
mindən çox avar yaşayır

Avarlar ölkəmizin ərazisində çox qədim zamanlardan
məskunlaşıb və heç vaxt separatçılıq çağırışlarına qoşulmayıblar

 Bu gün sizlərə ölkəmizin ərazisində kompakt şəkildə məskunlaşan azsaylı xalqlardan biri - avarlar haqqında söz açacağıq. Avarlar - abarlar  (lat. Avares) - türk tayfalarından ibarət iri tayfa ittifaqıdır. Bəzi tədqiqatçılar bu ittifaqa monqol və uqr-fin mənşəli tayfaların da daxil olduğunu ehtimal edirlər. Çin mənbələrində aba, qədim türk runi yazılı abidələrində apar, slavyan salnamələrində isə obrlar adlanırlar. Avarların jujanlarla eyni olduqları haqqında fərziyyə də var.

Tarixin erkən dövürlərdən başlayaraq, Avropanın və Asiyanın bir çox yerlərinə səpələnən avarlar, bu gün kompakt halda Rusiya Federasiyasının Dağıstan Respublikasında və Azərbaycan Respublikasının Şimal-Qərb bölgəsində, əsasən Zaqatala, Balakən rayonlarında məskunlaşıblar.

2009-cu ildə aparılan siyahıyaalmaya görə, Azərbaycanda 50,9 min avar yaşayır. Lakin bu rəsmi rəqəmlər deyil, mənbələr deməyə əsas verir ki, əslində avarlarin sayi Azərbaycanda bir neçə dəfə çox ola bilər. Çünki pasport qeydiyyati zamani bir çoxlarının milliyəti yanlış göstərildiyində, yaxud ümumiyyətlə göstərilmədiyindən bu gün həmin bölgədə yaşayan avarların sayının düzgün müəyyən olunması üçün dəqəq hesablamalar aparmaq lazımdır. Bütün qeyd olunanlara baxmayaraq, məlumdur ki, avarlar Azərbaycan ərazisində çox qədim zamanlardan məskunlaşan aborogen xalqlardandırlar. Avarların azərbaycanlılarla sıx qaynayıb-qarışmaları da bunu təsdiq edir. Avarlar İslam dininə etiqad edirlər.

Bu gün Azərbaycan ərazisində yaşayan avarlar Azərbaycanan tamhüquqlu vətəndaşlarıdırlar və bu hüquqlarından yararlana bilirlər. Azərbaycan ərazisində yaşayan avarlar bütün dövürlərdə Azərbaycanı öz vətəni sayıblar və bu amalla yaşayıblar. Lakin çox təəssüflə də olsa qeyd etmək lazımdır ki, zaman-zaman Azərbaycan və avar xalqları arasında qarşıdurma, gərgindik, münaqişə yaratmağa cəhd edən quvvlər də olub. Lakin həm azərbaycanlıların, həm də avarların biri-birilərinə qardaşlıq münasibəti bu halların inkişafına imkan verməyib və separatçı quvvələrin arzuları ürəyində qalıb.

Məsələn, Azərbaycanda milli münaqişələrin yaranmasında maraqlı olan erməni və rus millətçiləri dəfələrlə münaqişələrin yaranması və inkişaf etdirilməsi üçün "avar faktoru"ndan istifadəyə cəhdlər ediblər. Bunun üçün də ilk növbədə, belə demək mümkünsə, informasiya münaqişəsinə start veriblər. Belə ki, rus və erməni millətçilərinə məxsus bütün saytlarda Azərbaycanda yaşayan avarların hüquqlarının pozulduğu, onların muxtariyyət tələb etmələri və s. münaqişə xarakterli yazılara geniş yer verirlər. Guya bu problemlərin "həllində" maraqlı olan Ermənistanda, hər ay "Qafqaz Albaniyası dövlətçiliyi və onun etno-mədəni irsi" adlı simpoziumlar keçirilir. Belə tədbirlərdən birində çıxış edən və ermənilərə böyük simpatiyası olan Dağıstan Dövlət Universitetinin professoru Timur Aytberov Azərbaycanda yaşayan avarların muxtariyyət tələb etdiklərini söyləyib. Əslində isə bu psevdo avarın Azərbaycan ərazisində yaşayan avarlanın durumundan ümumiyyətlə anlayışı yoxdur. O, sadəcə olaraq ermənilərin ona diqtə etdiyi faktları dilə gətirməklə özünü avar xalqının təəssübkeşi kimi göstərməyə çalışır. Özünü avar xalqının təəssübkeşi kimi göstərərək ermənilərdən "təşəkkür" alan digər bir psevdo avar isə bu mövzularla bağlı erməni saytlarında çıxış edən Hüseyn Hüseynovdur. O, özünün erməni saytlarında dərc etdirdiyi müraciətində qeyd edir ki, guya Azərbaycanda avar, ləzgi və saxurların hüquqları pozulur. H. Hüseynov 9 avarın həbsini əsas gətirərək bildirib ki, xüsusən də avarlara münasibət dözülməzdir. Erməni saytlarına müraciət edən "avar" onların haqsız həbs olunduqlarını əsaslandırmağa çalışır. Amma həqiqət budur ki, həmin avarlar ermənilərin ssenarisi ilə 2000-ci ildə Azərbaycanın şimal rayonlarında separatçılıqla məşğul olublar. 2001-ci ilin iyununda DYP-yə basqınlar edilib, Şeyx Şamilin abidəsi partladılıb, Zaqatala və Balakən atəşə tutulub. Bütün bu əməllərin başında duran Hacı Maqomedovun cinayətkar dəstəsi zərərsizləşdirilib, Şaban Buşdiyev həbs olunub. Bu həmin şəxslərdir ki,  erməni xüsusi xidmət orqanları ilə əməkdaşlıq ediblər. 1997-ci ildə onların hər ikisi İrəvan və Xankəndində olub, ermənilərdən 1 milyon dollar və 1000 ədəd avtomat alıblar ki, Azərbaycanda "Avar dövləti" qursunlar. Bundan əvvəlki  sövdələşməyə görə isə bu ərazidə "Car-Balakən dövləti" qurulmalıydı.

  1. H. Hüseynov həmvətənlərinə və hətta dağıstanlılara müraciət edərək Azərbaycana qarşı mübarizədə birliyə çağırıb. O, avar, ləzgi və saxurların Azərbaycanın deyil, Rusiyanın tərkibində olmalarını arzulayıb.

Digər müraciət isə Zaqatala rayonunun bir qrup avarı adından Azərbaycan prezidentinə ünvanlanıb. Müraciəti imzalayanlardan biri - Şamil Qurbanov "Kavkazskiy uzel"ə müsahibəsində bildirib ki, əsas məqsədləri Avar Milli Mədəniyyət Mərkəzi olan "Dir vatan" ("Mənim vətənim") təşkilatının qeydiyyata alınması ilə bağlı olub. Ş.Qurbanovun sözlərinə görə, onlar heç zaman "Avar dövləti" yaratmaq, yaxud Azərbaycandan ayrılaraq Rusiyaya birləşmək kimi müraciətlər irəli sürməyiblər. "Bizim məqsədimiz bu bölgədə yaşayan insanların mədəniyyətini, adət-ənənələrini, keçmişini, tarixini qorumaqdır. Avarlar tarix boyu bu torpaqlarda yaşayıblar və Azərbaycanı da hər zaman öz Vətənləri hesab ediblər. Bu məsələləri daha çox qabardan nə zamansa, hansısa səbəblərdən Azərbaycanı tərk edən, yaxud ümumiyyətlə heç zaman Azərbaycanda yaşamayan "avarlar"dır". Müsahibimiz qeyd etdi ki, bu gün bölgədə yaşayan avarlar dövlətimizə, dövlətimizin başçısına inanırlar və Onun milli siyasətini, bu bölgədə yaşayan azsaylı xalqlara münasibətini dəstəkləyirlər. "Zaqatalada yaşayan avarlar bütün problemlərinin həllində  ümidlərini dövlət başçısına bağlayıblar".

Azərbaycanda mövcud olan sabitliyi, tolerantlığı, multikulturalizmi, xalqlar arasındakı vəhdəti, dövlət-dini münasibətlərinin müsbət axarını qəbul edə bilməyən bəzi quvvələr, bu sahədə gərginlik yartmaq üçün dəridən-qabıqdan çıxırlar. Onların iddialarına görə, hazırda Zaqatala, Balakən və Qax rayonlarında yaşayan avarların sayı 200 mini ötüb. Amma rəsmi statistika bunun tam əksini deyir. Belə ki, Azərbaycanda avarlar əsasən Zaqatala (25,835) və Balakəndə (24,415) məskunlaşıblar. 1999-cu ildə aparılan siyahıyaalmaya əsasən avarların Azərbaycanda sayı 50 mindən bir qədər artıqdır. Bununla belə, bu rayonların ərazisində avar dilində ümumilikdə 260 sinfi olan 19 məktəb fəaliyyət göstərir. Digər etnik azlıqlardan fərli olaraq avarlar azərbaycanlılarla daha sıx qaynayıb-qarışıblar. Əsasən Balakənin Qabaqcöl qəsəbəsində, Katex, Mahamalar və digər kəndlərində azərbaycanlılarla sıx qohumluq münasibətləri şəraitində yaşayırlar.

Amma özünü Avar Milli Şurasının İcraiyyə Komitəsinin fəallarından sayan Məhəmməd Hüseynov hesab edir ki, Azərbaycanda avarlar hələ sovetlərin dövründə "diskriminasiya" olunublar. Onun iddiasına görə, Azərbaycanda avar dilində danışmağa qadağa qoyulub, televiziya və radiolarda avar dilində verilişlər aparılmır və s. O, avarların heç bir rəsmi strukturlarda təmsil olunmadıqlarından da narahatlıq keçirdiklərini söyləyib. Separatçı avar həmçinin Azərbaycanın tarixinin də saxtalaşdırıldığını iddia edib. Onun fikrincə, Zaqatala, Balakən və Qax rayonlarının əraziləri azərbaycanlılara yox, ta qədimdən dağıstanlılara məxsus olub. Bir sıra avar kəndlərinin adlarının dəyişdirilib Azərbaycan adları ilə əvəz olunması kimi ittihamlar da, Hüseynovun məntiqsiz fikirlərində yer alıb. Millətçilər həmçinin Nəriman Nərimanovu da avarların repressiyaya uğramasında təşəbbüs göstərdiyinə görə ittiham edirlər.

"Mən, bu xalqın xarakterini yaxından tanıyan bir şəxs kimi, deyə bilərəm ki, avarlar da azərbaycanlılar kimi tolerant, haqq və ədalətə daha çox üstünlük verən, qisasçılıqdan, düşmənçilikdən uzaq, dinə-imana inanan, dövlətlərinə sadiq insanlardırlar. Bu gün avarların kompakt şəkildə yaşadıqları bölgələrə səfər edən hər kəs, bu fikirlərimin nə dərəcədə həqiqəti əks etdirdiyinin şahidi ola bilər". Bu fikirləri bizə həmkarımız Yusif Seyid söylədi.  

Onu da diqqətinizə çatdıraq ki, Zaqatala rayonu etnik azlıqların müxtəlifliyi və sıx məskunlaşması ilə məşhurdur. Burda azərbaycanlılarla yanaşı saxurlar, avarlar, ləzgilər, ingiloylar və digər etnik azlıqlar yaşayırlar.

Rayonda avarların yaşadığı ən böyük kəndi Danaçı (Dinçi) kəndidir. Avarların sıx məskunlaşdığı bu kənd, təkcə Zaqatalada yox, avarların yayıldığı bütün ərazilərdə - Dağıstanda, Azərbaycanın şimal-qərbində çox məşhurdur.

Və sonda onu da diqqətinizə çatdıraq ki, bu gün avarların kompakt yaşadığı ərazi Şəki-Zaqatala iqtisadi rayonuna daxildir. Ərazi inkişaf etmiş nəqliyyat şəbəkəsinə malikdir. Əsas yol Yevlax-Balakən şosse və dəmir yoludur. 80-ci illərin ikinci yarısında istifadəyə verilən dəmiryolu bu iqtisadi rayonla digər rayonlar arasında nəqliyyat-iqtisadi əlaqələrin genişlənməsinə səbəb olub. Ərazidə Bakı-Zaqatala hava xətti də fəaliyyət göstərir.

Dövlətimizin başçısı İlham Əliyevin diqqət və qayğısı nəticəsində bir çox etnik azlıqların (avarlar, saxurlar, inqoloylar, ləzgilər, axaxlar, qarallar və s. ) kompakt yaşadıqları bu bölgə də gündən-günə inkişaf edir, daha da gözəlləşir, abadlaşır. Bu gün bu bölgədə yaşayan insanların, burada qarışıqlıq salmaq istəyən separatçı qüvvələrə cavabı, prezident İlham Əliyevin bu bölgəyə göstərdiyi qayğı və diqqətidir.   

 

“Paralel”in
Araşdırma Qrupu
Yazı Azərbaycan
Respublikasının
Prezidenti yanında
KİV-ə Dövlət Dəstəyi
Fondunun maliyyə
dəstəyilə çap olunub

0.12817215919495