Vətəndaş cəmiyyəti multikulturalizmin
inkişafında müstəsna rola malikdir

İlham Əliyev: "Multikulturalizm başqa xalqın nümayəndəsinə hörmət, başqa
dinə hörmətdir. Öz dininə hörmət, başqa dinə hörmətdən başlayır"

 Son zamanlar multikulturalizmin və demokratiyanın iflasından, tranzitindən, yaxud transferindən çox danışılır. Bu gün Qərb dövlətlərini bürüyən miqrasiya problemi bir çox ölkələri öz prinsiplərindən çəkinməyə vadar edir. Bu səbəbdən də onların bir çoxu demokratiya, multikulturalizm, tolerantlıq kimi bəşəri dəyərlərə yenidən baxmaq məcburiyyətindədirlər.

Onu da qeyd edək ki, demokratiya tranziti zamanı multimədənilik özü də mürəkkəb vəziyyətlər törədə bilər. Multikulturalizmlə bağlı siyasət bu və ya digər nəzəri modelin seçilməsini nəzərdə tutmalıdır ki, bu zaman mədəni müxtəlifliklə əlaqəli vətəndaş cəmiyyətindən bəhs etmək mümkün olsun. Belə ki qloballaşma dövründə milli mədəniyyət, mədəni müxtəliflik, çox mədəniyyətlilik özü vətəndaş cəmiyyəti probleminə həssas yanaşmalıdır. Çünki qloballaşmanı qəbul etməyən mədəniyyətlər üçün qloballaşma daha dağıdıcı ola bilər. Multikulturalizm müxtəlif elmlərin qovşağında, yaxud konkret bir elm kontekstində araşdırıla bilər. Şübhəsiz ki, fenomen ideologiya və siyasətdir. Burada ümummilli dəyərlər irqi və etnik mədəniyyətlərə qarşı dövlət siyasətində müqavimətlə yox, əksinə mülayimlik və ya dözümlülük göstərməyi tələb edir. Çünki multikulturalizm, həm də siyasət elminin obyektidir. Bu baxımdan, dövlət-hakimiyyət siyasətində vətəndaş cəmiyyətinin tərəfdaş kimi problemin çözülməsində yaxın iştirakını da məqbul edir. İctimai iştirakçılıqla siyasi proseslərin tənzimlənməsi də rəngarəng mədəniyyətlərin siyasiləşməməsi, yalnız mədəni konturlarla nizamlanmasına kömək etməlidir.

Mədəniyyətin etnik, milli və bəşəri tərəflərinin formalaşmasında mədəni xüsusiyyət və amillərin eyniliyi də mühüm rol oynayır. Prezident İlham Əliyevin dediyi kimi: "Multikulturalizm başqa xalqın nümayəndəsinə hörmət, başqa dinə hörmətdir. Öz dininə hörmət, başqa dinə hörmətdən başlayır". Tədqiqatçı  N.Vısotskaya hesab edir ki, multikulturalizm və ya mədəni müxtəliflik çoxsaylı mədəni qrupları, fərqli milli mənsubiyyətləri, dinləri özündə birləşdirən  cəmiyyətin göstəricisidir. Bu baxımdan, Azərbaycan reallığına nəzər yetirdikdə müsbət tendensiyalar xüsusilə diqqət çəkir.

Qeyd edək ki, vətəndaş cəmiyyətinin formalaşması ötən XX əsrdə elmi-texniki inqilabla yanaşı, həm də ondan sosial inqilab kimi xarakterizə olunur. Müstəqilliyin bərpasından sonra Azərbaycanda vətəndaş cəmiyyətinin təşəkkülü və formalaşması, dövlətçiliyin demokratik institutsional əsaslarını şərtləndirən struktur dəyişiklikləri, cəmiyyəti təşkil edən müxtəlif sosial tip və stereotiplərin bir-birini əvəzləməsi kimi, çətin bir proses başladı. Bu halda təbii ki, vətəndaş cəmiyyəti nümayəndələri xalq, geniş əhali üçün anlaşıqlı və düzgün məlumat "paketi" ilə xalq-dövlət arasında olan problemlərin çözülməsi üçün körpü, vasitəçi, bəlkə də qarşılıqlı əlaqələndirici kimi çıxış edir. Müstəqil Azərbaycan mədəniyyətinə nəzər yetirəndə, aydın olur ki, problemin siyasi-mədəni təhlili iki paraleldə aparılmalıdır.  Nəzərə çatdıraq ki, Azərbaycanda çoxçalarlı mədəniyyətlər və onun da müxtəlif tipləri mövcuddur. Müasir dünya mədəniyyətləri kimi, Azərbaycan mədəniyyəti də vətəndaş cəmiyyətinin təşəkkülü prosesində multikultural xarakter kəsb edir. Milli mədəniyyətlə paralel multikulturalizm də buraya daxil olaraq, keçmişə, mədəni, mənəvi irsə, tarixə yeni kontekstdən nəzər salınmasını şərtləndirir. Kütləvi baxışda özünəməxsusluq hələ də ənənəviliklə, müasirlik isə qərbləşmə ilə əlaqələndirilir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakıda "XXI əsr: ümidlər və çağırışlar" devizi ilə keçirilən Beynəlxalq Humanitar Forumda çıxışı zamanı dediyi kimi: "Nəinki Azərbaycanda, bir çox ölkələrdə və qonşu ölkələrdə multikulturalizmin böyük ənənələri var. Ona görə də, bu gün multikulturalizmi şübhə altında qoymaq, yaxud onun iflası haqqında danışmaq hesab edirəm ki, həm yersizdir, həm zərərlidir. Çünki multikulturalizmin alternativi yoxdur". Qloballaşma, modernləşmə və demokratik proseslər multikulturalizmin ümumi xarakter daşımasına səbəb olur. Təhlillərdən aydın olur ki, Avropada multikulturalizm nisbətən gec təşəkkül tapıb. ABŞ-da isə artıq multikulturalizmin əhəmiyyəti qəbul edilib.

Prezident İlham Əliyevin bu sahədə imzaladığı fərman və sərəncamlar dövlət- QHT münasibətlərinin inkişafı baxımından mühüm əhəmiyyət daşıyır.

Azərbaycanda fəaliyyət göstərən ilk milli donor institutu, dövlətin QHT sektoru sahəsində siyasətini həyata keçirən başlıca qurum olan Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri - Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası əvvəlki illərdə olduğu kimi, 2016-cı ildə də dövlət və cəmiyyət üçün mühüm əhəmiyyət kəsb edən ictimai problemlərin həllinə istiqamətlənən çoxsaylı vacib layihələri maliyyələşdirib. 

Şuranın elan etdiyi müsabiqədə bu mövzuda layihələrə xüsusi yer ayrılıb.

Layihələr Bakıda və müxtəlif regionlarda (Astara, Balakən, Zaqatala, Qax, Şəki, Göyçay, İsmayıllı, Şirvan, Cəlilabad, Tovuz və s.) icra olunub. 

İstehlakçıların maarifləndirilməsi və onların hüquqlarının qorunması ölkədə fəaliyyət göstərən bir çox QHT-nin maraq dairəsinə düşüb və təşkilatlar bu istiqamətdə bir çox layihələr icra ediblər. 2016-cı ildə Şura tərəfindən istehlakçıların maarifləndirilməsi və onların hüquqlarının qorunmasına dair təşəbbüslərə həsr olunan bir çox layihələrə qrant ayrılıb.

Regional təhlükəsizlik qlobal təhlükəsizlik sisteminin mühüm tərkib hissəsi olmaqla bərabər, onun davamlılığını şərtləndirən mühüm amillərdəndir. İstənilən dövlətin təhlükəsizliyi hazırda geniş siyasi, iqtisadi və mədəni inteqrasiyaya məruz qalan dünyada beynəlxalq təhlükəsizlik anlayışından kənar təsəvvür edilə bilməz. Məhz bu baxımdan, təhlükəsizliyin qorunması problemi bir çox beynəlxalq təşkilatların nizamnamə və sənədlərində əksini tapır.

Azərbaycan da, regionun lider dövləti olaraq regional təhlükəsizlik məsələlərinə xüsusi diqqət və həssaslıqla yanaşır, bu istiqamətdə vacib işlər görür. Azərbaycan bölgədə və bütün dünyada məhz sülh və stabilliyin tərəfdar olmaqla Qafqaz regionunda təhlükəsizliyin etibarlı təminatı üçün əlindən gələni edir və müvafiq siyasəti davam etdirəcəyini dəfələrlə bəyan edib.

Vətəndaş cəmiyyətində din amilinin oynadığı rol və onun birgəyaşayış prinsiplərinə təsiri çox böyükdür. Bu gün dünyada dövlət-din münasibətləri, birgəyaşayış mühitinin təmin edilməsi, habelə dini radikalizm və ekstremizmlə birgə mübarizə olduqca böyük əhəmiyyətə malikdir. Ötən əsrin sonlarından etibarən dünyanın bir sıra ölkələrində din anlayışının vətəndaş cəmiyyətinə daxil olma prosesi başlayıb ki, bu da özlüyündə qanunvericiliyin nəzəri əsasları üzərində sekulyarizm və din arasında əlaqələrlə bağlı müasir problemlərə gətirib çıxarıb. Yer üzündə mövcud olan üç əsas səmavi din - İslam, Xristianlıq və Yəhudilik dünya haqqında təsəvvür yaratmaqla yanaşı, ictimai idarəetmə prinsiplərini də tənzimləməklə, dinin bu proseslərdə həlledici rola malik olduğunu sübut edir.

Müasir dünyada birgəyaşayış prinsiplərinin tənzimlənməsində hansı neqativ halların müşahidə edilməsi və bu prosesin sağlam müstəvidə qurulmasına hansı amillərin mənfi təsir göstərməsinə gəlincə, dünyəvi dövlət quruculuğuna malik bir sıra cəmiyyətlər müxtəlif dinlərə qarşı daha sərt, digər qisim cəmiyyətlər isə daha yumşaq mövqedən yanaşır. Bu da özlüyündə müxtəlif mənəvi-sosial problemlərə, bir sıra regionlarda hətta silahlı münaqişələrə belə zəmin yaradır. Bu gün bəşəriyyət özünün təzadlı və məsuliyyətli dövrünü yaşayır. Bir tərəfdən, mədəniyyətlərarası dialoqun, xalqların və dövlətlərin əməkdaşlığının qurulması istiqamətində birgə fəaliyyət göstərilsə də, digər tərəfdən, dünyanın bir sıra nöqtələrində ksenofobiya, neonasizm, irqi və dini ayrı-seçkilik kimi təhdidlər getdikcə daha təhlükəli formada təzahür edir.

Bütun bunlar "sivilizasiyalararası dialoq", "beynəlxalq sülh və təhlükəsizlik naminə əməkdaşlıq" kimi vacib, ümumbəşəri əhəmiyyət daşıyan müsbət trendləri formal, deklarativ bəyanatlar səviyyəsinə endirərək, bəşəriyyəti yeni və daha təhlükəli qarşıdurmalara sürükləyir. Nəticədə "mədəniyyətlərarası dialoq" prosesi mahiyyətini dəyişərək geosiyasi və geoiqtisadi maraqların ödənilməsi vasitəsinə, dünyanın güc mərkəzlərinin, xüsusilə də bəzi Qərb ölkələrinin ikili standartlarının monoloquna çevrilir.

Azərbaycanda isə vətəndaş cəmiyyəti və hüquqi dövlət quruculuğunun özünəməxsusluğu ondadır ki, onlar vahid orqanizm kimi qlobal cəmiyyətin daxili qarşılıqlı tərəfləri kimi özünü göstərir. Vətəndaş cəmiyyəti üzvləri üçün birgəyaşayış qaydalarını özündə əks etdirən vətəndaş cəmiyyəti etikası formalaşır. Vətəndaş cəmiyyətində dövlətdən fərqli olaraq tabeçilik əlaqələri deyil, üfüqi əlaqələr, yəni hüquqca azad və bərabərhüquqlu insanların əməkdaşlıq və sağlam rəqabət münasibətləri üstünlük təşkil edir, ictimai həyatda, kompromis və konsensus, dövlət üzərində ictimai nəzarət hökm sürür. 

 “Paralel”in
Araşdırma Qrupu
Yazı Azərbaycan
Respublikasının
Prezidenti yanında
KİV-ə Dövlət Dəstəyi
Fondunun maliyyə
dəstəyilə çap olunub

0.28610801696777