Azərbaycan dini müxtəliflik
baxımından çox zəngindir

Azərbaycan dini müxtəliflikbaxımından çox zəngindir
 

"İslam dini bizi heç vaxt işğalçılığa, qəsbkarlığa sövq etməyibr. Biz sülhsevər millətik"

 "Azərbaycanda multikulturalizm dövlət siyasətidir və xalqımızın həyat tərzidir". Bu sözləri özünün bir çox çıxışlarında qeyd edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin bu dəyərlərin qorunması və inkişaf etdirilməsi üçün gördüyü işlər də, istər ölkəmizdə yaşayan milli azlıqlar və etnoslar tərəfindən, istərsə də ölkəmizdə mövcud olan dini konfessiyalar tərəfindən təqdir olunur və dəstəklənir.

Çünki ölkəmizdə mövcud olan tolerant mühit, insanların birgəyaşayış nümunəsi, burada yaşayan insanların həyat tərzinə çevrilməsində dövlət idarəçiliyinin də xüsusi rolu var. Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan bu inkişaf konsepsiyasının prezident İlham Əliyev tərəfində uğurla həyata keçirilməsinin nəticəsidir ki, bu gün Azərbaycan dünyanın multikulturalizm və tolerantlıq mərkəzinə çevrilib. Bu il ölkəmizdə çoxsaylı tədbirlərlə 10 illiyi qeyd olunacaq "Bakı prosesi"nin də təşəbbüskarı, məhz, prezident İlham Əliyev olub.

Ölkəmizdə tarixən mövcud olan tolerantlığa bir çox təriflər verilib, bu barədə çoxsaylı müzakirələr aparılıb, bütün bunlar sonda onu deməyə əsas verir ki, tolerantlıq - dünyamızın geniş mənada müxtəlifliyinin, insanların özünüifadə formalarının və şəxsiyyətin formalaşma üsullarının hörmətlə qəbul edilməsidir. Bu, nəinki mənəvi borc, həmçinin siyasi və hüquqi tələbatdır. Dini dözümlülük güzəşt yox, ilk növbədə, insan hüquqlarının qəbul edilməsi əsasında formalaşan fəal münasibət kimi qəbul olunmalıdır. İftixar hissi ilə qeyd edilməlidir ki, bu gün mütərəqqi dünyanın başlıca demokratik dəyərlərindən biri kimi təbliğ etdiyi tolerantlıq xalqımızın əsrlər boyu formalaşan və bir çoxları üçün örnək olan xarakterik xüsusiyyətidir. Onu da xüsusi vurğulamalıyıq ki, ölkəmizdə dövlət-din münasibətlərinin tənzimlənməsi, dini sahədə sabitliyə nail olunması, konfessiyalar arasında dözümlülük mühitinin dövlət səviyyəsində qorunub saxlanılması, məhz Ulu Öndərimiz Heydər Əliyevin adı ilə bağlıdır.

Bu gün Azərbaycan dini müxtəliflik baxımından çox zəngindir. Amma xoşbəxtlikdən müxtəlif dinlərin və dini-fəlsəfi cərəyanların yayıldığı ölkəmizdə bütün tarixi dövrlərdə etnik və dini icmalar arasında möhkəm dözümlülük əlaqələri formalaşıb, milli, irqi və dini zəmində heç bir ayrı-seçkilik faktı qeydə alınmayıb. Müxtəlif tarixi dövrlərdə Azərbaycan ərazisində məskunlaşan dini-etnik qruplar yerli əhali ilə qaynayıb-qarışıb, qohumluq əlaqələri qurublar və sözün əsl mənasında birgəyaşayışın harmonik vəhdətini nümayiş etdirirlər. Fərqli dini konfessiyaların nümayəndələri hər zaman həmrəy olub, vahid Vətənimizin azadlığı və firavanlığı uğrunda çalışıblar. Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda vuruşub, bu yolda canından keçən müxtəlif dini konfessiyalara mənsub vətəndaşlarımızın da uyuduqları Şəhidlər Xiyabanı bu gün təkcə and yerimiz deyil, həm də qardaşlığımızın və vəhdətimizin simvoludur. Vətənimizdə bu cür mükəmməl tolerantlıq mühitinin yaranması dini dözümlülüyün Azərbaycan xalqının xarakterik xüsusiyyəti və milli-mənəvi sərvəti olmasına dəlalət edir. Ulu Öndər bu xarakterik keyfiyyətləri çox gözəl ifadə edib: "Hesab edirəm ki, Azərbaycan xalqı özlüyündə, təbiətinə, xarakterinə görə yüksək tolerantlıq hissinə malikdir. Azərbaycan əhalisinin çox hissəsinin etiqad etdiyi müsəlman dinində, onun kökündə də tolerantlıq var".

Ümummilli lider Heydər Əliyevin dindarlarla, din xadimləri ilə görüşlərində, bu sahə ilə bağlı tədbir və beynəlxalq konfranslarda həmişə diqqəti dinlərin, xüsusilə İslamın dözümlülük xüsusiyyətinə, insanların vəhdətinə və birgəyaşayışın mükəmməl harmoniyasına yönəldib. O deyirdi: "İslam dini bizi heç vaxt işğalçılığa, qəsbkarlığa sövq etməyibr. Biz sülhsevər millətik. Bizim dinimiz də insanlara dostluq, qardaşlıq, sülh, barışıq yolu göstərir. Biz həmişə bu yolla getmişik".

Mərhum prezidentimiz Azərbaycanda nümunəvi dini müxtəliflik modelinin formalaşmasında digər dinlərin və xalqların xidmətlərini də nəzərdən qaçırmır, bunu həmişə yüksək qiymətləndirib. O, 1999-cu il noyabrın 16-da ölkəmizdə fəaliyyət göstərən dini konfessiyaların başçıları ilə görüşündə bu məqamı xüsusilə qabardıb: "Əlbəttə, Azərbaycanda mövcud olan millətlərarası, dinlərarası, etnik vəziyyət yüksək qiymətə layiqdir. Bu, hamının - həm azərbaycanlıların, həm rusların, həm ukraynalıların, həm yəhudilərin, digər millətlərdən olan insanların, o cümlədən bizim dini konfessiyaların - Azərbaycanda başlıca dinimiz olan İslam dininin, xristian-pravoslav, yəhudi dinlərinin səyləri ilə əldə edilib".

Bu da sevindirici haldır ki, Azərbaycan dünyada məscid, kilsə və sinaqoqun bir arada olduğu, eləcə də müxtəlif dinlərin mənsublarının heç bir ayrı-seçkilik halı ilə qarşılaşmadıqları nadir ölkələrdən biri, bəlkə də, birincisidir.

Elə buna görə də, Azərbaycanda keçirilən çoxsaylı beynəlxalq tədbirlər multikulturalizm, tolerantlıq ənənələrinin inkişafından xəbər verir və bu sahəyə böyük diqqət ayrılır. Azərbaycana səfər edən bir çox beynəlxalq qurumların təmsilçiləri də, bunu dəfələrlər etiraf ediblər.

Avropa Şurasının (AŞ) Şimal-Cənub Təşkilatının rəhbəri Antonio Gamito Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayevlə görüşündə

də qeyd edib ki, bu tədbirlərdə iştirak edən alimlər, mütəxəssislər də bu fikirdədirlər və həyata keçirilən bu kimi layihələri yüksək qiymətləndirirlər.

Təşkilat Azərbaycanda keçirilən Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun partnyorudur. Görüş zamanı Forumun əhəmiyyətindən bəhs olunub, 2018-ci ildə Bakı Prosesinin 10 illiyi ilə bağlı təşkil olunacaq tədbirlər müzakirə edilib. Məlumatda qeyd olunur ki, görüşdə bu il ölkəmizdə keçiriləcək Humanitar Forum haqqında da söhbət açılıb, bu istiqamətdə yeni layihələrin işlənilməsi və bu kimi tədbirlərin Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu ilə bağlılığı barədə fikir mübadiləsi aparılıb. Nazir Ə.Qarayev A.Gamitonu ölkəmizdə keçiriləcək beynəlxalq tədbirlərdə iştirak etməyə dəvət edib və gələcəkdə də mərkəzlə əməkdaşlığın ölkəmiz üçün mühüm əhəmiyyətini qeyd edib.

Bunu da xüsusi qeyd etmək lazımdır ki, ölkəmizdə mövcud olan multikulturalizmi mühiti, xalqlar, millətlər, dini konfessiyalar arasındakı harmoniya, birgəyaşayış nümunəsi, təkcə beynəlxalq təşkilatların deyil, eləcə də dünya mediasının daim diqqət mərkəzindədir. Bu da ölkəmizin dünyada tanıdılmasında mühüm rol oynayır. Məsələn, "The Washington Times" qəzetində dərc edilən "Azərbaycan - dini tolerantlıq diyarı" başlıqlı məqalə bir çoxlarının diqqətini cəlb edib. Məqalədə Rus Pravoslav kilsəsinin Bakı və Xəzəryanı Yeparxiyasının mətbuat katibi Konstantin Atanın, Azərbaycan Dağ Yəhudiləri İcmasının sədri Milix Yevdayevin və Bəhai dini icmasından Ramazan Əsgərlinin fikirləri yer alıb.

Rus Pravoslav kilsəsinin Bakı və Xəzəryanı Yeparxiyasının mətbuat katibi Konstantin Ata deyib ki, Azərbaycanda müxtəlif xalqların, fərqli etnik qrupların nümayəndələri tarix boyu birgə sülh və əmin-amanlıq şəraitində yaşayıblar. Azərbaycan xalqı digər millətlərin nümayəndələrinə sevgi, mehribanlıq aşılayır. Azərbaycanda tarix boyu heç vaxt xristianlar, yəhudilər və müsəlmanlar arasında münaqişə olmayıb. "Bu gün əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan multikulturalizm və tolerantlıq siyasəti Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycanda fikir azadlığı, din azadlığı mövcuddur", - deyə Konstantin Ata əlavə edib.

Azərbaycan Dağ Yəhudiləri İcmasının sədri Milix Yevdayev deyib: "Mən hər zaman yəhudilərə deyirəm ki, əgər sizin yaşamağa yeriniz yoxdursa, o zaman Azərbaycana gəlin. Biz Azərbaycanda iki min ildir ki yaşayırıq və bundan sonra da yaşayacağıq. Biz Azərbaycanda müxtəlif dini və etnik qrupların nümayəndələri ilə sülh şəraitində yaşayırıq. Azərbaycan hökuməti bizim dilimizi və dinimizi qorumaq üçün hər cür şərait yaradıb. Biz Azərbaycan Konstitusiyasında qeyd edilmiş bütün hüquqlardan və üstünlüklərdən faydalanırıq. Prezident İlham Əliyev çıxışlarında Azərbaycanın hər bir vətəndaşının prezidenti olduğunu vurğulayır. Biz bu bəyanatın real həyatda şahidiyik".

Bəhai dini icmasından Ramazan Əsgərli isə qeyd edib ki, Şərq ilə Qərbin qovuşuğunda yerləşən Azərbaycan tarix boyu öz mədəniyyəti, toleranlığı, dözümlülüyü ilə seçilib və hər zaman bu dəyərləri inkişaf etdirib. "Azərbaycan xalqı digər mədəniyyətlərə və millətlərə münasibətdə tolerantlıq, mehribanlıq nümayiş etdirir. Azərbaycan hökuməti bu mədəniyyəti qorumaq üçün geniş şərait yaradıb və multikulturalizmi dövlət siyasəti kimi qəbul edib. Bəhai yazılarında azərbaycanlılar zəngin və qədim mədəniyyəti olan sülhsevər insanlar kimi təsvir edilirlər. Bəhai dini icmasından olanlar bu əlverişli şəraitdən yararlanır və cəmiyyətimizin inkişafına töhfələrini verirlər. Bizim inancımızı yerinə yetirməyə şərait yaratdığına görə Azərbaycan hökumətinə minnətdarıq", - deyə R.Əsgərli əlavə edib. Məqalədə həmçinin Azərbaycanda yaşayan bir çox xalqların nümayəndələrini də fikirlərinə yer ayrılıb. Məqalənin sonunda bütün münasibətləri ümumiləşdirən müəllif belə bir nəticəyə gəlib ki, Azərbaycan sözün bütün mənalarında dünyada ən tolerant, multikultural dəyərlərə ən yüksək səviyyədə dəyər verin dünyəvi bir dövlətdir.

 

“Paralel”in
Araşdırma Qrupu
Yazı Azərbaycan
Respublikasının
Prezidenti yanında
KİV-ə Dövlət Dəstəyi
Fondunun maliyyə
dəstəyilə çap olunub

0.65765905380249