Azərbaycançılıq müxtəlif mədəniyyətlərə qucaq
açan bir siyasətdir, ideologiyadır, həyat tərzidir

"Dövlət-din münasibətlərinin nadir modeli Azərbaycan Respublikasında öz əksini tapıb"

 Azərbaycanda dövlətin din siyasətinin həyata keçirilməsini təmin etmək məqsədilə ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə 2001-ci ilin iyununda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi yaradılıb.

Bu komitə ölkəmizdə mövcud olan dini strukturların fəaliyyətinin tənzimlənməsi və dövlətin din siyasəti sahəsində müxtəlif funksiyaları yerinə yetirir. Dövlət komitəsi öz fəaliyyətində hüquqi cəhətdən əsasən Azərbaycan Respublikasının Konstitusiyasına, "Dini etiqad azadlığı haqqında" Azərbaycan Respublikasının Qanununa və digər müvafiq qanun və normativ-hüquqi aktlara əsaslanır. Dövlətin din siyasətinə aid olan məsələlərdə dinlə bağlı qanunvericilik aktlarında dini icmaların və dini təşkilatların dövlət siyasətinə müdaxilə etməsinə hüquqi cəhətdən imkan verilmir. Bu vəziyyət bir daha onu göstərir ki, Azərbaycan Respublikasında həm nəzəri, həm də əməli cəhətdən din dövlətdən, dövlət dindən ayrıdır və bu siyasətin formalaşması ulu öndər Heydər Əliyevin fəaliyyətinin nəticəsidir. Azərbaycanda dövlət-din münasibətlərinin düzgün qurulmasında, respublikada dini əmin-amanlığın və sabitliyin yaranmasında Heydər Əliyevin mühüm rol oynadığını vurğulayan Moskva və Ümumrusiya sabiq Patriarxı II Aleksi Azərbaycanın bu sahədə nümunə göstərməsi ilə bağlı öz fikirlərini şərh edərək deyib: "Azərbaycan qədim dini ənənələrə və mədəniyyətə malik bir ölkədir. Bu gün Azərbaycan dini əmin-amanlığa və sabitliyə ilham verən örnəkdir. Bunun əsası Azərbaycan Prezidenti Heydər Əliyevin müdrik siyasəti sayəsində qoyulub. Dünyəvi hakimiyyət və ənənəvi dini icmaların konstruktiv fəaliyyəti və qarşılıqlı ünsiyyəti nəticəsində yaranan dövlət-din münasibətlərinin nadir modeli Azərbaycan Respublikasında öz əksini tapıb. Belə zənn edirəm ki, bu sahədə Azərbaycanda toplanan təcrübə diqqətlə öyrənilməli və təhlil olunmalıdır". Göründüyü kimi, dövlət-din siyasətinin formalaşmasında Azərbaycan modelini nümunə kimi göstərən II Aleksi bu siyasətin yaradılmasında Heydər Əliyevin rolunu önə çəkib və bu sahədə Azərbaycanda toplanan təcrübənin öyrənilməsini tövsiyə edib.

Heydər Əliyevin din siyasətinin xüsusiyyətlərindən bəhs edən fəlsəfə elmləri doktoru, professor Rafıq Əliyev isə yazır: "Ümummilli lider Heydər Əliyev göstərirdi ki, din xüsusi, incə sahədir və buna görə dövlətin bu sahədə siyasətini çox ehtiyatla, incə, diplomatik şəkildə, bütün tərəflərin maraqlarını gözləməklə, öz qanunlarımızı və qoşulduğumuz konvensiyaları pozmamaqla həyata keçirmək lazımdır". Ulu öndər qeyd edirdi ki, dünyəvi dövlət - ateist dövlət demək deyil.

Prezident İlham Əliyev də Azərbaycan Respublikası Konstitusiyasında və digər qanunvericiliklərdə irəli sürülən əsas müddəaları əldə rəhbər tutaraq, dinlərarası münasibətlərin inkişaf etdirilməsi, respulikamızda yaşayan bütün xalqların hüquqlarının qorunması, bütövlükdə dövlət-din siyasətinin uğurla davam etdirilməsi ilə bağlı məsələləri öz çıxışlarında daim qeyd edib. Bakı şəhərində "Dinlərarası dialoq: qarşılıqlı anlaşmadan birgə əməkdaşlığa doğru" mövzusunda keçirilən Beynəlxalq konfransda Prezident İlham Əliyev deyib: "Azərbaycanda din ilə dövlət ayrıdır. Azərbaycan dünyəvi dövlətdir. Ancaq bununla bərabər, din ilə dövlət birdir. Bu birlik bizi qarşımızda duran amallar ətrafında birləşdirir. Bu da Azərbaycanın dövlət müstəqilliyini möhkəmləndirmək, Azərbaycanda sabitliyi daim yüksək səviyyədə saxlamaq, Azərbaycan xalqının rifah halının yaxşılaşdırılması üçün əməli tədbirlər görmək, Azərbaycanda dinlərarası münasibətlərin müsbət istiqamətdə inkişaf etməsini təmin etmək, Azərbaycanda yaşayan bütün xalqların hüquqlarını qorumaq amallarıdır". Bu amallardan doğan multikulturalizmi və tolerantlığı inkişaf etdirmək, qorumaq qarşımızda duran əsas vəzifələrimizdən biridir.

Multikulturalizmin yaşam tərzi kimi beynəlxalq əhəmiyyəti də, müasir dünyamızda son dərəcə həyati vacib məsələdir. Bu gün, artıq daha çox ölkələr, xalqlar, müxtəlif beynəlxalq qurumlar, dini təsisatlar, insanlar da dərk edirlər ki, kütləvi qırğın silahlarının durmadan artdığı, dövri olaraq baş verən iqtisadi, maliyyə böhranı şəraitində mövcud olmaq, inkişaf etmək, sosial rifahı təmin etmək üçün yeganə yol əməkdaşlıqdır, mədəniyyətlərarası dialoqdur.

Onu da qeyd etmək vacibdir ki, İkinci Dünya Müharibəsindən sonra dünyanın siyasi səhnəsi və dövlət idarəçiliyi tam dəyişdi. Daha əvvəl mövcud olan ideologiya fərqləri aradan qalxdı. Artıq heç bir xalqı hər hansı bir siyası ideologiya (kommunist, faşist və s.) ilə identikləşdirmək mümkün deyildi. Hər bir xalqı digərindən yalnız onun mədəniyyətinə görə fərqləndirmək olardı. Miqrasiya prosesinin sürətlənməsi nəticəsində multi-etnik cəmiyyətlərin sayının xüsusi ilə Qərb dövlətlərində kəskin artması, bir dövlət çərçivəsində belə, onlarca fərqli mədəniyyətə sahib olan xalqların mövcudluğuna gətirib çıxartdı. Bu qədər fərqli mədəniyyətin bir dövlət daxilində mövcudluğu dövlət idarəçiliyi sahəsində də çətinliklər yaradırdı. 1971-ci ildə Kanada öz daxilindəki etno-mədəni müxtəlifliyi qorumaq və uğurla idarə etmək məqsədi ilə rəsmi şəkildə alternativ bir siyasi xətt elan etdi. Kanada rəsmən "Multikulturalizm" siyasətini dövlət siyasəti elan edərək, bununla bağlı hüquqi bazanı formalaşdırmağa başladı. Daha sonralar isə digər Qərb dövlətləri də, bu uğurlu siyasət modelini öz ölkələrində tətbiq etməyə başladılar.

Məlumdur ki, multikulturalizm sözün hərfi mənasında "çoxmədəniyyətlilik" anlamına gəlir. Multikulturalizm siyasəti dedikdə isə bir dövlətin sərhədləri çərçivəsində müxtəlif mədəniyyətlərin qorunması, inkişafı və təbliğinə yönəlik humanist və demokratik dövlət siyasəti nəzərdə tutulur. Lakin multikulturalizm fəlsəfəsinin əsaslandığı 7 mühüm prinsip olmadan, sadəcə etnik müxtəlifliyi multikulturalizm adlandırmaq mümkün deyil. Bu prinsiplər isə aşağıdakılardır:

- Etno-mədəni müxtəlifliyin mövcudluğu prinsipi: Bu prinsip bir dövlətin daxilində müxtəlif mədəniyyətin daşıyıcıları olan milli azlıqların və eyni zamanda müxtəlif dini konfessiyaların mövcudluğu mənasını verir. Multikulturalizm siyasətini həyata keçirən dövlətlər bu cür müxtəlifliyi özünə qarşı təhlükə kimi görmür. Əksinə, cəmiyyətin zənginliyi kimi qəbul edərək həmin xalqların öz mədəniyyətlərini qorumaları üçün dəstək göstərir.

- Mədəni indentiklik hüququ: Bu prinsip hər bir kəsin və ya qrupun öz mədəni identikliyini və ya xarakterini qoruyub saxlamaq hüququ olduğunu qeyd edir. Ancaq unutmaq lazım deyil ki, bu, vəzifə yox, sadəcə hüquqdur. Heç bir kəs məcburi şəkildə bir qrupa daxil edilə bilməz və ya hər hansısa bir mədəni qrupa üzvlüyünə görə alçaldıla bilməz.

- Mədəni bərabərlik və qarşılıqlı dözümlülük prinsipi: Bu prinsipin mahiyyəti ondan ibarətdir ki, bütün etno-mədəni qruplar bərabərdir və yalnız qarşılıqlı hörmət və dözümlülük şəraitində mövcud ola bilərlər. Etnik mənşə identikliyi vətəndaşlıq identikliyindən sonra gəlməlidir. Beləliklə, ierarxik ikili identiklik mövcud olur. Buna ən gözəl nümunə Azərbaycan və ya Kanadanı misal göstərmək olar. Bütün milli azlıqlar ilk öncə azərbaycanlıdır, daha sonra ləzgi, avar, tatdır və s.

- Etno-mədəni qruplar arası əlaqə prinsipi: Hər bir etno-mədəni və dini qrup və ya onun hər bir nümayəndəsi digər qruplarla və ya nümayəndələri ilə təhlükəsiz və sərbəst ünsiyyət qura bilməlidir. Eyni cəmiyyətdə mövcud olan hər bir kəs digər qruplara qarşı açıq fikirli olmalıdır.

- Bərabər imkanlara sahib olmaq hüququ: Azərbaycan multikulturalizminin ən mühüm özəlliklərindən biri də onun sosial-liberal ikili təbiətə malik olmaqla ikili fundamental hüququ özündə birləşdirməsidir. Liberal hüquq olan mədəni müxtəliflik hüququnun sosial hüquq olan bərabər imkanlara sahib olma hüququna əsaslanması Azərbaycan cəmiyyətindəki müxtəlifliyi qorumağa və icmalararası sosial ədalətsizliyi aradan qaldırmağa yönəlmişdir.

- Siyasi idarə prinsipinin mövcudluğu: Multikulturalizm və ya multikultural cəmiyyət özü təkbaşına inkişaf edə bilməz. Bunun üçün siyasi idarəetmə və dövlət dəstəyinin mövcudluğu mütləqdir.

- Müxtəliflikdə mövcud olan təklik prinsipi: Hər bir milli azlıq və ya etnik qrup öz mədəniyyətinin yalnız ümumi mədəniyyətə ziyan vurmayan hissəsini qoruya bilər. Bəzən bu prinsipə, mədəniyyətin selektiv qorunması deyilir.

Multikulturalizm siyasətini dövlət siyasəti elan edən hər bir dövlət yuxarıdakı prinsiplərin hər birinə qarant durmalıdır. Bu prinsiplərin mövcudluğu multikulturalizmin siyasi əsaslarının olduğunu göstərir.

Çoxmillətli Azərbaycan bütün zamanlarda tolerantlıq, multikulturalizm dəyərlərinə önəm verilən ölkə olub. Müxtəlif konfessiyaların, mədəniyyətlərin qovuşduğu Azərbaycan azərbaycançılıq ruhunun hökm sürdüyü məkandır. Azərbaycançılıq müxtəlif mədəniyyətlərə qucaq açan bir siyasətdir, ideologiyadır, həyat tərzidir. Etnik cəhətdən mədəni müxtəlifliyə sahib olan respublikamız bütün xalqlara doğma ana qucağıdır.

Bilirik ki, Azərbaycan ərazisi qədim türklərin vətənidir. Burada eyni zamanda  başqa xalqlar da yaşayıb. Onlar ayrı-ayrı dövrlərdən müxtəlif səbəblər üzündən Azərbaycana gəlib, yaxud köçürülüb, sonradan geri qayıtmaq istəməyiblər. 

Beləliklə də, Azərbaycanın çoxmillətli ailəsinin üzvlərinə çevıriliblər və ölkəmizin multikulturalinzim çələnginin bir parçası olublar.

  “Paralel”in
Araşdırma Qrupu
Yazı Azərbaycan
Respublikasının
Prezidenti yanında
KİV-ə Dövlət Dəstəyi
Fondunun maliyyə
dəstəyilə çap olunub

1.6647939682007