Azərbaycan tolerantlıq və multikulturalizm
ideyalarının dövlət səviyyəsində  dəstəkləndiyi ölkədir

Azərbaycan tolerantlıq və multikulturalizmideyalarının dövlət səviyyəsində  dəstəkləndiyi ölkədir
 

Müasir dünyamız millətçilik, ekstremizm və ksenofobiyanın ən müxtəlif təzahürlərindən əziyyət çəkir

 Azərbaycanda mövcud olan tolerantlıq və multikulturalizm dünyanın bir çox ölkələrində maraqla qarşılanır və birgəyaşayışın ən mükəmməl bir nümunəsi kimi təqdir olunur. Bunun nəticəsidir ki, Bakıda hər il keçirilən Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna toplaşan iştirakçıların da sayı ildən-ilə artır. Onların arasında nüfuzlu ekspertlər, habelə bütün dünyanı təmsil edən ictimai təşkilatların və dövlət qurumlarının nümayəndələri çoxluq təşkil edirlər.

Bu tədbirin iştirakçısı olan Rusiya Dövlət Dumasının deputatı, Rusiya-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri Dmitri Savelyev qeyd edib ki, Azərbaycan paytaxtında təşkil edilən Forum ildən-ilə genişlənir, hər dəfə tədbir iştirakçılarının sayının artdığını müşahidə edirik, bu da onun əhəmiyyətinin və nüfuzunun artmasının göstəricisidir. Forumun fərqləndirici cəhəti ondan ibarətdir ki, onun tərəfdaşları arasında UNESCO, BMT-nin Sivilizasiyalararası Alyansı, Dünya Turizm Təşkilati, Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı, Avropa Şurası və İSESCO kimi nüfuzlu beynəlxalq qurumlar var: "Bütün bunlar xalqların, ölkələrin bir-birinə hörmət ruhunda ünsiyyətinin yüksək aktuallığına və bu cür ünsiyyətə ehtiyac olmasına dəlalət edir. Müasir dünyamız millətçilik, ekstremizm və ksenofobiyanın ən müxtəlif təzahürlərindən əziyyət çəkir. Bunun yeganə çarəsi xalqların bir-birinin mədəniyyətini öyrənməsi ilə müşayiət olunan fasiləsiz dialoqdur, çünki hər bir millətin ən yaxşı cəhətlərinin universal daşıyıcısı məhz mədəniyyətdir".

Bu da məlumdur ki, bu Forumlar Azərbaycan Prezidenti İlham Əliyevin 2008-ci ildə irəli sürdüyü "Bakı prosesi" təşəbbüsü çərçivəsində təşkil olunur. Çünki Azərbaycan multikulturalizm modeli bütün ölkələr üçün etalon hesab edilə biləcək bir həyat tərzi formasıdır. Ona görə ki, bu model dünyaya təhlükəsizlik təklif edir. Mahiyyət etibarilə də bütün Azərbaycan daimi qarşılıqlı fəaliyyət, fasiləsiz mədəniyyətlərarası dialoq məkanıdır. Dövlətimizin başçısı, prezident İlham Əliyev də dünyaya məhz elə bir nümunəvi ölkənin olduğunu göstərməyə çalışır ki, orada qarşılıqlı dialoqda heç vaxt fasilə yaranmır. Buna görə də Azərbaycan hamının hamı ilə mübarizəsinin nə demək olduğunu bilmir, lakin çox təəssüflər olsun ki, siyasətin əsasını millətçilik və ya düşüncəsiz psevdo siyasi korrektlik təşkil edən ölkələrdə bunun tam əksini müşahidə edirik.

Bu gün dünyada Bakı Mədəniyyətlərarası Dialoq Forumu qədər qlobal məsələləri əhatə edən ikinci bir platforma yoxdur. Buna görə də, dünya siyasi və intellektual təfəkkür elitasının nümayəndələri qarşılıqlı anlaşma körpüləri qurmaq üçün, bu platforma çərçivasində, məhz Bakıda toplaşırlar. Bu təkcə ona görə deyil ki, Azərbaycan müxtəlif millətlərə və müxtəlif konfessiyalara mənsub insanların birgə ahəngdar yaşamasına canlı nümunədir, həm də ona görə ki, bu dövlət özünü ən yüksək səviyyəli tədbirlərin təşkilatçısı kimi, artıq çoxdan dünyaya tanıda bilib.

O da məlum həqiqətdir ki, ölkəmizdə mövcud olan multikulturalizm və tolerintlıq mühitinin təbliği və təşviqi təkcə Bakı Forumu ilə məhdudlaşmır. Ölkəmizdə fəaliyyət göstərən bir çox dövlət qurumları, dini konfessiyalar, ictimai birliklər və qeyri- hökumət təşkilitları (QHT) da, ölkəmizdəki mültikulturalizmi və birgəyaşayış modelinin təbliğində fəal iştirak edirlər. Belə qurumlardan biri olan Azərbaycan Respublikası Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının təşkilatçılığı, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) ixtisaslaşdırılmış institutlarının dəstəyi ilə Bakıda "Azərbaycan multikulturalizm modeli: etnomədəni müxtəliflik" mövzusunda beynəlxalq konfrans keçirilib.

Bu tədbirin keçirilməsində məqsəd Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən düşünülmüş və uğurlu siyasətin mühüm tərkib hissələri olan tolerantlığın və etnomədəni müxtəlifliyin qorunub saxlanılması, mədəniyyətlərarası dialoqun rolunun artırılması, multikulturalizmin nümunəvi Azərbaycan modelinin təbliği və təşviqi olub.

Konfransda çıxış edən ekspertlər, müxtəlif qurumların nümayəndələri və xarici qonaqlar multikulturalizim və tolerintlıq, birgəyaşayış və etnomədəniyyət, eləcədə digər aktual məsələləri əhatə edən geniş məruzələrlə çıxış ediblər. Ermənistandan olan nümayəndələrin də çıxışları diqqət çəkib.

Natiqlər öz məruzələrində Azərbaycan dövlətinin müvəffəqiyyətlə gerçəkləşdirdiyi və beynəlxalq aləmdə rəğbətlə qarşılanan mədəniyyətlərarası dialoq, tolerantlıq və multikulturalizm siyasətinin ümumbəşəri dəyərlərin qorunmasından və beynəlmilləl münasibətlərin genişləndirilməsindəki yeri və rolundan bəhs ediblər.

Məruzəsilər həmçinin monoetnik və təcavüzkar Ermənistanda hökm sürən ksenofobiyanın, faşizmin və ifrat şovinizmin dövlət siyasəti səviyyəsinə qaldırılması, həmçinin sürətli inkişafın, xalqlararası dostluğun və əməkdaşlığın rəmzinə çevrilən bölgə ölkələrinə separatçılıq və milli ayrı-seçkilik kimi təhlükələri "ixrac" etməsi cəhdləri və bunun ümumi sabitlik, əmin-amanlıq üçün doğurduğu qorxulu fəsadlar barədə məlumatları dünya ictimaiyyətinin diqqətinə çatdırmağa çalışıblar.

Məruzələrdə Ermənistanın təcavüzkar, qeyri-konstruktiv və dağıdıcı fəaliyyətinin ifşa olunması ilə bağlı konkret və əsaslı faktlar əyani şəkildə göstərilib. Bu məsələlər ətrafında geniş müzakirələr aparılıb.

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin İsraildəki nümayəndəliyinin rəhbəri, beynəlxalq münasibətlər sahəsində tanınmış ekspert Arye Qut "Azərbaycan multikulturalizmi Ermənistan monoetnikliyinə cavabdır", adlı mərüzə ilə çıxış edib və bu çıxış tədbir iştirakçılarını böyük marağına səbəb olub.

A.Qutun fikrincə, İsrail Azərbaycana həmişə böyük diqqət və səmimiliklə yanaşır. Bu ölkədə heç vaxt antisemitizm olmayıb və yoxdur, həmçinin rəsmi Bakı digər ölkələrdə antisemitizmin bütün təzahürlərini dəfələrlə pisləyib və pisləyir. Təsadüfi deyil ki, bu ölkəyə rəsmi səfərinin başlanğıcında İsrail Hökumətinin rəhbəri yəhudi icmasına xüsusi və səmimi diqqət göstərilən Azərbaycanda multikulturalizm və tolerantlıq amilini yüksək qiymətləndirib. Öz növbəsində, Azərbaycan Prezidenti İlham Əliyev qeyd edib ki, yəhudilər Azərbaycanın ictimai-siyasi həyatında, eləcə də Azərbaycanın dünyada təbliğində mühüm və əvəzsiz rol oynayırlar.

Arye Qut daha sonra vurğulayıb: "Tamamilə aydındır ki, İsrail və Azərbaycan arasında belə səmimi və mehriban münasibətlər qonşu Ermənistanda qıcıq doğurmaya bilməz. 2016-cı ilin aprel hadisələrindən sonra biz həqiqətən Ermənistanda anti-İsrail isteriyası müşahidə edirik, hətta İsraildə erməni icması Azərbaycan-İsrail tərəfdaşlığı əleyhinə etiraz mitinqləri keçirib". Məruzəçi qeyd edib ki, Ermənistanın "Armenian Report" saytı açıq-aşkar antisemit və anti-İsrail təbliğatı aparır və hətta İsrail dövlətini məhv etməyə çağırışlar edir. Görün onlar nə yazırlar: "Bizə İranla, İsrailə qarşı qətiyyətlə köklənmiş ərəb hərbiləşdirilmiş qrupları və təşkilatları ilə daha sıx əməkdaşlıq etmək lazımdır. Bunun üçün Ermənistan hökuməti Yaxın Şərqdə yaşayan, "Hizbullah", "İslami cihad", HƏMAS, xüsusilə "İzəddin Qəssam briqadaları" ilə yaxın əlaqələri olan erməniləri fəal şəkildə cəlb etməlidir. Yaxın Şərqdəki diaspor təşkilatlarımızın İsraili məhv etmək vədi verən bu təşkilatların maliyyələşdirilməsinə başlaması vacibdir".

A.Qutun bu açıqlamaları onu deməyə əsas verir ki, tolerantlıq və multikulturalizm məkanı hesab olunun Azərbaycana qarşı ermənilərin törətdikləri vəhşiliklər də, bu siyasətin nəticəsidir. Erməniləri buna ruhlandıran isə bir çox Qərb dövlətlərinin ermənilərin Azərbaycana təcavüzünə ikili stardartlarla yanaşmasıdır. Nə qədər ki, onlar bu mövqelərindən çəkinməyiblər, Ermənistanı təcavüzkar bir dövlət kimi tanımayıblar, ermənilərin ağılları başlarına gəlməyəcək.

Bu gün hamı yaxşı bilir ki, Ermənistan şovinizm, millətçilik, faşistlərin və antisemitlərin təriflənməsi Sarkisyan rejiminin dövlət siyasətinin tərkib hissəsinə çevrildiyi ən monoetnik ölkədir. Bu qaniçən faşistlərə və antisemitlərə pərəstiş hansısa marginal siyasi qruplar tərifindən həyata keçirilmir. Bunun arxasında dövlət, daha doğrusu, müasir Ermənistan Respublikasının cinayətkar terrorçu rəhbərliyi durur. Faşist və antisemit general Qaregin Njdeyə abidənin açılış mərasimində Ermənistan prezidenti Serj Sarkisyanın və müdafiə naziri Seyran Ohanyanın iştirakı bunu bir daha sübüt edir.

Ermənistandan fərqli olaraq, multikulturalizm və tolerantlığın Azərbaycan cəmiyyətinin həyat tərzinə çevrildiyini deyən A.Qut qeyd edib: "Avrasiya ərazisində heç bir ölkənin İsrail ilə Azərbaycan Respublikası kimi sıx və səmimi münasibətləri yoxdur. Şübhəsiz, İsrail və Azərbaycanın münasibətləri strateji tərəfdaşlıq xarakteri daşıyır".

Biz də bilirik ki, İsrail Azərbaycana həmişə böyük diqqət və səmimiliklə yanaşır. İsrail Azərbaycanın ərazi bütövlüyünə hörmətlə yanaşdığını və dəstəklədiyini dəfələrlə bəyan edib.

Ekspertin fikrincə, Azərbaycan tolerantlıq və multikulturalizm ideyalarının dövlət səviyyəsində real işlərlə hərtərəfli dəstəkləndiyi nadir ölkədir. Məruzələrdən sonra mövzu ətrafında aparılan müzakirələrdə Qafqazşünaslıq İnstitutunun direktoru, Milli Məclisin deputatı Musa Qasımlı və başqaları çıxış edərək Azərbaycan dövlətinin multikultural siyasətinin təbliği baxımından bu tədbirin əhəmiyyəti xüsusi vurğulayıblar. Və sonda qeyd edilib ki, konfransda səslənən məruzələr vahid bir nəşrdə toplanılaraq müxtəlif dillərə tərcümə edilərək yayımlanacaq.

 “Paralel”in
Araşdırma Qrupu
Yazı Azərbaycan
Respublikasının
Prezidenti yanında
KİV-ə Dövlət Dəstəyi
Fondunun maliyyə
dəstəyilə çap olunub

0.67198204994202