Dünyaya tolerantlıq nümunəsi olan
Azərbaycan soyqırımına məruz qalıb

Ermənilər Azərbaycanın yüzlərlə yaşayış məntəqəsi, o
cümlədən Qarabağda 150-dən çox kənd dağıdılıb və yandırılıb

 Dünyada o qədər haqsızlıqlarla rastlaşırsan ki, istər-istəməz beyinlərdə belə bir fikir formalaşmağa başlayır ki, bu dünya haqsızlıqlar üzərində qurulub. Amma dünya düzənində şeytana uyan insan amilini səfnəzər etdikdə aydın olur ki, Tanrımız bu dünyanı haqq-ədalət üzərində qurub.

Ədalətsizliyi bu dünyaya yalnız insanlar gətirib. İnsanların bəşəriyyətə bəxş etdiyi ədalətsizliklərdən biri də, Azərbaycan xalqının taleyinə düşüb. Belə ki, dünyanın ən tolerant xalqlarından biri olan azərbaycanlılar, ermənilər kimi bədniyyət qonşulara sahib olmaqla diskriminasiyaya, etnik təmizləməyə, təcavüzə və işğala məruz qalıblar. Bu işğal və təcavüz artıq bir əsirdən çoxdur ki, müxtəlif formalarda davam edir. Ən böyük ədalətsizlik odur ki, bütün dünyaya tolerantlıq və multikulturalizm örnəyi olan Azərbaycan xalqı bəşəriyyətin ən ağır faciələrindən birini yaşadı, bütün dünya isə bu faciə ilə bağlı yalnız müşahidə etmək, danışıqlar aparmaq və vaxtı uzatmaqla kifayətləndi.

Bunun əsas səbəblərindən biri də, bizim sivil dünya, azad, demokratik cəmiyyət kimi qəbul etdiyimiz Qərbin multikulturalizmin iflasa uğradığını iddia etməsi və müsəlman-islam dövlətlərinə qarşı ikili standartların tətbiqidir. Xristian dünyasının Erməni təcavüzünə, bir milyondan çox azərbaycanlının öz doğma yurd-yuvalarından qaçqın və köçkün düşməsinə, Xocalı soyqırımı kimi dəhşətli bir faciəyə ikili standartlarla yanaşması da, multikutluralizm çatışmazlığından və xristian təəssübkeşliyindən irəli gəlir.

Məlumdur ki, XX əsrin əvvəllərindən başlayaraq erməni millətçiləri "Daşnaksütyun" partiyasının proqramında qarşıya qoyduqları "Böyük Ermənistan" dövlətini yaratmaq ideyasını reallaşdırmaq istiqamətində fəaliyyətlərini genişləndirərək öz tarixi torpaqlarında yaşayan azərbaycanlıları planlı şəkildə doğma yurdlarından qovmaqla etnik təmizləmə və soyqırımı siyasətini həyata keçirməyə dəfələrlə cəhdlər ediblər. Bu məqsədlə 1905-1907-ci illərdə Bakıda, Gəncədə, Qarabağda, İrəvanda, Naxçıvanda, Ordubadda, Şərur-Dərələyəzdə, Tiflisdə, Zəngəzurda, Qazaxda və başqa yerlərdə dinc azərbaycanlılara qarşı qırğınlar törədiblər, əhali amansızlıqla qətlə yetirilib, şəhər və kəndlər yandırılıb, dağıdılıb. Bu zaman ermənilər 200 mindən artıq azərbaycanlını (uşaq, qadın, qoca) fərq qoymadan qətlə yetirməklə, həmin ərazilərdə çar Rusiyasının onlara vəd etdiyi "Ermənistan dövləti"ni qurmaq üçün etnik təmizləmə aparıblar. Daha on il sonra 1917-ci ildə Rusiyada baş verən oktyabr inqlabından ruhlanan "Daşnaksütyun" partiyası və Erməni Milli Konqresi daha geniş fəaliyyətə başlayıb. 

Erməni silahlı qüvvələri 1917-ci ilin əvvələrindən 1918-ci ilin mart ayına qədər olan dövrdə İrəvan quberniyasında 197 kənd, Zəngəzur qəzasında 109, Qarabağda 157 kənd dağıdıldı, digər bölgələrdə 60 yaşayış məskənini məhv edib, yandırıb, viran qoyub.

Ermənilərin basqını nəticəsində 1918-ci ilin ilk beş ayı ərzində Quba qəzasında 16 mindən çox insan xüsusi qəddarlıqla qətlə yetirilib, 162 kənd dağıdılıb ki, onlardan 35-i hal-hazırda ümumiyyətlə mövcud deyil.

Bundan əlavə, Azərbaycanın yüzlərlə yaşayış məntəqəsi, o cümlədən Qarabağda 150-dən çox kənd dağıdılıb və yandırılıb, eləcə də Şuşada azərbaycanlılara qarşı amansız qırğınlar törədilib.

Ümumilikdə erməni daşnakları tərəfindən 1918-ci ilin mart-aprel aylarında 700 mindən çox azərbaycanlı, o cümlədən Bakıda və ətraf kəndlərdə 30 minə yaxın azərbaycanlı xüsusi qəddarlıqla qətlə yetirilib. Eyni zamanda Zəngəzur qəzasında 10 min, Şamaxı qəzasında (şəhərlə birlikdə) 16 min, İrəvan quberniyasında 132 min azərbaycanlı amansızlıqla öldürülüb.

Sovet rejiminin süqutu ilə daşnaklar yenidən baş qaldırdılar və azərbaycanlılara qarşı hücuma keçərək, onların torpaqlarına yeni iddialar

irəli sürdülər. Bu iddialarını gerçəkləşdirmək məqsədi ilə 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri Xankəndidə yerləşən sovet ordusundan qalan 366-cı motoatıcı alayın 180 nəfər hərbi mütəxəssisi və ağır texnikasının iştirakı ilə Xocalı şəhərinə hücum edərək şəhəri yerlə-yeksan etdilər. Çoxsaylı ağır texnika ilə şəhər tamamilə dağıdıldı, yandırıldı və insanlar xüsusi qəddarlıqla qətlə yetirildi. Bu soyqırımı nəticəsində rəsmi rəqəmlərə görə, 613 nəfər öldürülüb ki, onlardan 63 nəfəri uşaq, 106 nəfəri qadın, 70 nəfəri isə qoclardır. 8 ailə tamamilə məhv edilib. 487 nəfər şikəst olub ki, onlardan da 76-sı uşaqdır. Bundan əlavə, 1275 nəfər əsir götürülüb, 150 nəfərin taleyi bu günə kimi də məlum deyil.

Hazırda Azərbaycan ərazisinin 20 faizdən çox hissəsi Ermənistan silahlı qüvvələrinin işğalı altındadır. Dövlət səviyyəsində terrorizmi və soyqırımı siyasəti yeridən Ermənistan və işğal olunmuş ərazilərdəki separatçı rejim tərəfindən ölkəmizdə ümumilikdə, müxtəlif səpkili (sərnişin avtobuslarında, sərnişin və yük qatarlarında, Bakı Metropolitenində, hava nəqliyyatında, sərnişin daşıyan dəniz bərəsində, yaşayış məntəqələrində, mülki və dövlət obyektlərində) 373 terror aktı törədib ki, nəticədə 1200 nəfər həlak olub, 1705 nəfər yaralanıb.

Bütün dövrlərdə olduğu kimi, ermənilərin həyata keçirdiyi bu işğalçılıq siyasəti kütləvi qırğınlarla müşayiət olunub. Belə ki, 1988-1993-cü illərdə Ermənistanın hərbi təcavüzü nəticəsində 20 000 nəfərdən çox azərbaycanlı həlak olub, 100 000 nəfərdən çoxu yaralanıb, 50 000 nəfər isə müxtəlif dərəcəli xəsarət alaraq əlil olub. Münaqişə dövründə 4853 nəfər itkin düşüb, onlardan 1357 nəfəri əsirlikdən azad edilib, 783 nəfəri isə hələ də Ermənistanda əsirlikdədir. Beynəlxalq Qırmızı Xaç Komitəsinin məlumatına görə, 439 nəfər əsirlikdə öldürülüb.

Sivil dünyanın gözü qarşısında baş verən bu dəhşətli soyqırımının əsl mahiyyəti yalnız ümummilli lider Heydər Əliyev 1993-cü ildə siyasi hakimiyyətə yenidən qayıtdıqdan sonra açıqlandı, 1994-cü ilin fevralında Azərbaycan Respublikasının Milli Məclisi Xocalı soyqırımına siyasi-hüquqi qiymət verdi. Bundan əlavə, ermənilərin azərbaycanlılara qarşı zaman-zaman törətdikləri soyqırımı ilə əlaqədar ümummilli lider Heydər Əliyevin 1998-ci il martın 26-da imzaladığı Fərmanla 31 mart Azərbaycanlıların Soyqırımı Günü elan edildi.

Ümummilli Liderin "1948-1953-cü illərdə azərbaycanlıların Ermənistan SSR ərazisindəki tarixi-etnik torpaqlarından kütləvi surətdə deportasiyası haqqında" 1997-ci il 18 dekabr tarixli Fərmanı Ermənistan SSR ərazisindən azərbaycanlıların deportasiyasının hərtərəfli tədqiq edilməsi, bu cinayətə hüquqi-siyasi qiymət verilməsi və onun beynəlxalq ictimaiyyətə çatdırılması baxımından mühüm əhəmiyyət kəsb edir. Bu fərmanlar təkcə tariximizin qanlı səhifələrinin öyrənilməsi baxımından deyil, eləcə də erməni şovinizmi və terrorizminin ifşa olunması baxımından böyük əhəmiyyət daşıyır.

Əslində, beynəlxalq hüquqa görə, soyqırımı sülh və insanlıq əleyhinə yönələn əməldir və ən ağır cinayət hesab edilir. Bu barədə BMT Baş Məclisinin 1948-ci il 9 dekabr tarixli 260 (III) saylı qətnaməsi qəbul edilib və 1951-ci ildən qüvvəyə minən "Soyqırımı cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında" Konvensiyada soyqırımı cinayətinin hüquqi əsası təsbit olunub. Ermənistanın Azərbaycana qarşı təcavüzü zamanı həmin konvensiyada təsbit edilən soyqırımı cinayətini təşkil edən bütün əməllər azərbaycanlılara qarşı tətbiq olunub.

Ermənistanın bu cinayətkar siyasətinin davamlılığını sübut edən faktlardan biri də budur ki, təkcə XX əsrdə azərbaycanlılar 4 dəfə - 1905-1906-cı, 1918-1920-ci, 1948-1953-cü və nəhayət, 1988-1993-cü illərdə erməni millətçiləri tərəfindən törədilən soyqırımı və etnik təmizlənmələrə məruz qalıblar. Bu işğalçı dövlətin yürütdüyü təcavüzkarlıq siyasəti 25 ildən artıqdır ki, dünya ictimaiyyətinin gözü qarşısında baş verir. Ona görə də Azərbaycan Respublikası bu konvensiyanı rəhbər tutaraq Ermənistan Respublikasına qarşı BMT-nin beynəlxalq məhkəməsində iddia qaldırmaq üçün bütün hüquqi əsaslara malikdir.

Münaqişənin nizama salınması üçün aparılan danışıqlarda da təcavüzkar Ermənistan qeyri-konstruktiv mövqedən çıxış edərək işğalçılıq siyasətindən əl çəkmir. Digər tərəfdən isə, BMT və ATƏT kimi beynəlxalq təşkilatların öz təklif və qətnamələrini həyata keçirmək üçün konkret fəaliyyət göstərməməsi danışıqlar prosesində irəliləyişin əldə olunmasına mane olur. Bununla yanaşı, keçən dövr ərzində ATƏT çərçivəsində yaradılan Minsk qrupu və bu qrupa həmsədrlik edən dövlətlər "ikili standartlar" prinsipindən çıxış edərək, münaqişənin ədalətli həll olunmasında məsuliyyət daşımır və təcavüzkara qarşı heç bir təzyiq göstərmək niyyətində olmayıb. Bundan əlavə, təcavüzkar Ermənistana qarşı heç bir əməli tədbirin görülməməsi ATƏT-in nüfuzuna xələl gətirməklə bərabər, onun tərkibində yaradılan Minsk qrupuna olan ümidləri də heçə endirib. Bütün bunlara baxmayaraq, Azərbaycan dövləti beynəlxalq təşkilatların, xüsusilə də münaqişəni dinc vasitələrlə nizama salmaq üçün fəaliyyət göstərən ATƏT-in sülhyaratma təkliflərinə hörmətlə yanaşaraq onun işində müntəzəm və əməli şəkildə iştirak edir. Bu da münaqişənin nizama salınması istiqamətində aparılan danışıqlarda Azərbaycanın ilk növbədə sülh variantına üstünlük verdiyinə sübutdur.

 “Paralel”in
Araşdırma Qrupu
Yazı Azərbaycan
Respublikasının
Prezidenti yanında
KİV-ə Dövlət Dəstəyi
Fondunun maliyyə
dəstəyilə çap olunub

0.17353200912476