Azərbaycanda milli və dini azlıqlara
bərabərhüquqlu vətəndaş kimi yanaşılır

Azərbaycanda milli və dini azlıqlarabərabərhüquqlu vətəndaş kimi yanaşılır
 

Hökumət "Regional dillərin və ya azsaylı xalqların dillərinin
Avropa Xartiyası"nın prinsiplərini daim diqqət mərkəzində saxlayır

 İstənilən bir dövlətdə tolerantlığın, mültikulturalizmin qorunmasının və inkişaf etdirilməsinin əsas göstəricisi, bu dövlətdə azsaylı xalqlara, etnik qruplara və dini müxtəlifliklərə münasibəti ilə ölçülür.

Milli azlıqlara isə həmin dövlətin əhalisindən sayca az olan etnik qruplar aid edilirlər. Etnik qrupların, milli azlıqların hüquqları, dilləri, dinləri, mədəni və etnik özünəməxsusluqları beynəlxalq hüquq normaları ilə tənzimlənir. Etnik qrupların, azsaylı xalqların, eləcə də müxtəlif dinlərin daşıyıcıları olan insanların müdafiəsi beynəlxalq aktlarda - Avropa Şurasının Nizamnaməsində, Avropa Sosial Xartiyasında, "Bölgə dilləri və azlıqların dilləri haqqında Avropa Xartiyasında", Milli Azlıqların Müdafiəsi Haqqında Çərçivə Konvensiyasında, ATƏT-in Helsinki Zirvə görüşü sənədində  İctimai-Siyasi Həyatda Milli Azlıqların Səmərəli İştirakı haqqında Leynd Tövsiyəsində, Milli Azlıqların Təhsil Hüquqları üzrə Haaqa Tövsiyələrində, Milli Azlıqların Dil Hüquqları Haqqında Oslo Tövsiyələrində, Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsində, BMT-nin "Milli, yaxud Etnik, Din, Dil Azlıqlarına Mənsub olan Şəxslərin Hüquqları Haqqında Konvensiyada, Beynəlxalq Cinayət Məhkəməsinin Roma Statusunda, "Azlıqlara Mənsub Şəxslərin Hüquqlarını Təmin etmək haqqında Konvensiya"da  və bir çox digər sənədlərdə öz əksini tapıb.

Onu da qeyd edək ki, milli azlıqların hüquqları 1990-cı il iyunun 29-da qəbul edilən ATƏT-in İnsan Meyarı Konfransına dair Kopenhagen Müşavirəsinin sənədində belə müəyyənləşdirilib: "Milli azlıqlara mənsub şəxslərin öz etnik mədəniyyət, dil, yaxud din özünəməxsusluğunu azad surətdə ifadə etmək, qoruyub-saxlamaq və inkişaf etdirmək, öz iradəsinin əksinə olaraq, heç bir assimilyasiya təşəbbüsünə məruz qalmadan bütün cəhətləriylə öz mədəniyyətini azad surətdə dəstəkləmək və onu inkişaf etdirmək hüquqları var". Bu sənəddən irəli gələn tələblərə diqqət etdikdə görürük ki, orada qeyd olunanlar Azərbaycanda ta qədim zamanlardan mövcud olub. Beləki Asiya və Avropanın qovşağında yerləşən Azərbaycan ərazisində neçə əsirlərdir ki, kompakt halında yaşayan milli azlıq, azsaylı xalq və etnik azlıqlarla yanaşı, sayının azlığından və çoxluğundan asılı olmayaraq, həmçinin özbəklər, qazaxlar, litvalılar, latışlar, moldovanlar, estonlar, qırğızlar, taciklər, türkmənlər, abxazlar, aqullar, buryatlar, inquşlar, darginlər, kabardinlər, komilər, qumuqlar, marilər, noqaylar, rutullar, udmurtlar, çeçenlər, çuvaşlar, adıgeylər, çərkəzlər, qaqauzlar, Orta Asiya yəhudiləri, qaraçılar, ərəblər, aysorilər, əfqanlar, bolqarlar, macarlar, vyetnamlar, yunanlar, koreyalılar və kubalılar da yaşayır. Bu insanların bir çoxu başqa millətlərdən olduqları kimi, həm də digər səmavi dinlərin də daşıyıcılarıdırlar.

AR Prezidentinin 16 sentyabr 1992-ci il tarixli Fərmanı milli münasibətlər sahəsində dövlət siyasətini müəyyən edir. Fərman Azərbaycan ərazisində yaşayan milli azlıq, azsaylı xalq və etnik qrupların nümayəndələrinin Konstitusiyada müəyyən edilmiş siyasi, iqtisadi, sosial, mədəni hüquqlarını və azadlıqlarını qorumaq, onların həyata keçirilməsinə yaxından kömək göstərmək məqsədilə Nazirlər Kabineti, ayrı-ayrı nazirliklər və rayon İcra Hakimiyyətləri qarşısında konkret vəzifələr qoyur.

Ümummilli lideri Heydər Əliyevin xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə qayıdışı ilə Azərbaycan ərazisində yaşayan milli azlıq, azsaylı xalq və etnik qrupların həyatında və onlara münasibətdə yeni bir dönəm başladı. Ulu öndərin rəhbərliyi altında qəbul olanan AR Konstitusiyasının "Bərabərlik hüququ" adlanan 25-ci, 44-cü və 45-ci maddələri bu və ya digər mənada milli azlıqların hüquqlarının qorunmasına tam təminat verir.

Eyni zamanda Azərbaycan respublikasının Əmək Məcəlləsində göstərilir ki, işə qəbul zamanı irqindən, milli mənsubiyyətindən və dinə münasibətindən asılı olmayaraq hüquqların hər hansı şəkildə - bilavasitə və dolayısı ilə məhdudlaşdırılmasına yol verilmir. Cinayət Məcəlləsi isə vətəndaşların bərabərlik hüququnun pozulmasına görə məsuliyyəti müəyyən edir.

Onu da diqqətinizə çatdıraq ki, postsovet ölkələri arasında Azərbaycanın milli azlıqların hüquqlarının qorunması ilə bağlı qoşulduğu beynəlxalq Konvensiyalar qanunvericilik baxımından daha mükəmməldir. Belə ki, Azərbaycan BMT Baş Assambleyasının 1992-ci il 18 dekabr tarixində milli, etnik, dini və dili azlıqlara mənsub şəxslərin hüquqları ilə bağlı qəbul etdiyi Bəyannaməyə və Avropa Şurasının 1995-ci il fevralın 1-də "Milli azlıqların hüquqlarının qorunması haqqında" qəbul etdiyi Çərçivə Konvensiyasını təsdiq edib. Azərbaycan həmçinin 2000-ci ildə AŞ-ın Konvensiyasına qoşulub.

Bu da diqqətçəkən məsələdir ki, respublikamızın ərazisində məskunlaşan milli azlıqların hamısı, demək olar ki, Azərbaycan dövlət dilini və onların təqribən beşdən dördü rus dilini bilir. Əlbəttə, bu dillərə real yiyələnmək səviyyəsi fərqli olsa da, görünür, etniklərarası ünsiyyət üçün kifayət edir.

Avropa Şurasının tamhüquqlu üzvü olan Azərbaycan bu mötəbər qurumun 05 noyabr 1992-ci ildə qəbul etdiyi "Regional dillərin və ya azsaylı xalqların dillərinin Avropa Xartiyası"nın prinsiplərini daim diqqət mərkəzində saxlayır.

Bu da heç şübhəsiz ki, Azərbaycan dövlətinin azsaylı xalqların inkişafı tarixində mühüm təcrübəyə malik olmasında irəli gəlir. Onu da qeyd edək ki, respublikamızın 13 rayonunda yaşayan etnik qrupların uşaqlarına öz milli adət və ənənələrini, mədəniyyətini öyrənmələri üçün lazımi şərait yaradılıb.

 Quba, Qusar, İsmayıllı, Xaçmaz, Oğuz, Qəbələ rayonlarının 126 məktəbində 24670 şagird ləzgi, Lerik, Lənkəran, Astara, Masallı rayonlarının 246 məktəbində 26070 şagird talış, Balakən, Qəbələ, Xaçmaz, Zaqatala, Quba, Şamux rayonlarının 32 məktəbində 4748 şagird avar, udin, tat, şaxur, yəhudi, xınalıq, kürd dillərini əsasən ibtidai siniflərdə öyrənirlər. Ümumiyyətlə, respublikanın 407 məktəbində azsaylı xalqların və etnik qrupların 55488 nəfər uşağı öz ana dillərini öyrənirlər.

Bildiyiniz kimi, Avropa Şurası və Azərbaycanın Təhsil Nazirliyi hələ 2003-cü ildə Bakıda "Təhsil siyasəti və milli azlıqlar" mövzusunda seminar keçirib, elə həmin ilin noybar ayında isə bu məsələ ilə bağlı Strasburqda, AŞ-ın iqamətgahında beynəlxalq ekspertlərin iştirakı ilə müzakirələr aparılıb. Hər iki tədbirdə ölkədəki milli azlıqların təhsilinə münasibət yüksək dəyərləndirilib.

Bu gün Təhsil Nazirliyi ölkə Konstitusiyası, "Təhsil haqqında" AR Qanunun tələbləri və Avropa Xartiyasının prinsiplərini əldə rəhbər tutaraq, azsaylı xalqların dilləri, tarixi və mədəniyyətinin öyrənilməsi istiqamətində mühüm işlər görür.

Bu da məlumdur ki, ölkəmizdə milli və dini azlıqlara münasibətdə ölkənin yazılı və elektron kütləvi informasiya vasitələri də kifayət qədər tolerintlıq göstərirlər. Milli Televiziya və Radio Şurası ölkədə yayımlanan teleradio yayımçılarına milli azlıqların hüquqlarına hörmətlə yanaşmağı tövsiyə edir, yeni yaranacaq teleradio kanallarından daha çox milli azlıqların dillərindən istifadəyə meyilli yayımçılara üstünlük verir. Ona görə də, bu gün Azərbaycan radiosunda talış, kürd, ləzgi, eləcə də gürcü, erməni və rus dilində də verilişlər yayımlanır.

Azərbaycan teleməkanında ilk dəfə olaraq, məhz İctimai Televiziyada Milli Azlıqlar üçün Verilişlər Departamenti yaradılıb.

Bu gün Milli azlıqların kompakt şəkildə yaşadığı rayonlarda - Xaçmazda "Xaçmaz TV", Qubada "Xəyal TV" və "Qütb TV", Lənkəranda "Lənkəran TV", Zaqatalada "Aygün TV" adlı yerli telekanallar fəaliyyət göstərir. Balakən rayonunda yerli radio ilə azsaylı xalq olan avar dilində, Xaçmaz rayonunda isə ləzgi və tat dillərində verilişlər yayımlanır.

Bütün bunlar onu deməyə əsas verir ki, etnik problemlərin təbliği, təşviqi və müzakirəsi müstəqillik əldə olunandan sonrakı dönəmdə Azərbaycan KİV-ləri üçün prioritet məsələ olub.

Ölkəmizdə mövcud olan multikultural və tolerant mühit imkan verir ki,  burada məskunlaşan milli azlıqlar özlərinin milli-mədəni birlikləri, assosiasiyaları və ittifaqlarını yaratsınlar. Dövlət bu birliklərin fəaliyyətini dəstəkləyir, hətta onlara maddi yardım belə göstərilir. Bunun nəticəsidir ki, bu gün Bakıda və regionlarda azsaylı xalqların çox sayda milli-mədəni mərkəzləri açılıb. Ölkəmizdə həmçinin milli azlıqların mədəniyyət mərkəzlərinin işini əlaqaləndirən Respubilka Şurası da fəaliyyət göstərir. Bu birliklər arasında Talış, Kürd (Ronahi), Ləzgi (Samur), "Saxur", Udinlərin "Orayin", Tatların "Azəri", Buduq, Xınalıq, Azərbaycan Slavyanlarının, Ləzgilərin Mifologiyasını Öyrənən Mədəni Mərkəzlər, Şeyx Şamil adına Avar, Rus, Azərbaycan Tatları, Məhsəti Türklərinin Vətən, Azərbaycan Yəhudiləri, Azərbaycan Gürcüləri, Beynəlxalq "İudaika", Azərbaycan Ukraynalıları, Almanların Milli-Mədəni Cəmiyyətləri, Azərbaycan Avropa Yəhudilərinin İcması daha fəaldırlar.

Bütün qeyd olunanlar, Azərbaycan dövlətinin və xalqının mültikulturalizmə və buradan doğan birgəyaşayış normalarına verdiyi böyük önəmdən irəli gəlir. Qloballaşan dünyamızda alternativi olmayan mutltikultralizmin ölkəmizdə həyat tərzini çevrilməsi, Azərbaycan dövlətinin və burada yaşayan bütün xalqların ən böyük uğurudur.

 

 “Paralel”in
Araşdırma Qrupu
Yazı Azərbaycan
Respublikasının
Prezidenti yanında
KİV-ə Dövlət Dəstəyi
Fondunun maliyyə
dəstəyilə çap olunub

0.63038611412048