Tolerantlığın və multikulturalizmin
təbliğində medianın rolu

Azərbaycandakı tolerantlıq və multikultralizm dünya mətbuatının gündəmində

 Bildiyiniz kimi, istənilən bir cəmiyyətin inkişafı üçün, həmin cəmiyyətdə azad, sərbəst informasiya məkanının mövcudluğu da əsas şərtlərdən biridir. Əbəs yerə demirlər ki, KİV cəmiyyətin güzgüsüdür.

Bu baxımdan Bakıda Azərbaycan hökumətinin təşəbbüsü ilə "Tolerantlığın və qarşılıqlı anlaşmanın inkişafında KİV-in rolu" adlı beynəlxalq konfransın keçirilməsi də, böyük əhəmiyyət kəsb edir. Tədbirdə BMT-nin, ATƏT-in söz azadlığı üzrə məsul şəxsləri, dünyanın bir çox ölkələrini təmsil eldən mətbuat nümayəndələri, ekspertlər, İslam Konfransı Təşkilatının baş katibi Ekmeleddin İhsanoğlu və Rumıniyanın sabiq prezidenti İon İlyesku iştirak ediblər. Azərbaycan prezidentinin konfrans iştirakçılarına müraciətində sivilizasiyalar arasında dialoqun qurulmasında və neqativ tendensiyaların aradan qaldırılmasında KİV-in rolu xüsusi qeyd olunub. Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov isə diqqəti Azərbaycandakı bütün milli azlıqların və dinlərin nümayəndələrinin hüquqlarının təmin edilməsinə yönəldib və bu gün Qərbdə islamofobiyanın təzahür etməsini təəssüflə qeyd edib. Onun sözlərinə görə, islam və terrorizmin sinonim olmadığının aydınlaşdırılmasında da KİV mühüm rol oynayır. "Biz bu mifə son qoymalıyıq", - deyə Məmmədyarov bildirib.

  1. E. Məmmədyarovun fikirlərini təsdiqləyən İslam Konfransı Təşkilatının baş katibi Ekmələddin İhsanoğlu deyib ki, islam bir qrup ekstremistin əlində "əsir"ə çevrilib. "Onlar cinayətkar fəaliyyətlərinin ideoloji əsaslandırılması üçün islamdan istifadə edir, Qərbi qorxudur, cavab tədbirlərindən isə bu və digər dünya ölkələrindəki günahsız müsəlmanlar əziyyət çəkir. KİV islam humanizminin izah edilməsinə və mədəniyyətlərarası dialoqa və əməkdaşlığa yardım etməlidir. İKT islam dünyasında müasirləşməni və inkişafı təşfiq edir". Konfransın həmsədri, Rumıniyanın sabiq prezidenti İon İliyesku qeyd edib ki, söz azadlığı ekstremizm ideyalarının təbliği üçün istifadə olunmamalıdır. Mədəniyyətlərarası dialoqun inkişafında və tolerantlığın əldə edilməsində KİV-in mühüm rol oynadığını qeyd edən Avropa Şurasının baş katibi Terri Devis isə konfrans iştirakçılarına video yazı vasitəsilə müraciət edib.

Onu da xüsusi qeyd etmək lazımdır ki, KİV-lər təkcə orada çalışan jurnalistlərin tribunası deyil, bu tribunadan dövlət başçılarından tutmuş, sadə vətəndaşlara qədər hər kəs istifadə edə bilər. Bu baxımdan Amerikada geniş oxucu kütləsinə malik, ABŞ-dakı Xarici Konsulların Federal Assosiasiyası tərəfindən nəşr olunan "Forum" jurnalının 2017-ci ilin payız buraxılışında Azərbaycanın Los Ancelesdəki baş konsulu Nəsimi Ağayevin "Azərbaycan: ümid, müxtəliflik, tolerantlıq və imkanlar diyarı" (Azerbaijan: Land of Hope, Diversity, Tolerance and Opportunity) adlı məqaləsinin çap olunması təqdirəlayiq haldır və Azərbaycan reallıqlarının təbliği baxımından böyük əhəmiyyət daşıyır. Bakının və Azərbaycanın digər gözəl bölgələrinin rəngarəng şəkilləri ilə əhatə olunan məqalədə baş konsul, Azərbaycanda mövcud olan multikulturalizm və tolerantlıq ənənələri haqqında geniş məlumat verərək, ölkəmizdə müsəlman, yəhudi və xristianların, eləcə də şiə və sünnilərin dinc yanaşı və sülh şəraitində yaşadıqlarını, bu müxtəliflik və harmoniyanın ölkəmizdə çiçəklənməkdə davam etdiyini qeyd edib. Səfir Azərbaycanın zəngin mədəniyyəti və incəsənəti haqqında məlumat verərək, müsəlman dünyasında ilk opera, operetta və baletin, məhz ölkəmizdə səhnəyə qoyulduğunu diqqətə çatdırıb. Milli musiqi və rəqslərimizdən danışan baş konsul onların Azərbacanın musiqi irsində xüsusi yer tutduqlarını və qədim tarixə malik olduqlarını bildirib.

2017-ci ilin mayında Baş Konsulluğun təşkilatçılığı ilə Kaliforniyanın Los Anceles və San Dieqo şəhərlərində, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunan konsert barədə danışıb. O, qeyd edib ki, tanınmış Azərbaycan musiqiçilərinin ifa etdikləri muğamlar, opera musiqisi və milli rəqslərimiz  kaliforniyalıların yaddaşında dərin iz buraxıb. Tamaşaçıları Kaliforniyadan Qafqaz dağlarının ətəklərinə və Xəzər dənizi sahillərindəki Odlar Yurdu Azərbaycana aparıb, onlarda bu möhtəşəm diyar haqqında xoş təəsüratların yaranmasına səbəb olub. Məqalənin sonunda baş konsul qeyd edib ki, Azərbaycanın millətlər və dinlərarası sülh, harmoniya, qarşılıqlı anlaşma və tolerantlıq modelinin dünyanın hər yerində tətbiq olunacağına ümid edir.

Keçən il Bakıda keçirilən IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu isə Bolqarıstan mediasında geniş işıqlandırılıb. Bolqarıstan KİV-də yer alan məqalələrdə Şərqlə Qərb və Şimalla Cənubun kəsişməsində müxtəlif mədəniyyət və sivilizasiyaların üzləşdiyi unikal məkanda yerləşən Azərbaycan haqqında tolerantlıq nümunəsi kimi bəhs edilib, multikulturalizmin ölkəmiz üçün mühüm əhəmiyyət daşıdığı qeyd edilib.

Bolqarıstanın aparıcı mətbu orqanı olan "Standart" qəzeti, "Fokus" və "Cross" informasiya agentlikləri, www.novinite.com internet xəbər portalları tərəfindən Forum haqqında ingilis və bolqar dillərində məqalələr dərc edilib. Məqalələrdə iki ildən bir keçirilən bu Forumun Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü olan və 2008-ci ildə təsis edilən mədəniyyətlərarası dialoqun təşviqini özündə əks etdirən "Bakı Prosesi"-nin bir hissəsi olduğu qeyd edilib. Bolqarıstan KİV-i "Bakı Prosesi" çərçivəsində həyata keçirilən tədbirlər barədə də oxucularına geniş məlumat çatdırıblar. Bolqarıstan KİV-i  həmçinin Forum çərçivəsində inam azadlığı, bərabər imkanlar, uğurlu idarəetmə, eləcə də müxtəlifliyə qarşı tolerantlıq və hörmətə əsaslanan cəmiyyətlərin formalaşdırılması yollarının müzakirə olunduğunu yazılarında xüsusi qeyd ediblər.

Dünyanın bir çox ölkələrindən dövlət başçıları, nazirlər, beynəlxalq təşkilatların rəhbərləri, siyasətçilər, ekspertlər, sülhməramlı səfirlər, jurnalistlər, görkəmli ziyalılar və fəalları bir araya gətirən bu Forumun mədəniyyətlərarası dialoqun əhəmiyyətinin dünyaya yayılması, xalqlar arasında müxtəliflik, dialoq və qarşılıqlı anlaşmanın dəstəklənməsi istiqamətində insanlar, ölkələr və təşkilatlar tərəfindən konkret addımların atılması üçün imkan yaradacağı və bunu təşviq edəcək beynəlxalq platformaya çevriləcəyi bildirilib.

Tolerantlıq və multikulturalizmin dərin köklərinə malik olan ölkə kimi Bolqarıstanın da öncəki tədbirlərdə ənənəvi olaraq yüksək səviyyədə təmsil olunduğu qeyd edilib, IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda da Bolqarıstan nümayəndə heyətinin iştirak etdiyi bildirilib. Bolqarıstanın www.mediapool.bg xəbər saytında "Azərbaycan Prezidenti multikulturalizmin müdafiəsində" adı altında dərc olunan məqalədə də Forum haqqında bəhs edilib.

Onu da qeyd etmək lazımdır ki, IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirak etmək məqsədilə Azərbaycana səfər edən Bolqarıstan nümayəndə heyətinə ölkənin Vitse-prezidenti İliyana Yotova başçılıq edib. Səfər çərçivəsində İ.Yotova Azərbaycan Respublikası Prezidenti İlham Əliyev və Birinci vitse-prezidenti Mehriban Əliyeva tərəfindən qəbul edilib. Nümayəndələr Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik Akif Əlizadə ilə görüşüb, Bakı Slavyan Universitetini ziyarət ediblər və eləcə də Azərbaycan-Bolqarıstan Ticarət-Sənaye Palatasının açılış mərasiminə qatılıblar.

Bolqarıstan nümayəndə heyətinin ölkəmizə səfəri də Bolqarıstan kütləvi informasiya vasitələrində geniş işıqlandırılıb.

O da danılmaz faktdır ki, təbliğatın ən geniş yayılan formalarından biri də kinodur, sənədli filmlər isə maarifləndirmə baxımından xüsusi önəm daşıyır.

Roma Müqaviləsinin 60 illik yubileyi münasibəti ilə Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyi Aİ-na Üzv Dövlətlərin Azərbaycanda akkreditə olunmuş Səfirlikləri, "Park Cinema", "Landmark Hotel", "DocuBaku", "United Cultures", "Baku Media Centre", "YARAT" ilə birgə əməkdaşlıq çərçivəsində və "Turkish Airlenes"ın dəstəyi ilə ilk IMAGINE Avropa Tolerantlıq Festivalını təşkil edib. IMAGINE Avropa Tolerantlıq Festivalının əsas məqsədi mədəniyyətlərarası dialoq və tolerantlıq kimi dəyərləri müxtəlif incəsənət nümunələrində əks etdirməkdir.

IMAGINE Avropa Tolerantlıq Festivalı 2017-ci il, oktyabr ayının 12-dən 20-ə qədər Bakıda keçirilib və bir çox müxtəlif tədbirləri özündə birləşdirib: musiqi tamaşalar, debatlar və müzakirələr, film nümayişləri,  foto və video müsabiqəsi, incəsənət sərgiləri və s. Festivalda kino bölməsi xüsusi aktuallığı ilə seçilib. Tolerantlıq və müxtəliflik mövzusunu özündə əks etdirən 20 Avropa sənədli filmi "DokuBaku" Beynəlxalq Sənədli film Festivalı çərçivəsində təqdim olunub. "DokuBaku" Beynəlxalq Film Festivalı dünyanın hər yerindən seçilən məşhur sənədli və reallığa əsaslanan filmləri Azərbaycan tamaşaçılarına təqdim edib. İlk dəfə keçirilən Festivalın əsas mövzusu sosial və mədəni məsələlərə qarşı yeni yanaşmanı araşdıran reallığın yoxlanılması olub.

Bundan əlavə, keçən il "Sosial  Dəyişiklik üçün Kino" proqramının beşinci buraxılışı "Imagine" və "DocuBaku" Festivalının bir hissəsi kimi həyata keçirilib.

  “Paralel”in
Araşdırma Qrupu
Yazı Azərbaycan
Respublikasının
Prezidenti yanında
KİV-ə Dövlət Dəstəyi
Fondunun maliyyə
dəstəyilə çap olunub

0.28388714790344