Bakı humanist forumların
paytaxtına çevrilib

Azərbaycan multikulturalizmi modeli dünya səviyyəsində
ən mükəmməl örnək kimi qəbul olunur

Azərbaycanda multikulturalizm, tolerantlıq və dini dözümlülüyün dövlət siyasəti səviyyəsində inkişaf etdirilməsinin əsaslarını ölkənin qədim dövlətçilik tarixi  təşkil edir. Tarixi ənənələrə nəzər salsaq görərik ki, istər Səfəvilər dövləti, istər XIX-XX əsrlər maarifçilik dalğası, istərsə də Xalq Cümhuriyyəti dövründə Azərbaycan ərazisində yaşayan digər etnik xalqlar və dini qrupların nümayəndələrinin təmsilçiliyini özündə birləşdirən bu siyasi davranış XX əsrin sonlarında Ümummilli lider Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində dövlətçilik ideologiyası formasına çevrilıb.

Azərbaycanda mövcud olan milli-mədəni müxtəliflik və etnik-dini dözümlülük mühiti onu çoxmillətli, çoxkonfessiyalı diyar kimi dünya miqyasında mədəniyyətlərarası dialoqun bənzərsiz məkanına çevirib. Azərbaycan Respublikasında bu gün həmin mədəni, linqvistik, etnik rəngarəngliyin qorunmasına yönəldilən və uğurla həyata keçirilən dövlət siyasəti multikulturalizm sahəsində əsrlərdən bəri toplanan böyük tarixi təcrübənin xüsusi qayğı ilə əhatə olunmasını, zənginləşdirilməsini, cəmiyyətdə bu istiqamətdə qazanılan unikal nailiyyətlərin beynəlxalq aləmdə təbliğinin gücləndirilməsini zəruri edir.

Ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycan xalqının multikultural ənənələrinin qorunması sahəsində həyata keçirilən siyasi xətt, bu gün Prezident İlham Əliyev tərəfindən inamla davam və inkişaf etdirilir.

Bu inkişaf Azərbaycançılıq məfkurəsinə uyğun olaraq tolerantlığın və mədəni, dini, linqvistik müxtəlifliyin qorunmasını təmin etmək, habelə Azərbaycanı dünyada multikulturalizm mərkəzi kimi tanıtmaq və mövcud multikultural modelləri tədqiq və təşviq etmək məqsədilə Azərbaycan Respublikasının Prezidentinin 28 fevral 2014-cü il tarixli sərəncamı ilə Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşavirliyinin təsis edilməsi, 15 may 2014-cü il tarixli sərəncamı ilə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin yaradılması kimi qlobal işlərdə özünü göstərir.

Belə qlobal işlərdən biri də, mütamadi olaraq ölkəmizdə bu problemlərin həlli ilə bağlı forumların keçirilməsidir. IV Qlobal Bakı Forumunda iştirak edən Xorvatiyanın sabiq Prezidenti Stepan Mesiç jurnalistlərə müsahibəsində qeyd edib ki, bu gün dünya həlli çətin problemlərlə üz-üzədir. Bu problemlərin aradan qaldırılması yolları axtarılır. Dünyada hökm sürən böhranlar bir-biri ilə əlaqəlidir. Belə problemləri Qlobal Bakı Forumu kimi mühüm beynəlxalq tədbirlərdə müzakirələr aparmaqla həll etmək olar.

Sabiq prezident həmçinin bildirib ki, müasir dövrdə insanlar bir-biriləri ilə internet və ya başqa kommunikasiya vasitələri ilə əlaqə saxlaya bilirlər. Lakin bir araya gəlmək, bəşəriyyətin qarşılaşdığı problemləri birgə müzakirə etmək, həll yollarını birlikdə axtarmaq çox vacibdir. Qlobal Bakı Forumu məhz bir yerə toplaşıb vəziyyətdən çıxış yolları axtarmağa, problemlərin həllini tapmağa şərait yaradır.

Stepan Mesiç Azərbaycanda multikulturalizmin inkişaf etdiyini, ölkəmizin mədəniyyətlərarası və dinlərarası dialoqun inkişafına mühüm töhfələr verdiyini vurğulayıb: "Başqa xalqlara, dinlərə, təriqətlərə dözümlülük Azərbaycan mədəniyyətinin ən gözəl və ən qiymətli cəhəti kimi başlıca əhəmiyyət kəsb edir".

Şərq və Qərbin təmasında qərar tutan, tarixi tolerantlıq ənənələrinə sahib olan müstəqil Azərbaycan dövləti, bu gün reallaşdırdığı multikultural siyasətlə dünya ölkələri arsında ön sırada gedir. Hətta dünyanın ən böyük dövlətləri belə, bunu etiraf edirlər. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin məqsədyönlü siyasəti bu sahədə müəyyən edilən multikultural hədəflərə doğru aydın istiqamət götürüb, təhsildə, idmanda, musiqidə böyük uğurlar əldə olunub. Respublikamızda bu istiqamətdə həyata keçirilən tədbirlər beynəlxalq miqyasda birmənalı təqdir olunur. Ölkəmizdə fərqli milli, dini mənsubiyyəti olan icmalar, müxtəlif millətlərin nümayəndələri qarşılıqlı əməkdaşlıq və mehribançılıq şəraitində tarix boyu yaşayıblar və bu gün də yaşayırlar. Bu məqamı xüsusi qeyd edən prezident İlham Əliyev deyib: "Əsrlər boyu bütün mədəniyyətlər, dinlər və etnik qrupların nümayəndələri Azərbaycanda bir ailə kimi yaşayıblar. Bu bizim ən böyük sərvətimizdir. Azərbaycan kimi ölkələrin nümunəsi yaxşı göstəricidir ki, multikulturalizm yaşayır və bu müsbət meyilləri stimullaşdırmalıyıq". Milli-mənəvi dəyərlərinə, tolerantlıq ənənələrinə sadiq, müasir, güclü bir dövlət kimi Azərbaycan, bu gün özünün hərtərəfli inkişafı ilə bütün müsəlman aləmi üçün xoş bir nümunəyə, parlaq tərəqqi modelinə çevrilib. Bütün bunlar həm də onun nəticəsidir ki, hər bir azərbaycanlı, ölkəmizdə tarixən yaşayan hər bir adi insan birgəyaşayış normasını xalqımızın milli-mənəvi dəyərlərinin ayrılmaz hissəsi sayır, dövlətçilik ənənələrimizdə multikulturalizmi təqdir edir. Onu da xüsusi qeyd etmək lazımdır ki, multikulturalizmin prinsip və müddəaları həyatın bütün sahələri ilə bərabər təhsil sahəsinə də nüfuz edir. Məhz multikultural təhsil bütün millətlər, etnoslar üçün həyati tələbat kimi qiymətlidir. Azərbaycan cəmiyyətinin indiki inkişaf səviyyəsində multikultural təlim-tərbiyə artıq məktəb təhsilində özünü göstərir. Müdriklərimiz də həmişə belə hesab ediblər ki, insan yalnız təhsil sayəsində həyatda sülh, əmin-amanlıq, qarşılıqlı anlaşma və əməkdaşlıq, tolerantlıq münasibətləri qazana bilər. Təhsilə multikultural yanaşma insanların müxtəlif etnik mədəniyyətlərə yiyələnməsi, tolerantlıq, fərqli şəraitlərə uyğunlaşma, dialoqa girmək bacarığı yaradır. Eyni zamanda təhsil alanların həyata pozitiv köklənmələrinə kömək edir. Azərbaycan tarixi multikulturalizm ənənələri ilə zəngindir. Bir-birini izləyən və tamamlayan fakt və hadisələr Azərbaycanda insanların tarixi yaddaşına, milli mentalitetinə, xalqlar arasında tolerantlıq münasibətlərinin formalaşmasına bu gün son dərəcə müsbət təsir göstərir. Azərbaycan Prezidenti İlham Əliyevin sözləri ilə desək, Azərbaycanda hökm sürən ictimai-siyasi quruluşdan asılı olmayaraq bütün dövrlərdə Azərbaycan dözümlülük, tolerantlıq məkanı olub. Bu gün müstəqil Azərbaycan öz siyasətini bu təlim üzərində qurur. Başqa xalqlara, dinlərə, təriqətlərə dözümlülük türk-Azərbaycan mədəniyyətinin ən gözəl və ən qiymətli cəhəti kimi başlıca əhəmiyyət kəsb edir. Məlumdur ki, türklər fəth etdiyi ölkələrin yerli mədəniyyətinə hər zaman hörmətlə yanaşıblar və onlarla barbarlar kimi davranmayıblar.

 Akademik Kamal Abdulla özünün "Azərbaycan multikulturalizminin ədəbi-bədii qaynaqları" əsərində yazır: "Poeziyamızda müxtəlif dinlərin müqəddəslərinə - İbrahimə, Musaya, Süleymana, Yaquba, İsa Məsihə, Məryəmə dərin hörmətlə müraciət edilməsi, onların həyat və əməlləri ilə bağlı Şərq poetikasının sehrli və füsunkar cığırlarına uyğun təşbeh və bənzətmələr qurulması, istər müqayisəli, istərsə də müqayisəsiz bədii fiqurlar yaradılması, artıq öz-özlüyündə multikultural və tolerant əhvalın bariz nümunəsi kimi diqqəti cəlb edir". Multikultural dəyərlər oğuz etnokulturasının üzvi tərkib hissəsi olan "Kitabi-Dədə Qorqud"da öz əksini daha qabarıq tapıb. Eposda xristian qızları da bacarıqlı, sədaqətli, mərd, cəsarətli təsvir və təqdim olunur. Nizaminin "Yeddi gözəl" poemasında qəhrəm manlar hərəsi bir ölkədəndir.

Ölkəmizdə aparılan düzgün siyasətin bəhrəsidir ki, hazırda multikulturalizm alternativi olmayan həyat tərzinə çevrilib. Müstəqilliyimizin mövcudluğu ölkəmizin insanları arasında qarşılıqlı anlaşma, zənginləşmə mühiti yaradıb.

 Prezident İlham Əliyev bununla bağlı çıxışlarının birində deyib: "Multikulturalizm Azərbaycanda dövlət siyasətidir. Qeyd etməliyəm ki, artıq tarixi keçmişimiz də bunu diqtə edir. Eyni zamanda multikulturalizm Azərbaycanda həyat tərzidir. Biz gündəlik həyatımızda bu prinsiplər əsasında fəaliyyət göstəririk. Bu prinsiplər cəmiyyətin mütləq əksəriyyəti tərəfindən dəstəklənir, müdafiə edilir. Respublikamızda yaşayan etnik etnonimlər - xınalıq, tat, kürd, talış, udin, avar, ləzgi, qırız, buduq və b. multikulturalizmin daşıyıcılarıdır. Məhz onların birliyi ölkəmizdə dövlət siyasətinin aparıcı istiqamətlərindən biridir, xalqımızın alternativsiz həyat tərzidir, bütövlükdə Azərbaycanın zəngin mənəvi sərvəti və toxunulmaz xəzinəsidir".

Bu da danılmaz faktdır ki, ölkəmizdə həmişə yüksək tolerantlıq mühiti hökm sürüb, heç vaxt milli və dini zəmində ayrı-seçkilik və qarşıdurma halları baş verməyib. Ayrı-ayrı etiqad və inanclara malik etnosların əsrlərlə əmin-amanlıq şəraitində yaşamasında, etnik-mədəni müxtəlifliyin günümüzədək qorunub saxlanılmasında Azərbaycan xalqının və islam dininin misilsiz tarixi rolu danılmazdır. Azərbaycan dünyada öz mədəniyyəti, tarixi, adət-ənənələri ilə fəxr etməyə layiq az sayda dövlətlərdən biridir. Tolerantlığın dövlət strategiyası olaraq əsasını ümummilli lider Heydər Əliyev qoyub, bu zəngin ənənə hazırda möhtərəm Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bunlar Azərbaycanın dünyaya örnək ola biləcək ölkə olduğunu bir daha təsdiqləyir. Ona görə də, bu gün Azərbaycan multikulturalizmi modeli dünya səviyyəsində ən mükəmməl nümunə kimi qəbul olunur.

 “Paralel”in
Araşdırma Qrupu
Yazı Azərbaycan
Respublikasının
Prezidenti yanında
KİV-ə Dövlət Dəstəyi
Fondunun maliyyə
dəstəyilə çap olunub

0.42182588577271