Azərbaycanda multikulturalizm məktəblərinin
təşkili ciddi marağa səbəb olub

Azərbaycanda multikulturalizm məktəblərinintəşkili ciddi marağa səbəb olub
 

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi planetimizin hər
yerində multikulturalizmin və tolerantlığın qorunmasına çalışır

 Bugünkü qloballaşan dünyamızda multikulturalizmin və tolerantlığın qorunub saxlanmasının, inkişaf etdirilməsinin nə dərəcədə vacib məsələ olduğu, deyəsən bəzi Qərb dövlətlərində hələ də tam şəkildə anlaşılmayıb. Bu səbəbdən də, bu gün dünyada baş verən bir çox anlaşılmazlıqların, qarşıdurmaların, hətta bəzi islam dövlətlərinə qarşı barışmaz dözümsüzlük mövqeyinin sərgilənməsinin fövqündə də həmin dövlətlərin durduğu heç kimə sirr deyil.

Belə qarışıq bir zamanda dövlətimizin başçısı, prezident İlham Əliyevin 2016-cı ilin "Multikulturalizm İli", 2017-ci ilin "İslam Həmrəyliyi İli" elan etməsi, dövlətimizin və xalqımızın multikultural və tolerant dəyələrə verdiyi önəmin bariz nümunəsidir. Azərbaycan bu gün, bu dəyərlərin təkcə ölkəmizdə qorunması və inkişaf etdirilməsi ilə kifayətlənmir, bu fəaliyyətini dünyanın bir çox dövlətlərində də davam etdirməyə çalışır. Bu işdə prezident İlham Əliyevin Sərəncamı ilə yaradılan Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin (BBMM) də xüsusi rolu var. Adından da göründüyü kimi, bu Mərkəz beynəlxalq status daşıyır və planetimizin hər yerində multikulturalizmin və tolerantlığın qorunması və inkişaf etdirilməsi istiqamətində məqsədyönlu fəaliyyət göstərir. Bu fəaliyyət müxtəlif dövlətlərdə mərkəzin filiallarının yaradılması, ölkəmizdə yay və qış multikulturalizim məktəblərinin təşkili, eləcə də dünyanın tanınmış ali təhsil müəssisələrində Multikulturalizmin Azərbaycan modelinin tədrisi kimi istiqamətləri əhətə edir. Onu da qeyd edək ki, Mərkəz artıq ABŞ-da da nümayəndəliyi açılıb. Birləşmiş Ştatların Los-Anceles şəhərində bununla bağlı tədbir keçirilib. Baş konsulluğun və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin birgə dəstəyi və təşkilatçılığı ilə keçirilən bu tədbirdə xarici ölkələrin baş konsulları, elm və mədəniyyət xadimləri, dini icma rəhbərləri, jurnalistlər, Azərbaycan, yəhudi, türk, Koreya və digər icmaların nümayəndələri iştirak ediblər.

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru vəzifəsini icra edən Rəvan Həsənov çıxışında Azərbaycan dövlətinin multikulturalizm siyasəti və Mərkəzin fəaliyyəti haqqında geniş məlumat verib. O, prezident İlham  Əliyevin bu sahəyə xüsusi diqqət ayırdığını, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin 2014-cü ildə, məhz Prezident İlham Əliyevin Sərəncamı ilə yaradıldığını bildirib. Mərkəzin yaradılmasında əsas məqsədin Azərbaycanın multikulturalizm ənənələrinin öyrənilməsi, bu sahədə dünya təcrübəsinin araşdırılması və Azərbaycan modelinin bütün dünyada təbliğinin həyata keçirilməsindən ibarət olduğunu vurğulayan R.Həsənov az bir zaman kəsiyindəki fəaliyyəti müddətində Mərkəzin Vatikan, London, Berlin, Bern, Helsinki, Roma, Cakarta və digər şəhərlərdə çoxsaylı layihələr həyata keçirdiyini xüsusi qeyd edib. O, bu günə qədər Mərkəzin müxtəlif ölkələrdə nümayəndəliklərinin açıldığını qeyd edərək, ABŞ-da da nümayəndəliyin açılmasının multikulturalizmin Azərbaycan modelinin öyrənilməsi və iki ölkə arasında təcrübə mübadiləsi üçün geniş imkanlar yaradacağına əmin olduğunu bildirib.

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin ABŞ-dakı nümayəndəliyinin rəhbəri, 2009-2017-ci illərdə ABŞ Prezidenti Administrasiyasında yüksək vəzifə tutan Canna Skot çıxış edərək Mərkəzin ABŞ-da ilk nümayəndəliyinin rəhbəri seçilməsindən çox məmnun olduğunu vurğulayıb. O, Azərbaycana bir neçə dəfə səfər etdiyini, ölkəmizdə mövcud olan multikulturalizm və tolerantlıq mühiti ilə yaxından tanış olduğunu deyərək, bu ənənələrin ABŞ ictimaiyyətinə daha dərindən çatdırılması istiqamətində nümayəndəliyin uğurlu fəaliyyət göstərəcəyinə inandığını qeyd edib.

Yuxarıda qeyd etdiyimiz kimi, Mərkəzin fəaliyyət istiqamətlərindən biri də, yay və qış mültikulturalizim məktəblərinin təşkilidir. "Sivilizasiyalararası dialoq: yeni çağırışlar" adlı VI Beynəlxalq Multikulturalizm Qış Məktəbinin iştirakçıları fevralın 17-də Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində (BBMM) olublar.

Mərkəzdən verilən məlumata görə, burada Qış Məktəbinin iştirakçılarının BBMM-in Himayəçilik Şurasının sədri, Azərbaycan Dillər Universitetinin rektoru, akademik Kamal Abdulla və Prezident Administrasiyasının millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri, professor Etibar Nəcəfovla görüşü olub.

BBMM-in icraçı direktor əvəzi Rəvan Həsənov tədbirdə çıxış edərək bildirib ki, VI Beynəlxalq Multikulturalizm Qış Məktəbinin iştirakçıları bu günlər ərzində Azərbaycanın qədim tarixi, mədəniyyəti, siyasəti haqqında dolğun məlumatlar əldə edib, ölkəmizdəki multikultural mühitlə yaxından tanış olublar.

Prezident Administrasiyasının millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Etibar Nəcəfov isə çıxışında bildirib ki, müasir dövrdə Azərbaycan multikulturalizmin əsas mərkəzlərindən biridir. Azərbaycan əsrlər boyu multikultural, tolerant ölkə olub. Azərbaycanın multikulturalizm siyasəti ölkədəki milli azlıqların sosial, iqtisadi və mədəni məsələlərinin həllində mühüm rol oynayır. Bu layihənin iştirakçılarını da Azərbaycan multikulturalizminə olan marağı buraya gətirib. Bununla da onlar Azərbaycan haqqında nəzəri biliklərini praktik biliklərlə artırmaq imkanı əldə ediblər.

BBMM-in Himayəçilik Şurasının sədri Kamal Abdulla bildirib ki, bu layihə vasitəsilə dünyanın müxtəlif ölkələrindən olan gənclər bir araya toplaşaraq Azərbaycan haqqında biliklərini möhkəmləndirir, ölkəmizdəki multikultural, tolerant mühitlə yaxından tanış olur, həmyaşıdları ilə ünsiyyət  qururlar.

Onu da diqqətinizə çatdıraq ki, Beynəlxalq Multikulturalizm yay və qış məktəbləri Prezident İlham Əliyevin tövsiyəsi və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin təşkilatçılığı ilə keçirilir.

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin (BBMM) təşkilatçılığı ilə keçirilən VI Beynəlxalq Multikulturalizm Qış Məktəbinin iştirakçıları görüşün sonunda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciət ünvanlayıblar.

Müraciətdə Qış Məktəbinin dünyanın 17 ölkəsindən olan iştirakçıların fevralın 12-18-də bir araya gəldikləri qeyd edilib. Onlar Prezident İlham Əliyevin sərəncamları əsasında Azərbaycanda 2016-cı ilin "Multikulturalizm İli", 2017-ci ilin "İslam Həmrəyliyi İli" elan olunmasının, eləcə də mədəniyyətlərarası dialoqun əsas platforması olan "Bakı Prosesi"nin 10 illiyinin bəyan edilməsinin Azərbaycanın multikultural və tolerant dövlət olduğunu aydın şəkildə göstərdiyini xüsusi vurğulayıblar.

Artıq ənənəyə çevrilən Multikulturalizm yay və qış məktəblərinin nəticəsi olaraq xaricdə Azərbaycanın gənc dostlarının və onların yaxın dairəsinin timsalında ölkəmizin haqq işini dəstəkləyən intellektual gənclərdən ibarət ünsiyyət platforması və güclü lobbi formalaşıb. Bu gün də davam edən bu proses sübut edir ki, Prezident İlham Əliyevin Azərbaycanın dünyada tanıdılması istiqamətində müəyyənləşdirdiyi hədəflər uğurla reallaşdırılır.

Bu da danılmaz həqiqətdir ki, ölkəmizdə mövcud olan multikulturalizmin və tolerantlığın təbliği istiqamətində Heydər Əliyev Fondunun, onun prezidenti, ölkəmizin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın və Fondun vitse-prezidenti Leyla xanım Əliyevanın gördüyü işlər də, ölkəmizin düynaya tanıdılması baxımında çox böyük əhəmiyyət daşıyır. Bu baxımdan Fondun dəstəyi ilə çəkilən "Bir günəş altında" filminin ABŞ premyerası çox böyük uğurdur. Bununla bağlı Kaliforniya ştatının Los-Anceles şəhərinin ən böyük və ən qədim kilsələrindən olan İsa Məsihin Sonuncu Gün Müqəddəsləri Kilsəsində Azərbaycanın multikulturalizm, müxtəliflik və tolerantlıq ənənələrinə həsr olunmuş geniş tədbir keçirilib.

Son illərdə Los-Ancelesdə keçirilən tədbirlər vasitəsilə Azərbaycan multikulturalizmi ilə yaxından tanış olduqlarını bildirən tədbir iştirakçıları, dünyada mədəniyyətlərarası dialoqa və tolerantlığa böyük ehtiyacın olduğu bir dövrdə Azərbaycan nümunəsinin yüksək önəm daşıdığını qeyd ediblər.

Tədbirdə çıxış edən Azərbaycanın Los-Ancelesdəki baş konsulu Nəsimi Ağayev ölkəmizin tarixi tolerantlıq və multikulturalizm ənənələrindən danışaraq, bu ənənələrin artıq ölkəmizdə dövlət siyasəti səviyyəsinə yüksəldildiyini vurğulayıb. O qeyd edib ki, Azərbaycan "EXPO-2025" Ümumdünya Sərgisinin Bakıda keçirilməsi üçün namizədliyini irəli sürüb və bu yaxınlarda Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərliyi altında Parisdə müvafiq təqdimat uğurla təşkil olunub. Baş konsul öz unikal multikulturalizmi ilə seçilən Azərbaycanın müxtəlifliyin və mədəniyyətlərarası əməkdaşlığın sərgilənməsi üçün bir platforma olan "EXPO-2025" üçün ən uyğun məkan olduğunu bildirib.

Tədbirin sonunda Heydər Əliyev Fondunun dəstəyi ilə Bakı Media Mərkəzinin çəkdiyi və Arzu Əliyevanın icraçı prodüseri olduğu, Azərbaycanda yaşayan müxtəlif mədəniyyət, adət-ənənə, fərqli dil və dini etiqada sahib olan etnik qrupların həyatından bəhs edən "Bir günəş altında" sənədli filmi nümayiş etdirilib. 2016-cı ildə çəkilən filmin ABŞ-da ilk nümayişi tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb.

  “Paralel”in
Araşdırma Qrupu
Yazı Azərbaycan
Respublikasının
Prezidenti yanında
KİV-ə Dövlət Dəstəyi
Fondunun maliyyə
dəstəyilə çap olunub

0.66386604309082