Tolerantlıq müxtəliflikdə harmoniyadır

Azərbaycanda etnik azlıqların hüquqlarının müdafiəsi ölkənin siyasi
sabitliyinin təminatı və xarici siyasətin prioritet vəzifələrindən biridir

 Azərbaycan iqtisadi cəhətdən gücləndikcə, burada yaşayan insanların da rifahı yüksəlir, ölkəmizə olan diqqət artır. Azərbaycanda ictimai-siyasi sabitliyin tam təmin olunması və iqtisadi qüdrətin getdikcə artması regional əməkdaşlığın da gündən-günə möhkəmlənməsinə güclü zəmin yaradır.

Siyasi, iqtisadi və mədəni əlaqələrin uğurla davam etdirilməsi Azərbaycanı artıq nüfuzlu beynəlxalq tədbirlərin keçirildiyi məkana çevirilməsinə təkan verir. Onu da qeyd edək ki, Beynəlxalq təşkilatlarla əməkdaşlığın genişləndirilməsi məsələlərinə xüsusi diqqət yetirən Azərbaycan Respublikası İslam, Təhsil, Elm və Mədəniyyət Təşkilatı (ISESCO) ilə də qarşılıqlı faydalı münasibətlər qura bilib. Əlaqələrin daim yüksələn xətt boyunca uğurla inkişaf etdiyi ötən müddət ərzində respublikamızda İslam ölkələrinin qlobal əhəmiyyətli bir çox mühüm mədəni forumları keçirilib.

Bu da məlumdur ki, Azərbaycanın humanitar sahədə keçirdiyi beynəlxalq tədbirlər həmin toplantıların iştirakçıları tərəfindən yüksək dəyərləndirilir. Respublikamızın gündəlik həyatı sülh, sabitlik və qarşılıqlı anlaşma ilə yaşanan ölkələrdən biri olması, belə mötəbər tədbirlərin keçirilməsi üçün böyük zəmin yaradıb. Çünki bir sıra ölkələrdə müşahidə edilən millətlərarası və dini münaqişələr zəminində artan gərginliyin fonunda Azərbaycan öz sabitliyini qoruyub saxlaya bilir. Bunun nəticəsidir ki, hazırda Azərbaycan öz tolerantlığı ilə dünyaya nümunədir. UNESCO tərəfindən qəbul edilən "Tolerantlıq prinsipləri Bəyannaməsi"ndə qeyd edilir ki, tolerantlıq dünya mədəniyyətinin zəngin müxtəlifliyinə, özünüifadə formalarına və insan fərdiliyinin təzahür üsullarına hörmət edilməsini, onların qəbul olunmasını və düzgün anlaşılmasını ifadə edir. Ona bilik, açıqlıq, ünsiyyət və fikir, vicdan, etiqad azadlığı imkan yaradır. Tolerantlıq müxtəliflikdə harmoniyadır. O, təkcə mənəvi borc deyil, həm də siyasi və hüquqi tələbatdır. Tolerantlıq sülhün əldə olunmasına, müharibənin sülh mədəniyyəti ilə əvəzlənməsinə kömək edən məziyyətdir, güzəşt, yumşaqlıq və ya görməməzlik deyil, insanın universal hüquqlarının, əsas azadlıqlarının tanınması əsasında formalaşan fəal münasibətdir. Tolerantlıq insan hüquqlarının, plüralizmin, demokratiya və hüquq qaydalarının təsdiq edilməsinə köməketmə öhdəliyi olmaqla yanaşı, doqmatizmdən, həqiqətin mütləqləşdirilməsindən imtina olunmasını ifadə edən, insan hüquqlarına dair beynəlxalq hüquqi aktlarda müəyyən olunmuş normaları təsdiq edən anlayışdır.

Bu da məlumdur ki, Azərbaycanda etnik azlıqların hüquqlarının müdafiəsi ölkənin siyasi sabitliyinin təminatı və xarici siyasətin prioritet vəzifələrindən biridir. Çoxmillətli və çoxfunksiyalı respublika olan Azərbaycanın milli siyasəti bütün etnik qruplar, o cümlədən, milli azlıqlar üçün şəraitin təmin edilməsi və yaradılmasıdır. Multikulturalizm Azərbaycan dövlətinin milli-mənəvi, ümumbəşəri, humanist dəyərlərə söykənən davamlı və ardıcıl siyasi kursudur. Multikulturalizm bir ideya və termin kimi ilk dəfə Avropada yaransa da, Azərbaycan mühitində artıq cəmiyyətin əxlaq kateqoriyasına çevrilib. Bakıda "Dini etiqad azadlığı, missionerlik fəaliyyəti və media" mövzusunda keçirilən konfransda qeyd olunub ki, müasir dünya ictimaiyyətinin ən mütərəqqi dəyərlərindən biri hesab olunan dini tolerantlıq mühiti Azərbaycan cəmiyyətinin nümunəvi birgəyaşayış normasına çevrilib. Azərbaycan bütün dinlərin, mədəniyyətlərin, fərqli baxışların bir ailə kimi yaşadığı tolerantlıq məkanıdır. Bu gün dünyada çoxmədəniyyətli ölkə imici qazanan Azərbaycanda müxtəlif xalqlar arasında ənənəvi dostluq və qardaşlıq münasibətlərinin, tolerantlığın hökm sürməsi tarixi nailiyyətimizdir. Tarixən tolerant ölkə olan Azərbaycanda müsəlmanlarla yanaşı, katoliklər, provoslavlar, yəhudilər və digər dinlərə etiqad edən insanlar da yaşayırlar. Ulu öndər Heydər Əliyev bu barədə deyib:"Azərbaycanın ən başlıca sərvətlərindən biri, bəlkə də, ən başlıcası qədimlərdən bu torpaqda yaşayan, öz taleyini, öz həyatını bu torpağa bağlayan müxtəlif dinlərə etiqad edən adamlardır". Ölkəmizdə yaşayan müxtəlif xalqlara öz milli-mənəvi dəyərlərini, dini etiqadını, adət-ənənələrini qoruyub saxlamaq, dil və mədəniyyətini inkişaf etdirmək üçün demokratik şəraitin tam təmin edilməsi, Azərbaycanı dünya ölkələri üçün tolerantlıq örnəyinə çevirib. Buna görə də, bir sıra dünya dövlətlər bizim təcrübəmizdən yararlanmağa çalışırlar. İndi dünyada multikulturalizm sahəsində ən optimal model kimi Azərbaycan nümunəsi öyrənilir. Yeri gəlmişkən, 2013-cü ildə 70-dən çox ölkədən 800-ə yaxın tanınmış elm, mədəniyyət xadiminin, Nobel mükafatı laureatlarının toplaşdığı III Bakı Beynəlxalq Humanitar Forumunda qeyd olunub ki, bu sahədə məsələlərin müzakirəsi üçün Bakıda mütəmadi olaraq unikal tribuna, platforma imkanı yaradılır və multikulturalizm nümunəsi olan Azərbaycan ziyalılarının mülahizələri də böyük marağa səbəb olub. Ümumiyyətlə, ölkəmizdə keçirilən çoxsaylı beynəlxalq tədbirlərdə dünyada milli və dini tolerantlığın gücləndirilməsi, multikultural dəyərlərin təbliği, dini zəmində ekstremizmə və ayrı-seçkiliyə qarşı birgə mübarizə yollarının araşdırılması, fərqli dinlərin  və mədəniyyətlərin daşıyıcısı olan insanlar arasında dialoq və qarşılıqlı anlaşmanın bərqərar edilməsi və digər aktual problemlər geniş müzakirə olunur. Bütün bunların nəticəsi olaraq, Azərbaycan dövləti ölkədəki dini ibadət azadlığından və multikultural mühitdən sui-istifadə etməyə cəhd edən müxtəlif təriqətlərin, missioner təşkilatların antimilli fəaliyyətinə qarşı qəti və barışmaz mövqe nümayiş etdirir. Qeyd edək ki, IV Bakı Beynəlxalq Humanitar Forumunun açılış mərasimində Prezident İlham Əliyev Azərbaycanda multikulturalizmin inkişafını yüksək qiymətləndirib: "Multikulturalizm Azərbaycanda həyat tərzidir. Düzdür, bu termin nisbətən yenidir. Ancaq əsrlər boyu Azərbaycanda multimədəniyyətli cəmiyyətlər mövcud olub. Xalqlar arasındakı dostluq və həmrəylik bunun bariz nümunəsidir".

Burada qeyd etmək yerinə düşər ki, dünyanın bir çox ölkələrindən olan siyasətçilər, alimlər, araşdırmaçı-jurnalistlər də ölkəmizdə mövcud olan mutlikutural mühiti çox yüksək qiymətləndirməklə yanaşı, bu fenomeni araşırılmasına və təbliğinə də böyük diqqət ayırırlar. Belə araşdırmaçı jurnalistlərdən biri də Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində (BBMM) tədqiqat təcrübəsi keçən ABŞ-dan olan Peter Teysdir. O, öz tədqiqatları çərçivəsində Bosniya və Herseqovinanın Travnik Universitetində Azərbaycan multikulturalizmi ilə bağlı mühazirə ilə çıxış edib. Tədbir BBMM-in təşkilatçılığı və professor  Dr. Sabahudin Hadzialicin təşəbbüsü ilə baş tutub. Peter Teys  mühazirəsində Azərbaycanın multikultural dəyərləri, Dağlıq Qarabağ münaqişəsi və Ermənistan silahlı qüvvələri tərəfindən insanlıq əleyhinə törədilən cinayətlərdən bəhs edib. Mühazirədə eyni zamanda Azərbaycanın qədim arxitektura ənənələrinə, Memar Əcəmi Naxçıvani tərəfindən yaradılan abidələrin arxitektura baxımından unikallığına xüsusi yer ayrılıb.

Peter Teys Azərbaycanın 25 ildən çoxdur işğal olunmuş ərazilərində aparılan ətraf mühitin məhv edilməsi, mədəni və dini abidələrin tamamilə dağıdılmasına yönəldilən fəaliyyət və Azərbaycanın mülki vətəndaşlarının Ermənistan Silahlı Qüvvələri tərəfindən 1987-ci ildən bugünə qədər öldürülməsi həqiqətlərindən danışıb. O qeyd edib ki, Ermənistan və Azərbaycan arasında münaqişənin müasir mərhələsi 1987-ci ildə Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Xankəndi ərazisindəki hücumları ilə başlayıb, daha sonra Azərbaycanın Dağlıq Qarabağ da daxil olmaqla 7 ətraf rayonunun Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunub. Bütün bu ərazilər etnik təmizləməyə məruz qalıb, Dağlıq Qarabağın erməni icmasının öz müqəddəratını təyinetmə ilə bağlı iddialarına baxmayaraq, 1 milyona yaxın azərbaycanlı öz dogma torpaqlarından zorla çıxarılıb, qaçqın və məcburi köçkün vəziyyətinə düşüblər. Araşdırmaçı-juranlist Peter Teys öz mühazirəsində ölkəmizdə müxtəlif xalqların və dinlərin nümayəndələrinin bir ailə kimi yaşamalarından, eləcə də yəhudilərin Azərbaycanda məskunlaşması üçün yaradılan şəraitdən, onların kompakt şəkildə məskunlaşdıqları Quba rayonu Qırmızı Qəsəbəsinin unikallığından, eləcə də Azərbaycanda antisemitizm heç bir zaman mövcud olmamasından, buranın bütün dinlər və millətlər üçün təhlükəsiz məkan olmasından geniş söz açıb. Mühazirədə Sarayevo və Bakı şəhərləri arasında qardaşlaşmış şəhərlər haqqında sazişin 42 illik yubileyi xüsusi vurğulanıb. 200-ə yaxın tələbənin, həmçinin Azərbaycanın Bosniya və Herseqovinadakı diplomatik nümayəndiliyinin müşaviri Elnur Quliyevin də iştirak etdiyi mühazirədə  Peter Teys adıçəkilən hər iki ölkə arasında münasibətlərin yüksək səviyyəsindən söz açıb, 2017-ci ilin mart ayında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə Bosniya və Herseqovinanın Rəyasət Heyətinin sədri Mladen İvaniç və 2017-ci ilin sentyabrında Astanada Bosniya və Herseqovinanın Rəyasət Heyətinin üzvü Bakir İzetbeqoviç ilə yaddaqalan görüşünü xatırladıb və bu görüşlərin qarşılıqlı əməkdaşlıq üçün xüsusi əhəmiyyət kəsb etdiyini vurğulayıb.

ABŞ-dan olan siyasi araşdırmaçı Universitetin tələbələri ilə görüşdə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin fəaliyyəti və həyata keçirdiyi tədbirlər, eləcə də Mərkəzin Himayəçilər Şurasının sədri, Azərbaycan Dillər Universitetinin rektoru, akademik Kamal Abdullayevin rəhbərliyi ilə Universitetdə mövcud təcrübə, Amerikan Mərkəzi, Çin mədəniyyət mərkəzi və müxtəlif dillərdə tədqiqat aparmağın mümkünlüyü barədə məlumat verib. Universitetin kitabxanasına Azərbaycan multikulturalizminə dair kitablar hədiyyə olunub.

 

 “Paralel”in
Araşdırma Qrupu
Yazı Azərbaycan
Respublikasının
Prezidenti yanında
KİV-ə Dövlət Dəstəyi
Fondunun maliyyə
dəstəyilə çap olunub

0.15542507171631