"Multikulturalizm Azərbaycanda həyat tərzidir,
dövlət siyasətidir və alternativi yoxdur"

Ölkəmizdə fəaliyyət göstərən çoxsaylı QHT-lər də multikulturalizmin
və tolerantlığın təbliği istiqamətində fəallıq göstərirlər

 Azərbaycanda tolerantlığın, multikulturalizmin qorunması və inkişaf etdirilməsi, eyni zamanda dövlət-din münasibətlərinin tənzimlənməsi sahəsində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin gördüyü işlər cəmiyyət tərəfindən yüksək qiymətləndirilir və təqdir olunur.

Çünki Dövlət Komitəsi bu sahədəki fəaliyyətində maarifləndirmə işinə daha çox üstünlük verir. Bu da səbəbsiz deyil, bildiyiniz kimi, multikulturalizm ənənələrinin inkişafı, qorunması və möhkəmləndirilməsinin ən effektiv yol da, məhz maarifləndirmə və təbliğatdan keçir. Buna görə də Dövlət Komitəsi son zamanlar maarifçiliyin keyfiyyətinə diqqəti daha da artırıb, eyni zamanda ölkənin bütün regionlarında dini icma nümayəndələri, dindarlar və ictimaiyyətlə silsilə konfranslar, müşavirələr, "dəyirmi masa"lar təşkil edir. Bu tədbirlər, əsasən, fərqli din və məzhəb mənsubları arasında dözümsüzlük, ayrıseçkilik hallarına yol verilməməsi, dini icmaların fəaliyyətində tolerantlığın və multikulturalizmin gücləndirilməsi, cəmiyyətdə radikalizm meyillərinin qarşısının alınması və dini icmaların bu işə cəlb olunması məqsədi daşıyır. Bu istiqamətdə işlər əsasən, elektron kütləvi informasiya vasitələri, mətbu orqanlar və Dövlət Komitəsi tərəfindən hazırlanan nəşrlər vasitəsilə həyata keçirilir. Bunun üçün də müxtəlif təbliğat vasitələrinin nəşr etdirilərək, dini icmalara çatdırılması təmin olunur. Çap olunan nəşrlər arasında "Heydər Əliyev siyasəti: Tolerantlıq", "İlham Əliyev: Azərbaycan tolerantlıq örnəyidir", "Tolerantlıq: bildiklərimiz və bilmədiklərimiz", "İslamda Vətən və dövlət sevgisi" və s. kitablar milli-mənəvi dəyərlərimizin qorunması və təbliği, ölkəmizdə tarixən mövcud olan tolerantlıq və multikultural ənənələrin inkişaf etdirilməsi baxımından böyük önəm daşıyır. Ölkəmizdə tolerantlığın və multikultural dəyərlərin təbliğində Dövlət Komitəsinin mətbu orqanları - "Dövlət və Din" jurnalı, "Cəmiyyət və Din" qəzeti, həmçinin İctimai Televiziyada yayımlanan və müəllif proqramı olan "Din və Cəmiyyət" verilişi xüsusi rol oynayır və əhaliyə sağlam dini bilgilərin verilməsi sahəsində fəaliyyətlərini uğurla davam etdirirlər.

Azərbaycan Respublikasının Prezident İlham Əliyev öz çıxışlarında dəfələrlə vurğulayıb ki, multikulturalizm Azərbaycanda həyat tərzidir, dövlət siyasətidir və alternativi yoxdur. Bu anlayış multikulturalizmin hakim olduğu bütün dövlətlər üçün xarakterikdir. Hansısa qanunu və ya idarəetmə formasını istənilən vaxt yenisi ilə əvəzləmək mümkündür. Ancaq xalqın mədəniyyətini yüz illər keçsə belə, dəyişmək mümkün deyil. Bu gün Azərbaycan özünün uzun əsrlərin süzgəcindən süzülüb gələn zəngin multikulturalizm modelini dünyaya təqdim edir. Azərbaycanın bu sahədəki təcrübəsi kifayət qədərdir və qədim tarixə malikdir. Ölkəmizdə kilsə, sinaqoq və məscidlər azad, sərbəst, təhlükəsiz, qarşılıqlı hörmət əsasında, tolerantlıq şəraitində fəaliyyət göstərirlər. Təbii ki, belə bir mühit dövlətin apardığı siyasət və xalqın unikal daxili birgəyaşayış mədəniyyətini həyat tərzinə çevirməsi nəticəsində formalaşıb. Tarixən müxtəlif etno-mədəni qrupların və dini konfessiyaların birgə yaşadığı ölkəmizdə multikulturalizm siyasətinin banisi heç şübhəsiz ki, Ümummilli Lider Heydər Əliyevdir. Ulu Öndərin ikinci dəfə xalqın təkidli tələbi ilə siyasi hakimiyyətə qayıdışından sonra Azərbaycanı nəinki vətəndaş müharibəsindən qurtardı, eyni zamanda ölkəmizdə mövcud olan bütün milli azlıqları vahid azərbaycançılıq ideologiyası ətrafında birləşdirməyə nail oldu. Onun həyata keçirdiyi bu siyasət Prezident İlham Əliyev tərəfindən bu gün uğurla davam etdirilir. Bir sözlə, multikultural və tolerant dəyərlər Azərbaycanın mənəvi sərvətidir. Hazırda Azərbaycan dünyada bu dəyərlərin ən böyük ixracatçısına çevrilib.

Bununla belə qeyd etmək lazımdır ki, ölkəmizdə multikultural dəyərlərin qorunması, inkişaf etdirilməsi, təkcə dövlətin və dövlət qurumlarının işi deyil, burada ölkəmizdə fəaliyyət göstərən çoxsaylı QHT-lər də fəallıq göstərməlidirlər. Azərbaycan Respublikasının Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası və Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə "Qeyri-hökumət təşkilatları və dini icmalar: əməkdaşlıqdan birgə fəaliyyətə doğru" mövzusunda keçirilən konfransda da bu məsələ geniş müzakirə olunub.

Konfransda çıxış edən Şura sədri, deputat Azay Quliyev prezident İlham Əliyevin inanclı insanlara, dini konfensiyaların rəhbərlərinə hər zaman böyük hörmətlə yanaşdığını qeyd edərək bildirib ki, ölkəmizdə sabit ictimai-siyasi durumun bərqərar olmasında dini icmaların da böyük rolu var. O qeyd edib ki, bu sahədə vətəndaş cəmiyyəti institutlarının da üzərinə böyük vəzifələr düşür. Azay Quliyev diqqətin beş əsas məsələyə yönəldilməsinin vacibliyini vurğulayıb.

Birinci məsələ dini radikalizmə qarşı mübarizənin təşkildir. Bu sahədə dini icmalar və QHT-lərin qarşılıqlı faydalı əməkdaşlığı cəmiyyətimizə böyük töhfə verə bilər. Çünki, Azərbaycanda dini ayrıseçkilik törətməyə, dini radikalizmin yayılmasına çalışan, ölkəmizdəki ictimai-siyasi sabitlikdən, tolerantlıq mühitindən narahat olan qüvvələrin mövcudluğu heç kimə sirr deyil. Doğrudur, bütün bu təhlükəli meyillərin qarşısının alınması üçün Prezident İlham Əliyevin rəhbərliyi altında məqsədyönlü və davamlı dövlət siyasəti həyata keçirilir. Bununla belə, Dövlət Təhlükəsizlik Xidmətindən verilən açıqlamaya görə, ölkəmizdən 900 nəfər İŞİD-in sıralarına qatılıb. Onlardan 85 nəfər hazırda həbsdədir, 195 nəfər isə vətəndaşlıqdan çıxarılıb. Bu da məlum həqiqətdir ki, yuxarıda qeyd olunan mənfiliklərə baxmayaraq, Dini Komitə və Qafqaz Müsəlmanları Ruhani İdarəsi ölkəmizdəki çoxəsrlik multikultral, tolerantlıq mühitinin qorunub saxlanılması, məzhəblər arasında vəhdətin təmin olunması ilə bağlı bütün zəruri addımları atır. Müvafiq dövlət orqanları üzərlərinə düşən işi uğurla icra edirlər. Ancaq bu cür qlobal, bütün cəmiyyəti narahat edən məsələlərlə bağlı məsuliyyət, yalnız hüquq-mühafizə orqanlarının, müvafiq aidiyyatı qurumların üzərinə atılmamalıdır. QHT-lər dini radikalizm və dini ekstremizmə qarşı mübarizənin ən ön sıralarda yer almalıdırlar.

Bildiyiniz kimi, son zamanlar ölkəmizdə dinin siyasiləşdirilməsi istiqamətində ciddi işlərin görüldüyü ortaya sıxdı, buna görə də ikinci mühüm məsələ islam dinin siyasiləşdirilməsi cəhdlərinin qarşısının alınmasıdır. Ölkəmizdə islam dinini siyasiləşdirməyə cəhd göstərənlərlə, konstitusiya quruluşunun dəyişdirilməsinə çağırış edənlərlə bağlı müvafiq ölçü götürüldükdən sonra anti-azərbaycan fəaliyyəti ilə tanınan bəzi QHT-lər də, onları siyasi məhbus elan etməyə cəhdlər göstərməyə başladılar. Əslində isə QHT-lərimiz sağlam dövlətçilik mövqeyindən çıxış edərək belə şəxsləri və qüvvələri birmənalı  pisləməli və onları ictimai qınağa çəkməlidirlər. 

Şura sədrinin fikrincə, üçüncü mühüm təhlükəli məsələ xristian dininin qeyri-ənənəvi cərəyanlarının mənsubu olan missionerlərin milli-mənəvi düşüncə sistemimizə, gənclərin vətənpərvərlik tərbiyəsinə zərbə vurmağa çalışmalarıdır. Onlar müharibə vəziyyətində olan ölkəmizin vətəndaşlarına əldə silah tutmağın, düşmənə qarşı vuruşmağın günah olduğunu təbliğ edirlər.

Dördüncü əsas məsələ isə dini maarifləndirmənin gücləndirilməsidir. Bu fəaliyyyətlə məşğul olan şəxslər, dini icma rəhbərləri, ruhanilər hərtərəfli biliyə sahib olmalıdırlar ki, onların apardığı təbliğatın da səmərəsi olsun: "Etiraf edək ki, heç də islam dininin təbliği ilə məşğul olan icma rəhbərlərimizin hamısı qeyri-ənənəvi dini cərəyanlara qarşı mübarizədə yetərincə intellekt nümayiş etdirə bilmirlər. Bu da öz növbəsində inanclı, ancaq savadsız vətəndaşlarımızın bəzən radikal dini qrupların təsiri altına düşmələrinə səbəb olur. Biz də bir Şura olaraq bunun qarşısının alınması, bu sahə üzrə maarifləndirmə hərakatını daha da genişləndirmək, xurafatın qarşısının alınması, mövhumatçılıqla effektiv mübarizə üçün mütəxəssislərin sərbəst mühazirələrinin təşkil olunduğu ictimai müzakirə mərkəzinin yaradılmasına dəstək verməyə hazırıq. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Qafqaz Müsəlmanları Ruhani İdarəsi və QHT-lər bu mərkəzin təşkilində yaxından iştirak etməlidirlər".

Şura sədri, deputar Azay Quliyev beşinci mühüm məsələnin müasir dövrdə ictimai rəyin formalaşdırılmasında dominant rola malik sosial şəbəkələrdə islam və digər səmavi dinlərin həqiqi mahiyyətinin məqsədli şəkildə təhrif olunduğu informasiyaların yayılması, təhlükəli çağırışların edilməsi olduğunu bildirib. O, belə hallara qarşı effektiv mübarizə mexanizmlərinin müəyyən olunmasının vacibliyini xüsusi qeyd edərək bildirib ki, bu gün dini radikalizmi, hətta terrorizmi təbliğ edən sosial şəbəkə hesabları, saytlar mövcuddur. Onlara qanrşı mübarizə isə hər birimizin vətəndaşlıq borcudur.

 Yazının hazırlanmasında Dini Qurumlarla İş üzrə Dövlət komitəsinin və  QHT-lərə Dövlət Dəstəyi Şurasının materiallarından istifadə olunub.

  “Paralel”in
Araşdırma Qrupu
Yazı Azərbaycan
Respublikasının
Prezidenti yanında
KİV-ə Dövlət Dəstəyi
Fondunun maliyyə
dəstəyilə çap olunub

1.8720531463623