Azərbaycan dünyanın sabit,
multikulturalizmi yaşadan, qoruyan ölkədir

Qərb və Şərq sivilizasiyaları arasında qarşılıqlı əlaqə və əməkdaşlığa zərurət  artıb

 Müasir dünyamızda dini və etnik zəmində baş verən münaqişələrin, anlaşılmazlıqların əksəriyyəti, məhz multikultural dəyərlərə, onun tərkib hissəsi olan tolerantlıq prinsiplərinə riayət olunmamasının nəticəsidir.

Multikultural mühitin, eləcə də dözümlülüyün zəifləməsi, bəşəriyyətin tarixən can atdığı sivil dəyərləri sarsıdır və tolerantlıq düşüncəsinə böyük zərbə vurur. Bu gün dünyanın bir çox yerlərində baş verən bu proseslərə baxmayaraq, Azərbaycanda tarixən mövcud olan tolerant və multikultural mühit bütün dünyada ən müasir və mütərəqqi cəmiyyət modeli kimi qəbul olunur.

Zəngin ənənələrə və mədəni irsə malik ölkə olan Azərbaycanda əsrlər boyu müxtəlif millətlərin və dinlərin nümayəndələri birlikdə, sülh və əmin-amanlıq şəraitində yaşayıblar və bu gün də yaşamaqda davam edirlər. Azərbaycanın tarixi, iqtisadi və mədəni xüsusiyyətləri sayəsində ölkə əhalisinin dünyagörüşü tolerantlıq, başqa xalqların və milli azlıqların mədəniyyətinə, dəyərlərinə, adət-ənənələrinə hörmət şəraitində formalaşıb. Bu gün müstəqil Azərbaycanın dövlət siyasətində tolerantlıq və multikulturalizm prioritet məsələdir.

 Ölkəmizdə müxtəlif dini, milli dəyərlərə məxsus insanların siyasi və hüquqi bərabərliyinin təmin olunması, etnik azlıqların milli-mədəni inkişafına qanunla əsas yaradılması, cəmiyyətin də bu prosesə normal yaşayış qaydası kimi baxması, ölkədə birliyin sarsılmazlığını təmin edir. Buna görə də Azərbaycan bu gün dünyanın ən sabit, multikulturalizmi yaşadan, qoruyan ölkələrindən biridir.

Ümummilli lider Heydər Əliyevin "Dövlət, ölkə nə qədər çox xalqı birləşdirsə, bir o qədər zəngin olur, çünki onların hər biri ümumdünya mədəniyyətinə və sivilizasiyasına öz töhfəsini verir" - ifadəsi Azərbaycanın real vəziyyətini əks etdirməklə yanaşı, ölkəmizdə yaşayan milli azlıq və etnik qrupların mədəni irsinin qorunub saxlanılması və inkişaf etdirilməsi, habelə xalqlar arasında qarşılıqlı anlaşma və dostluq münasibətlərinin möhkəmləndirilməsi istiqamətində atılan əhəmiyyətli addımların bariz nümunəsidir.

Bugünkü qloballaşan dünyanın səciyyəvi cəhətlərindən biri də, müxtəlif xalqlar arasında əlaqələrin sürətlə genişlənməsi, müxtəlif sivilizasiyaların bir-birinə yaxınlaşması və bu sivilizasiyaların bütün bəşəriyyətə xas olan ümumi ideya və idealların xüsusi çəkisinin artmasıdır. Müasir dövrdə Qərb və Şərq sivilizasiyaları arasında qarşılıqlı əlaqə və əməkdaşlığa zərurət daha da artıb. Onların hərtərəfli əməkdaşlıqı və dialoqu zamanın tələbidir. Bu baxımdan, Azərbaycan artıq sivilizasiyalararası dialoqa mühüm töhfə verən, beynəlxalq humanitar forumlara ev sahibliyi edən bütün xalqlara tolerantlıq nümunəsi göstərən bir ölkəyə çevrilib. Azərbaycanda yüksək tolerantlıq ənənələrinin formalaşması və təkmilləşməsi onun dünya sivilizasiyasına mühüm töhfə verdiyini göstərir. Multikulturalizmin həyat tərzinə çevrildiyi Azərbaycan, dünyaya nadir tolerantlıq nümunəsi kimi təqdim olunur. BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumunun Azərbaycanda keçirilməsi də, bunu bir daha sübut edir. Azərbaycan Prezidenti İlham Əliyevin bu forumda dediyi sözlər də buna əyani sübutdur: "Azərbaycan əsrlər boyu dinlər, mədəniyyətlər və sivilizasiyaların bir araya gəldiyi məkan olub".

Bu gün bütün bəşəriyyəti düşündürən əsas problemlərdən biri də dinlər arasında qarşıdurmanı aradan qaldırmaq və onları dialoq və əməkdaşlıba sövq etməkdir. Məhz  dinlər və həmin dinlərə inam və etiqad, sözün həqiqi mənasında, indiki qloballaşma dövründə xüsusi məna kəsb edir.

Görkəmli ərəb mütəfəkkiri Əl-Həsən bin Təlali məsələnin aktuallığından danışarkən belə deyib: "İndi biz dini dözümsüzlüyə yol verməməliyik. Məlumatın azad mübadiləsini təmin edərək dünyaya, öz müqəddəs kitablarımıza, digər dinlərin müqəddəs kitablarına yeni gözlə baxaraq, bizi ayıran cəhətləri aradan götürməli, bizi birləşdirən cəhətləri ümumiləşdirməliyik". Ərəb mütəfəkkirinin bu sözləri Qurani-Kərimdə də, öz  əksini tapıb. "Ey insanlar! ... Biz sizi kəslər və xalqlar etdik ki, bir-birinizi tanıyasınız. Bir-birinizə nifrət etməyəsiniz" (Surə 49/13). Bu müqəddəs kitabın mətnində istər dindarlar, istərsə də digər insanlar üçün ümumbəşəri əxlaq və mədəniyyət norma və prinsipləri həkk olunub. Onlar hər bir xalqın, millətin, etnik qrupun özlərinə xas olan milli xüsusiyyət və xarakterləri zəminində baş verir. Bu cəhətdən Azərbaycan xüsusilə fərqlənir. Azərbaycanda müstəqillik dövründə mədəniyyətlərin dini və dünyəvi tərəfləri də sabit inkişaf edir. Adi vətəndaşlar da dinimizin əsas müddəalarına və qaydalarına könüllü olaraq əməl edir, dini mərasim və bayramlarda həvəslə iştirak edirlər. İslami dəyərlərin müasir həyatımızda rolu və yeri yüksək qiymətləndirilir. Bu isə Azərbaycanda multikulturalizmin dövlət siyasəti olması, dövlət-din münasibətlərinin yüksək səviyyədə qurulmasının bariz nümunəsidir. Belə ki, bu siyasət özünü əyani şəkildə ölkəmizdə dini azadlıqların təmin edilməsində, bütün dinlərin, dini məzhəblərin qanun qarşısında bərabər olmasında, onların fəaliyyətlərinə dövlət tərəfindən hər cür dəstək göstərilməsində və dinlərarası münasibətlərin qarşılıqlı əməkdaşlıq əsasında qurulmasında göstərir. Ulu öndər Heydər Əliyevin dediyi kimi, "Dövlət insanlara bütün azadlıqları verib və vicdan azadlıqlarını, din azadlıqlarını öz siyasətinin əsas hissəsi hesab edir. Azərbaycan Respublikasının Konstitusiyası da, din və vicdan azadlıqlarını təsbit edir, biz də bir dövlət olaraq bunun təmin olunmasının qarantıyıq".

Bu da onu deməyə əsas verir ki, ölkəmizdə milli-mənəvi dəyərlərlə yanaşı, tolerantlıq ənənələrinin də qorunub inkişaf etdirilməsinə böyük önəm verilir və bu ənənələr xalqımızın milli-mənəvi dəyərlərinin tərkib hissəsidir.

Bu gün bütün sivil bəşəriyyət birmənalı olaraq qəbul edir ki, Azərbaycan Respublikasının Prezident İlham Əliyevin 2017-ci ili "İslam Həmrəyliyi İli" elan etməsi, təkcə islam dünyasına deyil, ümumiyyətlə bütün dünyaya bir mesajdır.  Çünki ölkəmizdə mövcud olan tolerantlıq və multikulturalizm dünyaya nümunə olduğu kimi İslam həmrəyliyi çağırışının da dünyaya örnək olacağına heç bir şübhə yoxdur. Buna görə də 2017-ci ilin ölkəmizdə "İslam Həmrəyliyi İli" elan olunması məzhəblərarası münaqişələrin tüğyan etdiyi müsəlman ölkələri üçün də bir nümunə olmalıdır.

Bildiyiniz kimi, dövlətimizin başçısı, prezident İlham Əliyevin sərəncamı ilə  2016-cı il ölkəmizdə "Multikulturalizm ili" elan olunmuşdu və bu sərəncamdan irəli gələn məsələlərin həllində ölkəmizdə fəaliyyət göstərən qurumlarla yanaşı bir çox xarici ölkələrdə çalışan diaspora təşkilatlarımız da yaxından iştirak ediblər. Məsələn, Almaniyanın Frankfurt-Mayn şəhərində keçirilən beynəlxalq kitab yarmarkasında Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə ölkəmiz də milli stendlə təmsil olunub və bu tədbir çərçivəsində "Azərbaycanda multikultural dəyərlər" adlı tədbir keçirilib. Tədbir iştirakçılarına multikultural dəyərlərin ölkəmizdə ta qədim zamandan mövcud olması, azsaylı xalqların və etnik qrupların mədəniyyətinin qorunması və inkişafına dövlət tərəfində göstərilən qayğı və dəstək baradə geniş məlumat verilib. Ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin bu mövzunu daim diqqətdə saxlaması, multikulturalizmin Azərbaycanda dövlət siyasəti olması diqqətə çatdırılıb.

O da qeyd olunub ki, BMT Sivilizasiyalar Alyansının VII Qlobal Forumunun   Bakıda keçirilməsi də, dünya ölkələrinin Azərbaycandakı multikultural mühitə  münasibətinin real ifadəsidir. "Multikulturalizm ili"ndə respublikamızın hər yerində çoxsaylı sərgilər, festivallar, kitab təqdimatları və başqa tədbirlər keçirilib. Multikultural dəyərlərin qorunması və inkişaf etdirilməsi üzrə bir modelə çevrilən Azərbaycan bu dəyərlərin dünyada təşviqində mühüm rol oynayır və xarici hökumətlərlə, beynəlxalq təşkilatlarla mövcud əməkdaşlıq əlaqələrini yüksələn xətt üzrə davam etdirir.

Tədbir iştirakçılarının diqqətinə çatdırılıb ki, Azərbaycan yüz illərdir multikultural dəyərlərin bərqərar olduğu unikal bir ölkədir. Bu dəyərlərin sahibi və daşıyıcısı isə Azərbaycan xalqıdır. Müasir Azərbaycan dövlətinin əsas ideologiyasının təməllərindən biri də, məhz ölkədəki bütün dinlərin və millətlərin nümayəndələrinə hörmətlə yanaşılması, o cümlədən dini azadlıqların qorunması və tolerantlıq dəyərlərinin bərqərar olmasıdır.

Prezident İlham Əliyev ümummilli lider tərəfindən əsası qoyulan bu siyasəti uğurla davam etdirir. Dövlət başçısı çıxışlarında hər zaman qeyd edir ki, multikulturalizm Azərbaycan xalqının həyat tərzidir. Multikulturalizmin vətəndaş cəmiyyətində həyat tərzinə çevrilməsi və bu mərhələdə bəşəri dəyərlərin, mərhəmət, şəfqət, acıma, dözümlülük, dəyərvermə kimi hisslərin yayılması, onun inkişafının ən yüksək mərhələsi olduğunu göstərir. Həmçinin bu, multikulturalizm ideyalarının ictimai şüurda möhkəmlənməsini və bərabər siyasi münasibətin öz növbəsində konfessiyaların bir-birinə və hər birinin ayrılıqda dövlətə tolerant münasibətini şərtləndirir.

 “Paralel”in
Araşdırma Qrupu
Yazı Azərbaycan
Respublikasının
Prezidenti yanında
KİV-ə Dövlət Dəstəyi
Fondunun maliyyə
dəstəyilə çap olunub

1.9629828929901