ADU-da Maslenitsa bayramı

Pravoslav aləminin ənənəvi bayramı olan Maslenitsa Azərbaycanda da qeyd edilir. Bu münasibətlə Azərbaycan Dillər Universitetindəki Rusiyaşünaslıq Mərkəzinin təşkilatçılığı ilə bayram tədbiri keçirilib.

Kult.az xəbər verir ki, universitetin rektoru, akademik Kamal Abdullayevin, professor-müəllim heyətinin və tələbələrin iştirak etdikləri tədbirə, həmçinin Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı səfirliyinin birinci katibi Yevgeni Proxorenko, “Rossotrudniçestvo” agentliyinin Azərbaycandakı nümayəndəliyinin sədr müavini Aleksandr Kalamin, həmçinin Rusiya İnformasiya-Mədəniyyət Mərkəzinin ölkəmizdəki təmsilçiləri dəvət olunublar.

A.Kalamin bildirib ki, RF-nin Azərbaycandakı səfirliyi və Rusiyanın MDB işləri, xaricdə yaşayan həmvətənlər və beynəlxalq humanitar əməkdaşlıq üzrə Federal Agentliyi “Rossodtrudniçestvo” ADU-nun Rusiyaşünaslıq Mərkəzini ictimai-humanitar diskussiyaların təşkili və aparılması üçün əlverişli məkan hesab edirlər. O, səmimi qəbul üçün universitetin rəhbərliyinə və əməkdaşlarına təşəkkürünü bildirib.

Y.Proxorenko qeyd edib ki, parlaq və rəngarəng bayramı belə səmimi şəraitdə qarşılamaq onun üçün çox xoşdur.

ADU-nun Rusiyaşünaslıq Mərkəzinin müdiri, professor Məmməd Əliyev ümidvar olduğunu bildirib ki, müxtəlif slavyan bayramlarının keçirilməsi Azərbaycan Dillər Universitetində xoş bir ənənəyə çevriləcək.

Qeyd edək ki, Maslenitsa bayramı baharın qışı əvəz etməsinin rəmzidir və böyük pəhriz ərəfəsində tox və şən həyatın sonuncu təzahürüdür.

 

0.12741589546204