Qəbələ müxtəlif millətlərdən ibarət
rəngarəng gül dəstəsinə bənzəyir

Azərbaycanın tarixən bir çox millətlərin, xalqların, etnosların, eləcə də müxtəlif dinlərə sitayiş edən insanların məskunlaşdığı unikal bir ölkə olduğu artıq bütün dünyaya bəllidir.

Azərbaycanda mövcud olan multikultural və tolerant mühit dövlət tərəfindən qorunur, inkişaf etdirilir və bütün dünyada təbliği üçün böyük işlər görülür. Tolerantlığın təbliği üçün görülən işlərdən biri də, dövri mətbuatda bu barədə silsilə yazıların dərc olunmasıdır. Bu yazılarda məqsəd həm respublikamızda, həm də onun hüdüdlarından kənarda ölkəmizdə mövcud olan real vəziyyəti göstərmək, bu yolla da gənclər arasında maarifləndirmə işini gücləndirməkdir. Bu gün biz ölkəmizin ən qədim yaşayış məskənlərindən biri olan Qəbələ rayonunda məskunlaşan bir sıra xalqların tarixi və mənşəyi ilə sizləri tanış etmək istəyirik.

Beləliklə, yolumuz Qəbələ rayonunadır. Qəbələ rayonunda öz ünikallığı ilə seçilən dünyaca məşhur bir kənd var. Bu rayon mərkəzindən 40 km aralıda yerləşən qədim tarixə malik Nic kəndidir. O kənd ki, əsrlər boyu müxtəlif dinlərə, dillərə, adət-ənənələrə mənsub insanlar bir yerdə, sülh şəraitində yaşamaqla dünyaya nümunə sayılıblar. Təkcə Azərbaycanda deyil, dünya miqyasında yaxşı tanınan bu kənd haqqında danışılanda ilk növbədə onun sakinləri olan udinlər yada düşür. Amma burada qədim alban əhalisinin törəmələri olan udinlərlə yanaşı, azərbaycanlılar və ləzgilər də yaşayırlar.

Qəbələ rayon İcra Hakimiyyətindən öyrəndik ki, Nicin əhalisinin 50%-ni udinlər, 40%-ni azərbaycanlılar, 10%-i isə ləzgilər təşkil edir.

Nic həm də Azərbaycana gələn turistlərin maraqlı baş çəkdiyi yaşayış məntəqələrindən biridir. Turistləri təkcə Nicdə mövcud olan tarixi abidələr, təbiət maraqlandırmır, onlar həm də dinlərin qovuşduğu bu tolerant məkanda bir neçə xalqın necə qaynayıb-qarışmasına maraq göstərirlər. Nicə il ərzində təxminən 2500 - 3000 turist gəlir.

İndi isə keçək tarixə, Qəbələ ölkəmizin etnik baxımdan zəngin bölgələrindən biridir. Rayonun səfalı, füsunkar təbiəti ilə yanaşı onu səciyyələndirən başlıca amillərdən biri də, burada bir çox etnosların, azsaylı xalqların məskunlaşmasıdır. Yuxarıda da qeyd etdiyimiz kimi, bu kəndlərin arasında ən məşhuru, əsasən udinlərin məskunlaşdığı Nic kəndidir. Burada əhalinin sayı 4000 nəfərə yaxındır. Udinlərə aid ilk məlumat hələ 2500 il bundan əvvəl verilib. Bu etnosun əcdadları olan utilər haqqında e.ə. V əsr yunan müəllifi Herodotun "Tarix" əsərində məlumat var. E.ə. I əsrdə yaşayan Strabonun "Coğrafiya" əsərində Xəzər dənizi və Qafqaz Albaniyası haqqında məlumatında utilərdən söhbət açılır. Udi sözünə termin kimi ilk dəfə Böyük Plininin (l əsr) "Həqiqi tarix" əsərində rast gəlinir. Ptolomeyin (II əsr) "Coğrafiya" əsərində, Xəzər dənizinin ətrafında müxtəlif tayfaların, o cümlədən -udinlərin yaşadığı göstərir. Utilər Alban çarlığının yaranmasında mühüm rolu olan 26 alban tayfalarından biridir. Udilər əsrlər boyu Qafqaz Albaniyasında yaşayan tayfalardan biri olub. Udilər Qafqazın qədim sakinlərindəndirlər və dilləri Qafqaz dilləri ailəsinin ləzgi yarımqrupuna məxsus olub, çoxlu qədim ünsürləri özündə qoruyub saxlaya bilib.

Dünyanın etnik xəritəsində udi adlı etnos bu gün yalnız Azərbaycan ərazisində mövcuddur. Udi dilinin əlifbası yoxdur. Udi dilinin üç dialekti var : Oğuz , Nic , Oktomberi (Gürcüstanda kənd). Nic dialekti də öz növbəsində 3 hissəyə bölünür: aşağı, aralıq və yuxarı. Belə ehtimal var ki, bu hissələr özləri də Tovuz rayonu, Kirzan kəndi və Arsaxdan (Qarabağ, Seysulla kəndi, Həsənqala) olan müxtəlif udin qruplarına uyğun olaraq ayrı-ayrılıqda dialektdir. Bu tayfalar sonradan əsrlər boyu yaşadıqları ərazilərdə ermənilərin məskunlaşdırılması nəticəsində Nic və Oğuz ərazilərinə köçüblər. Vartaşen dialekti də öz növbəsində 2 hissəyə bölünür: vartaşen və oktomberi (zinobiani).

 Keçmişdə udilər yalnız Qafqaz Albaniyasının ərazisində qeydə alınıblar. Tarixən Günəşə, Aya sitayiş edən udinlər IV əsrin əvvəllərində xristianlığı qəbul ediblər və bu günə kimi də inanclarını qoruyub saxlayıblar. Əslində, udilərin əlifbası olub. Alban əlifbası V əsrdə yaradılıb və 52 hərfdən ibarət olub. Tarixi proseslər nəticəsində bu əlfbadan hazırda istifadə olunmur.

1996-ci ildə Misirin Sinay yarımadasında yerləşən Müqəddəs Yekaterina kilsəsində Gürcüstan Elmlər Akademiyasının müxbir üzvü Zaza Aleksidze gürcü-alban əlyazmasını (palimpsest) tapıb. Bu əlyazmada gürcü dilində yazılan mətnin altında alban dilində yazılar aşkar edilib. Bu yazıların sifrinin açılması yalnız udi dilinin istifadəsi ilə mümkün olub. Beləliklə, bir çox alimlərin fikrincə, Qafqaz Albaniyasının yazılı dili kimi, udi dili sayıla bilər, daha dəqiq olsaq müasir udi dilinin əcdadı, qədimi udi dilidir. 2009-cu ildə qeyd olunan əlyazmanın deşifrəsi ayrıca kitab kimi nəşr olunub.

Utilər haqqında daha ətraflı VIII əsrdə yaşayan Moisey Kalankatuklunun "Alban tarixi" əsərində məlumat verilib.

Udilər Qafqaz Albaniyasının yaradıcısı olan 26 tayfadan biri olmaqla, həm də Qafqaz Albaniyasında başlıca rol oynayan tayfalardan biri olub. Buna görə də Qafqaz Albaniyasının payxtaxtları Qəbələ və Bərdə Udilərin Tarixən yaşadığı yerlər olub. Tarixən Udilər daha çox ərazilərdə məskunlaşıblar Xəzər dənizindən Qafqaz Dağlarına qədər, Kür çayının həm sağ, həm də sol tərəfində.  Qafqaz Albaniyasının viləyətlərindən biri isə Uti adlanıb. Qafqaz Albaniyası Ərəblər tərəfindən zəbt ediləndən sonra Udilərin yaşadığı ərazilər və Udilərin sayı azalıb.

Müxtəlif tarixlərdə xatırlanan xəzər boyları haqqındakı məlumatlar min ildən artıq bir dövrü əhatə edir və belə böyük zaman kəsiyində onların yayıldığı ərazilərin zaman-zaman dəyişdiyini nəzərə almayan bəzi Orta əsr salnaməçiləri və son iki əsrdə xəzər məsələsi ilə məşğul olan bəzi alimlər müəyən yanlış fikirlər söyləyirlər. Xəzərlərin türk olması artıq şübhə doğurmasa da, onların hansı türk dialektində danışması və ilkin yurdları barədə mübahisələr hələ də davam edir.

Azərbaycanı ərazisində məskunlaşan başqa bir türk tayfası Şamili türkləri olublar. Bu da Şimali Suriyadan gələn Turk tayfalarından (boylarından) birinin adı olub. Şamlı tayfasının Azərbaycana köç etməsi faktı Turkiyəli alim İsmayıl Qayqusuzun internetdə verilən "Qızılbaşlıq və qızılbaşlar" adlı məqaləsində də qeyd olunur. Monqolların hucumu zamanı Turkiyəyə gedən və Şamda (Suriyada) məskən salan (o zaman Suriya Osmanlı imperatorluğunun tərkibində olub) səlcuqlardan ibarətdir. Onlar Şamlı adı altında Topal Teymur tərəfindən Suriyadan koçürülüb və İranda məskunlaşıblar, sonradan isə Azərbaycana köçüblər.

Ahısqa türkləri isə Qazaxıstanda, Özbəkistanda, Azərbaycan Respublikasında, Qırğızıstanda, Rusiya Federasiyasında, Türkiyədə kompakt halda, digər yerlərdə dağınıq şəkildə yaşayan türk xalqlarından biridir. Çox zaman onları Məhsəti türkləri də adlandırırlar. Dilləri Azərbaycan dilinə, Türk dilindən (Türkiyə türkcəsinə) daha yaxındır.

Bəllidir ki, Rus-Türk müharibələri nəticəsində zaman-zaman Türk torpaqlarının böyük bir hissəsi Rusiya imperiyasının tərkibinə daxil olub. Bu ərazilərdə yaşayan yerli Türklər də Rus əsarətinə məruz qalıblar. Ruslar tərəfindən zəbt edilən bölgələrdən biri də Adıgün-Ahısqa ərazisidir. 1829-cu ildə "Ədirnə müqaviləsi" ilə Osmanlı dövlətindən qoparılıb, Rusiya İmperatorluğuna ilhaq edilən Ahısqa və Axalkalaki bölgəsi, nəhayət Rusiyada bolşeviklərin hakimiyyətə gəlməsi ilə bir növ nəzarətsiz zonaya çevrilib. Əhalisi əsas etibarilə müsəlman Acarlar və Türklərdən ibarət olan bu bölgə xalqı Sovetlərin 1917-ci ildə elan etdiyi "Rusiyadakı millətlərin haqlarına aid bəyannamə" (Oto - determinasyon) hüququndan istifadə edərək 26 aprel 1918-ci ildə ümumi bir qərarla Türkiyəyə birləşmək istədiklərini bildiriblər. Bunu nəzərə alan Türkiyə hökuməti nümayəndə heyəti 11 may 1918-ci il Batum Konfransında Batum, Ahısqa və Axalkalaki nahiyyələrinin Türkiyəyə ilhaqını tələb edir. Türkiyə hökuməti nümayəndə heyətinin başçısı Xəlil bəy bu iki bölgənin Osmanlı dövlətinə bağlandığını Zaqafqaziya Cümhuriyyəti nümayəndə heyətinə də rəsmən bildirib. Lakin ilk əvvəl Gürcü nümayəndələr bunu qəbul etməsələr də, Türkiyə nümayəndə heyətinin başçısı Xəlil bəyin təkidli tələbi ilə bunu qəbul etmək zorunda qalırlar. Sovet hökumətinin "Batum müqaviləsi"ni tanımamaq haqqında nota verməsinə baxmayaraq, nə Türkiyə hökuməti və nə də Zaqafqaziya Seymi buna əhəmiyyət verməyib. Lakin müqavilənin adı keçən məsələlərə dair müddəaları Seym tərəfindən təsdiq edilməyib. Zaqafqaziya Seymi gürcülərin özlərini 26 may 1918-ci ildə müstəqil elan etmələri və ardınca da ermənilərin və azərbaycanlıların öz istiqlallarını elan etmələri ilə dağılıb. Bu və ya bir sıra başqa səbəblər üzündən Türkiyə bu müstəqil dövlətlərlə 4 aprel 1918-ci ildə ayrı-ayrılıqda sülh müqavilələri bağlayıb.

Qəbələ rayonu ərazisində məskunlaşan Leqlər- ləzgilər də qədim Albaniya dövləti ərazisində yaşayan tayfalar olublar. Onlar əsasən Albaniyanın şimalında, indiki Dağıstan ərazisində yaşayıblar.

  “Paralel”in
Araşdırma Qrupu
Yazı Azərbaycan
Respublikasının
Prezidenti yanında
KİV-ə Dövlət Dəstəyi
Fondunun maliyyə
dəstəyilə çap olunub

0.1498818397522