Kamal Abdulladan ADU ilə bağlı daha bir addım

Azərbaycan Dillər Universiteti (ADU) dünya ali təhsil məkanına inteqrasiya istiqamətində daha bir mühüm addım atıb.

Universitetdən Axar.az-a verilən məlumata görə, fevralın 7-də MDB məkanında aparıcı dilşünaslıq mərkəzlərindən biri olan Moskva Dövlət Linqvistik Universiteti (MDLU) ilə əməkdaşlıq müqaviləsi imzalanıb. ADU-nun rektoru, AMEA-nın həqiqi üzvü, əməkdar elm xadimi Kamal Abdulla, ADU-nun tədris işləri üzrə prorektoru professor Əfqan Abdullayev, “Rusiyaşünaslıq mərkəzi” elmi-tədqiqat laboratoriyasının müdiri professor Məmməd Əliyev, MDLU-nun rektoru professor İrina Krayeva, eləcə də adıçəkilən universitetin rəhbər işçiləri və professor-müəllim heyətinin iştirak etdiyi mərasimdə rektorlar universitetlər arasında qarşılıqlı faydalı əməkdaşlıq haqqında müqaviləyə imza atıblar.

İmzalanma mərasimində çıxış edən ADU-nun rektoru K.Abdulla sözügedən sənədin əhəmiyyətini xüsusi olaraq vurğulayıb. O qeyd edib ki, universitetlər arasında tədris və elmi əlaqələrin geniş spektrini əhatə edən müqavilədə tələbə və müəllim mübadiləsi, elmi-pedaqoji kadrların ixtisaslarının artırılması sahəsində əməkdaşlıq, birgə elmi tədbirlərin keçirilməsi, elmi nəşrlərin hazırlanması və bir sıra başqa istiqamətlər üzrə faydalı əməkdaşlığın həyata keçirilməsi nəzərdə tutulur. Azərbaycan dövlətinin təhsilə, o cümlədən də ali təhsilə qayğısını xüsusi vurğulayan akademik K.Abdulla ölkəmizdə ali təhsil sisteminin yüksəliş yolunda olduğunu deyib, ADU-da görülən işlərdən ətraflı söz açıb. Rektor K.Abdulla 2018-ci ilin aprel-may aylarında Azərbaycan xalqının ümummilli lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin anadan olmasının 95 illiyinə həsr olunmuş və 10-dan artıq ölkə universitetlərinin də qatılacağı beynəlxaq konfransa hazırlıq işləri barədə də ətraflı məlumat verib.

Rəhbərlik etdiyi ali məktəb, onun tarixi və bu günkü fəaliyyəti haqqında xoş sözlərə görə qonaqlara təşəkkürünü çatdıran MDLU-nun rektoru professor İ.Krayeva imzaladıqları müqaviləyə böyük ümidlər bəslədiyini, bu sənədin Azərbaycan və Rusiya ali məktəbləri arasında əlaqələrin daha da möhkəmlənməsinə xidmət edəcəyini bildirib. Bakılı həmkarlarının hazırladıqları konfrans barədə ətraflı məlumat aldıqlarını deyən rektor bu yüksək əhəmiyyətli tədbirin bir bölməsini də rəhbərlik etdiyi universitetdə keçirməyə hazır olduqlarını bəyan edib.

Ulu öndərin xatirəsini əziz tutduqlarına görə moskvalı həmkarlarına minnətdarlığını bildirən akademik K.Abdulla konfransın Təşkilat Komitəsinin həmsədrlərindən biri olaraq MDLU-da da bir bölmənin təşkili ilə bağlı təklifi məmnuniyyətlə qəbul etdiyini deyib və professor İ.Krayevadan Təşkilat Komitəsinin tərkibinə daxil edilməsi üçün razılıq verməsini xahiş edib. Öz növbəsində professor İ.Krayeva təklifi məmnuniyyətlə qəbul etdiyini bildirib.

 

0.11751198768616