"Ruslar ölkədən qaçır, amma Avropa onları geri qovur"

 

 

Dadaş Əhmədli:

Müharibə başlayandan Rusiyanı əksər xarici şirkətlər tərk ediblər. Əhalinin nisbətən inkişaf etmiş təbəqəsinin nümayəndələri bu şirkətlərdə çalışır və orta səviyyədə dolanırdılar. Şirkətlərin ölkəni tərk etməsi ilk növbədə bu təbəqədən olanları “vurdu”. Eləcə də, valideynlərinin hesabına Avropada şellənən  oliqarx balaları əvvəlki komfort həyatla vidalaşmalı oldular. Hakimiyyətə yaxın şəxslərin hesablarının dondurulması, əmlaklarına həbs qoyulması bu “gül balaların” həyatına zəhər qatmış oldu. Onların xarici ölkələrdən Rusiyaya qayıtmaları ilə öz qabiliyyəti hesabına irəli çıxmış şəxslərin ölkəni tərk etməsi paralel gedirdi. Verilən məlumatlara görə, müharibə başlayandan 170 000 İT mütəxəssisi Rusiyanı tərk edərək müxtəlif ölkələrə üz tutub.  Bu fürsətdən yararlanan bəzi ölkələrin hökumətləri onlara şərait yaradaraq öz məmləkətlərinə cəlb ediblər. Çünki belə mütəxəssislər müasir dünyada ən yaxşı investisiya hesab olunur. Təkcə Özbəkistan hökumətinin 5000 belə mütəxəssisi ölkəsinə cəlb etdiyi qeyd edilir. Təəssüf ki, bizim ölkə bu məsələdə də heç bir fəallıq göstərmədi. Hətta, lağ elədikləri Ermənistan belə bu məsələdə Azərbaycandan xeyli irəliyə çıxmış oldu.

Beləliklə, rusların qabaqcıl nümayəndələri vəziyyəti düzgün qiymətləndirərək, xarici pasport əldə edib ölkəni tərk etməyə üstünlük verirlər. 2022-ci ilin yanvar-iyun aylarında Rusiyada demək olar ki, 2,5 milyon xarici pasport verilib - bu, son üç ildə maksimumdur, RBK Rusiya Federasiyasında miqrasiya vəziyyəti ilə bağlı Daxili İşlər Nazirliyinin məlumatına istinadən yazır. Xarici pasportların əksəriyyəti mart ayında verilib. Daha sonra sənədləri 553 min nəfər qəbul edib ki, bu da fevral ayı ilə müqayisədə 36% çoxdur. Sonrakı aylarda verilən xarici pasportların sayı bir qədər azalıb: apreldə 470 minə yaxın, mayda 400 mindən az, iyunda 446 min ədəd olub.

Demoqraf Aleksey Rakşa ilin əvvəlində verilən beynəlxalq pasportların sayının artmasını covid məhdudiyyətlərinin tədricən qaldırılmasının səbəb olduğu "xarici səyahətə tələbatın azalması" ilə əlaqələndirsə də, demoqraf hesab edir ki, ondan sonra baş verən mart sıçrayışı Ukraynada müharibənin başlaması ilə bağlıdır. Beləliklə, rusların köçü başlamış oldu. Amma onların heç də hamısı getdikləri ölkələrdə özlərini “adam balası kimi” apara bilmədilər və bu da yerlərdə narazılıqların artmasına səbəb oldu. 

Bloomberg xəbər verir ki, hazırda Avropa İttifaqı Şurasına sədrlik edən Çexiya Rusiyanın Ukraynaya müdaxiləsinə cavab olaraq Rusiya vətəndaşlarına Şengen vizalarının verilməsini qadağan etmək çağırışlarını dəstəkləyib. Çexiyanın xarici işlər naziri Yan Lipavski bildirib ki, ölkə avqustun sonunda Praqada keçiriləcək Aİ xarici işlər nazirlərinin qeyri-rəsmi görüşündə bu tədbirlə bağlı konsensus əldə etməyə çalışacaq. “Ruslar başa düşməlidir ki, bu cür döyüşkən siyasətin nəticələri olur” – deyə, Lipavski bildirib.

Bəzi Aİ ölkələri ruslara Şengen vizalarının verilməsini qadağan etmək təklifini rəsmi olaraq müzakirəyə təqdim ediblər. Almaniya kansleri Olaf Şolz belə bir təkliflə razılaşa bilməyəcəyini bildirib. Çexiya Rusiyanın Ukraynaya müdaxiləsinə cavab olaraq Rusiya və Belarus vətəndaşlarına viza və yaşayış icazələrinin verilməsini qadağan edib. Müharibə başlayandan sonra Estoniya və Latviya da vizaların verilməsini dayandırıb, indi ruslara viza verilməsinə tam qadağa qoyulmasını tələb edir. Avqustun 18-dən Estoniya Şengen vizası olan Rusiya vətəndaşlarının öz ərazisinə daxil olmasını qadağan edəcək. Bu da azmış kimi, “İzvestiya” nəşrinin iki rus təbliğatçısı Estoniyadan qovulub. Estoniya hakimiyyəti təbliğatçıların vizalarını ləğv edib və onlara üç il müddətinə Avropa İttifaqına girişi qadağan edib.

Paralel.az

0.020825147628784