Nehrəm kəndi barədə bildiyimi yazdım, bəziləri Naxçıvanı hədəfə götürdü - Səxavət Əlisoy

Nehrəm kəndi barədə bildiyimi yazdım, bəziləri Naxçıvanı hədəfə götürdü - Səxavət Əlisoy
 


Nehrəm kəndi barədə düşündüklərimi yazdım, bəzi gerizəkalılar cümlə Naxçıvanı hədəfə götürdü.

Müxtəlif qəzetlərdə yüzlərlə publisistik yazılarım getdi, 3 kitab müəllifiyəm və əsla bir bölgəyə neqativ yanaşmadım.
Bir nümunə göstərim. AZAL-ın təyyarə biletinin qiymətini artırması ən birinci Naxçıvanlılara zərbə vurdu.
Dəfələrlə mən də daxil tanıdığım Naxçıvanlı yazarlar qiymət artımına etirazını bildirdi.
Yalnız və yalnız tənqid hədəfi AZAL patronu Cahangir Əsgərov idi.
Bu şirkətdə çalışanların böyük bir qismi Bakılıdır, yəqin ki, bunu bilirsiz.
Qiymət artımına narazı olanlardan kimsə yazdı ki, AZAL-ı Bakılılardan xilas etmək gərək?
Bir Naxçıvanlı bunu yazmadı, əminəm ki, heç vaxt yazmaz da.
Yaxud, Ziya Məmmədov Nəqliyyat naziri işləyəndə doğulduğu rayondan sayı bilinməyən əməkdaşlar götürdü işə.
O kadrların sürücülərlə necə rəftar etdiyini xatırlayırsız.
Kimsə yazdı ki, Nəqliyyat nazirliyini Ucarlılardan xilas etmək lazımdır?
Yazan olmadı. Yazanların hədəfində yalnız nazirliyin başında dayanan vardı.
Belə də olmalı idi. Bölgəni vəzifəyə qatmağa gərək yox.
10 milyonluq kiçik bir məmləkətik.
Dövləti talan edən bölgə əhli deyil.
Prezidentin etibar edib yüksək vəzifəyə təyin etdiyi nadürüstlərdi.
Dövlətə, prezidentə xəyanət edən haramzadələrdi.
Son illər prezident İlham Əliyevin rüşvətxor, dələdüz, ləyaqətsiz vəzifə sahibləri barədə dedikləri bir yerə toplansa, böyük bir kitab alınar. Dövləti talan edənin nə kəndi, nə bölgəsi var. Hansı talançı dövlətdən oğurladığı pulları kəndinin, bölgəsinin kasıblarına payladı?
Vəzifəli tanıyıram ki, ehtiyac içində yaşayan qardaşına belə əl tutmur.
O haramzadələr tükü çıxmamış yetimin, əlilin, ahılın haqqını yemədimi? Yemirlərmi, bu gün?
Qanunlarda boşluq çoxdur.
Bu gün dövlətdə yüksək vəzifə tutanların qohum-qardaşını, dost-tanışını ətrafına toplamasını qadağan edən qanuna ehtiyac yoxmu?
Etiraf edək, 100 ildir vəzifə gəlir mənbəyidir.
Mental patologiyadır artıq bu.
Kim hansı vəzifəyə təyin edilir, qısa zaman kəsimində zənginə çevrilir.
Bunun qarşısının alınması üçün yollar aranmalı.
Ölkədə təxminən 5000-ə qədər rüşvət almaq iqtidarında olan vəzifə mövcuddur.
Hər biri ortalama dövlətdən 1 milyon oğurlasa, görün, büdcə nə günə qalar.
Oğurlayırlar. Özü də dayanmadan oğurlayırlar.
Dövlətin başının dövlətin ciddi işlərə önəm verdiyi bir zamanda belə talan edirlər.
Və bu talana rəğmən uşaq pulu verilmir, 1 milyon 300 min pensiyaçı ayı 250-350 manata başa vurmaq zorunda qalır.
Rüşvətə, talançılığa qarşı mübarizədə Dövlətə dəstək vermək lazımdır.
O dövlət 10 milyonun.
Yalamadan Qırmızı Körpüyə, Sədərkədən Astaraya hər bir Azərbaycan vətəndaşının dövləti.
Məmləkətin hər bir kəndi, hər bir bölgəsi dəyərli.
İçində kin və nifrət gəzdirənlərədir, son olaraq sözüm.
Sənin yaşdığın kənd sənin deyil təkcə.
O kənd, o bölgə hamımızındır.
10 milyonundur!

0.013576984405518