Qanun Abid Qafarovun həbsini yolverilməz edir

Qanun Abid Qafarovun həbsini yolverilməz edir
 

İnsanın sözünə, fikrinə görə ittiham edilməsi söz, fikir azadlığının həbs edilməsi deməkdir!

Yasamal məhkəməsinin Xəzər rayon məhkəməsindən qanunsuz olaraq “aidiyyatı üzrə” göndərilən işi icraatına götürməsi ciddi qanun pozuntusudur və Məhkəmə Hüquq Şurası bu pozuntuya hüquqi qiymət verməyə borcludur.

Pozuntular nədə ifadə olunub? Ən başlıcası, lap Abid Qafarovun sözündə, fikrində cinayət əlaməti varsa da, bu formal xarakter daşıyır və önəmli deyil.

Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 14.2 maddəsinə görə, cinayət qanununda nəzərdə tutulmuş əməlin (hərəkət və ya hərəkətsizliyin) əlamətləri formal cəhətdən mövcud olsa da, lakin az əhəmiyyətli olduğuna görə ictimai təhlükəli sayılmayan, yəni ŞƏXSİYYƏTƏ, cəmiyyətə və ya dövlətə zərər yetirməyən və ya zərər yetirmək təhlükəsi yaratmayan əməl (hərəkət və ya hərəkətsizlik) CİNAYƏT SAYILMIR.

Bakı Birlik Təşkilatının sədri, tanınmış jurnalist Abid Qafarovun “müti” sözü, müti olmamağa çağırması ŞƏXSİYYƏTƏ, cəmiyyətə və ya dövlətə hansı zərər vura bilər? Belə çıxır, jurnalist, ictimai xadim insanları müti olmağa çağırmalıdır?

Eyni zamanda, axı Abid Qafarov heç bir konkret ŞƏXSİ(YYƏTİ) də hədəf almayıb, gerçək ictimai xadim kimi topluma -CƏMİYYƏTƏ üz tutub, DÖVLƏTin, Ana Qanunun 12-ci maddəsinə uyğun olaraq, ali məqsədinin vətəndaşın, insanın hüquq və azadlıqlarını , onların rifahının yaxşılaşdırılmasını təmin etmək olduğunu bildirib.

Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (CPM) 293.3.1-293.3.7 maddəsinin tələblərinə əməl edilməməsi də xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsi pozuntuluraındandır . Bəyəm məhkəmə(lər) bilmir ki, Cinayət Məcəlləsinin 147 və 148 – ci maddələri ŞƏXSİYYƏTİN şərəf və ləyaqəti əleyhinə olan cinayətlər kateqoriyasına aiddir?

Vurğuladığımız kimi, Abid Qafarov topluma, savaş adamlarına müraciət etdiyindən, heç bir fiziki şəxs ona qarşı ittiham irəli sürə bilməz Qanun bunu yolverilməz edir. Biz hələ CPM-in 293.3.4 maddəsinə əsasən, şikayətdə göstərilən cinayətin törədilməsinin hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edilməsini demirik.

Nə isə, işin qıraqdan sifarişlə icraata qəbul edildiyi bəlli olur. İndi qalır irəli sürülən saxta ittihamı sübut etmək. Xüsusi ittiham tərəfi Abid Qafarovun söz, fikir azadlığının ifadəsini necə böhtan və təhqir olduğunu sübut edəcək? Axı CPM-in 21-ci, Ana Qanunun – Azərbaycan Respublikası Konstitusiyasının 63-cü (“Təqsirsizlik prezumpsiyası”) maddəsi cinayətin törədilməsində təqsirləndirilən şəxsin özünün təqsirsiz olmasını sübut etməyə borclu olmadığını doğrulayır! “Müti”, “müti olmamaq” söz və ifadələrinin təhqir olduğu hansı qanunda, hansı dində, hansı dildə, hansı kitabda yazılıb?

Göründüyü kimi, nə Ana Qanun, nə dil – din qanunu Abid Qafarovun həbsinə əsas verir. Qalır ənənəvi ekspert saxtalığı. “Mimika, pantomim təhqiri” ilə rəyçilik edənlər Abid Qafarovun ürəyində söyüş söydüyünə rəy verəcək? Lap belə olsa da, bir ifadənin, fikrin kiməsə təhqir, böyük çoxluğa isə nəsihət kimi təsir etməsi təhqirdən söhbət getmədiyini tam çılpaqlığı ilə ortaya qoyur. İttiham irəli sürmək, onu icraata götüzdürməklə iş bitmir, gərək ittihamı sübut edəsən!

Bu şikayətin əvvəldən məhkəmə predmeti olmadığı, sifarişdən qaynaqlandığı ortadadır. Qanun Bakı Birlik Təşkilatının sədri, tanınmış jurnalist, ictimai xadim Abid Qafarovun həbsini yolverilməz edir. Deyəsən, sifarişçilər də, bunu anlayıb, ona görə məhkəmədə təxribat törətmək sifarişi veriblər.

Məğrur Bədəlsoy
P. S. Qarabağ qazilərinin Abid Qafarovun hüquqlarını müdafiə komitəsi olaraq “Bakı müharibə əlil və veteranları” İB -nin sədri , döyüş dostumuz, hörmətli Fuad Rzayevdən sifarişli həbs ssenarisinə etiraz olaraq aclıq aksiyası keçirməyə otaq(lar) ayırmasını diləyirik

0.015984058380127