Qarabağ”a gəlmək irəliyə atılmış addımdır” - Marko Yankoviç

“Qarabağ”a gəlmək irəliyə atılmış addımdır” - Marko Yankoviç
 

"Qarabağ”ın yeni transferi Marko Yankoviç Qol.az saytına müsahibə verib, "Paralel.az" həmin müsahibəni təqdim edir.

- Əvvəlcə “Qarabağ”a gəlişinizdən danışaq. Necə oldu ki, Azərbaycan təmsilçisini seçdiniz?

- “Qarabağ”ı seçməyimin səbəbi çox sadədir. Çünki “Qarabağ” məni ən çox heyətində görmək istəyən komanda idi. Klub konkret idi. “Qarabağ” tez bir zamanda münasibətləri rəsmiləşdirməyi və təlim-məşq toplanışına qatılmağımı istəyirdi. “Qarabağ” sırf mənim istədiyim kriteriyalara cavab verən komandadır. Mən həmişə titullar uğrunda mübarizə aparan klublarda oynamışam. “Hapoel”dən sonra yenidən avrokuboklara ciddi yanaşan komandanın şərəfini qorumaq istəyirdim. Belə bir imkan yarandı. Mən də dərhal razılaşdım. Çünki bu seçim ürəyimcə idi. Həm də “Qarabağ” müntəzəm olaraq daxili yarışlarda da titullar qazanır, öz ölkəsinin çempionudur. 
- Başqa təklifləriniz var idi? 
- Bəli. Monteneqro millisində çox yaxşı oyunlar keçirdim. Yığmamız yaxşı nəticələr göstərir. Millətlər Liqasındakı oyunlarımızdan sonra da mənə çoxlu təkliflər göndərilmişdi. Fərqli-fərqli komandalardan zənglər gəlirdi. Mən gözləyə, bütün təklifləri ayrı-ayrılıqda nəzərdən keçirə bilərdim. Amma bunu etmədim. Çünki “Qarabağ” elə mənim olmaq istədiyim komandadır. Bu transferi karyeramda irəliyə atılmış addım sayıram. 
- Artıq 1 həftədir ki, “Qarabağ”dasınız. Klub sizdə hansı təəssüratı yaradıb? Özünüzü burada necə hiss edirsiniz? 
- Bəli, artıq 1 həftədir ki, komandadayam. Həqiqətən də əla kollektiv, atmosfer var. İlk gündən o istiliyi hiss etdim. Mənə çox yaxşı münasibət göstərirdilər. Qətiyyən özümü yad bir yerdəki kimi hiss etmirdim. İstər məşqçi heyəti, istər texniki heyət, istərsə də futbolçular - hər kəs mənə çox yaxşı münasibət göstərdi. Yəni, çətinlik çəkmədim. Təbii ki, bütün futbolçuları tanımaq üçün zamana ehtiyacım olacaq. Oyun tərzinə tam alışmaq üçün vaxt lazımdır. Bu da çoxlu məşq etməklə, oynamaqla yoluna düşəcək. Ümid edirəm ki, hər şey tez bir zamanda yaxşı olacaq. 
- Monteneqro millisindəki komanda yoldaşınız Marko Veşoviç də “Qarabağ”da oynayır…
- Marko Veşoviçin burada olması mənim üçün xüsusi bir üstünlükdür. Komandanı dəyişən zaman tanıdığın bir futbolçunun həmin klubda oynaması çox yaxşıdır. Çünki yeni klub, oyun tərzi haqqında köhnə komanda yoldaşın sənə məlumat verir, bildirir. Bu, çox böyük kömək və dəstəkdir. 
- Ümumiyyətlə, daha əvvəl Veşoviçdən Azərbaycan, “Qarabağ” haqqında məlumat almışdınız?
- Biz milli komandanın düşərgəsinə toplananda hər kəs öz klubundan danışır. Ümumi söhbət edirik. Markodan əlavə əvvəllər də “Qarabağ”da oynamış bir neçə futbolçunu tanıyırdım. Hamı “Qarabağ” haqqında ancaq xoş sözlər deyirdi. Bu da mənim seçimimi daha da asanlaşdırdı. Ümumiyyətlə, hər hansı bir klub haqqında kifayət qədər məlumatın olanda səhv seçim etmək şansın qalmır. 
- Bu halda yəqin ki, klubun avrokuboklardakı çıxışları barədə də məlumatınız var…
- Bəli. Mən avrokubokları izləməyi sevirəm. “Qarabağ” da son illər daim Avropa yarışlarında oynayır. Bilirəm ki, hər il avrokubokların qrup məhələsində oynayıb. “Qarabağ” iddialı komandadır. 
- Yəqin ki, buraya gəlməzdən əvvəl Azərbaycan Premyer Liqasını, ölkədə futbolun səviyyəsini də araşdırmısınız...
- “Qarabağ”dan mənə zəng gələndə millinin düşərgəsində idim. İlk ciddi söhbətim də elə Marko Veşoviçlə oldu. Təbii ki, çempionat haqqında da Markodan tam ətraflı məlumat aldım. Amma o qədər də çox düşünmədim. 
- Marko, müxtəlif ölkələrin klublarında çıxış etmisiniz - məsələn, Serbiya, Yunanıstan, Sloveniya, İtaliya, İsrail. Sizcə, belə ölkələrdə oynayandan sonra Azərbaycan Premyer Liqasında çıxış etmək sizin üçün rahat olacaq? 
- Bəli, bir çox klublarda oynamışam. Amma düşünmürəm ki, “Qarabağ”da oynamaq mənim üçün asan olacaq. Çünki bu komandadan həmişə böyük nəticə gözləyirlər. “Qarabağ”ın heç bir oyuna rahat çıxmaq imkanı yoxdur. Çünki belə komandalardan qələbə gözlənilir. Elə “Qarabağ”ı seçməyimin də əsas səbəblərindən biri budur. Mən karyeram boyu bu tip komandalarda oynamışam. Məsələn, “Olimpiakos”, “Partizan”, “Maribor” və başqaları. O klublardan da həmişə gözləntilər böyük olub. Mənim 26 yaşım var. Amma düşünürəm ki, çox yaşım olmasa da, bir çox komandalarda oynadığım üçün yetəri qədər təcrübəm var. Həmin təcrübəmi yeni komandam üçün meydanda göstərməliyəm. Əlimdən gələni edəcəyəm. Növbəm gəldiyində, şans veriləndə təcrübəmi, bacarığımı göstərməyə çalışacağam. 
- Hazırda yeni mövsümə Avstriyada hazırlaşırsınız. Hazırlıq prosesi necə gedir? 
- Hər şey yaxşıdır. Bütün məşqlərimiz planla davam edir. Hamımız - bütün futbolçular çox istəkliyik. Hamı əzmlə çalışır. “Qarabağ”da böyük klublara xas atmosfer var. Mən məşqçinin dediklərinə köklənirəm. Onun hər dediyini başa düşməyə çalışıram. Çünki komandada yeniyəm. Hər bir məşqçinin futbola baxışı fərqlidir. Ona görə də tez bir zamanda onun məndən nə istədiyini büşü düşmək istəyirəm ki, oyun zamanı da bunları rahatlıqla yerinə yetirə bilim. 
- Yeri gəlmişkən, baş məşqçi Qurban Qurbanovla söhbətiniz olub? Onun sizdən tələbləri nələrdir?
- Bəli. Mən onun hər dediyinə diqqətlə qulaq asıram. Belə şeylər vacibdir. Xətlərarası əlaqə, oyun tərzi… Ümumiyyətlə, düşünürəm ki, mənim çox vaxtım getməyəcək. Çünki “Qarabağ”ın oyun tərzi əvvəllər çıxış etdiyim komandaların oyun tərzinə bənzəyir. 
- Bəs, yeni mövsüm üçün həyəcanlısınızmı? 
- Əlbəttə. Təkcə mən yox, bütün futbolçular həyəcanla gözləyirlər. İlk rəsmi matçımıza da çox vaxt qalmayıb - 10 gündən də az. Ona görə də istəklə çalışırıq ki, tez bir zamanda həmin oyunlara hazır olaq. 
- Mövsümün ilk oyununu Çempionlar Liqasında “Lex”ə qarşı keçirəcəksiniz. Nə düşünürsünüz, gözləntiləriniz necədir?
- “Lex” Polşa çempionudur. Bu ölkənin çempionatı heç də asan bir yarış deyil. Biz də məhz həmin liqanın çempionu ilə oynayacağıq. İlk oyunumuz səfərdədir. Əlimizdən gələni edəcəyik ki, evə sərfəli nəticə ilə qayıdaq. Ümumiyyətlə, avrokubokların bütün təsnifat mərhələlərindəki matçlar çətin keçir. Bu oyun da istisna olmayacaq. Açıq şəkildə deyə bilərəm ki, bizi çətin oyun gözləyir. Bu matçlara tam hazır olmaq istəyirik.

Nur Zeynalova

0.054053068161011