Qarabağ Komitəsi İdarə heyətinin növbəti toplantısı keçirilib

Qarabağ Komitəsi İdarə heyətinin növbəti toplantısı keçirilib
 

Qarabağ Komitəsi: "İşğaldan azad olunmuş ərazilərdə əhalinin məskunlaşması gecikir"

- Azad olunmuş torpaqlara qayıdışla əlaqədar ictimai təşkilatların tələblərinə Azərbaycan hökuməti ətraflı şəkildə cavab verməlidir;
- Rusiyanın Qarabağda destruktiv fəaliyyətinə son qoyulmalıdır;
- Azad olunmuş torpaqların bərpası şəffaf olmalı və korrupsiyanın qarşısı alınmalıdır;
- ölkənin bütün sərhədləri bağlanmalı və erməni terrorçuları məhv edilməlidir.

Dünən Qarabağ Komitəsi İdarə heyətinin növbəti toplantısı keçirilib.

Toplantıda Cənubi Qafqazda və ölkəmizin Qarabağ bölgəsində yaranmış vəziyyət hərtərəfli müzakirə edilib.

Qarabağ Komitəsi İdarə Heyətinin üzvləri Ermənistan rəhbərliyinin regionda münasibətlərin nizamlanmasına müxtəlif əngəllər yaratdığını və bu məsələlərin məhz Rusiyanın himayədarlığı əsasında baş verdiyini xüsusi olaraq qeyd etmişlər. Ermənistan sərhədlərin demarkasiya və demilitasiyası prosesini uzadır, məlum razılaşmalardan boyun qaçırır.

Qarabağ Komitəsinin İdarə Heyətinin üzvləri Laçın dəhlizinin bağlanmasını, həmin yolun əvvəlində sərhəd-keçid və gömrük məntəqəsinin yaradılmasını, Qarabağda antiterror əməliyyatının keçirilməsini Azərbaycan hökumətindən qətiyyətlə tələb edir.

Rusiya sülhməramlıları Qarabağdan çıxarılmalı və bütün sərhədlər bağlanmalıdır.

Qarabağ Komitəsinin üzvləri birinci Qarabağ müharibəsi zamanı girov götürülmüş və itkin düşmüş şəxslər haqqında məlumatların Beynəlxalq Məhkəmə vasitəsilə Ermənistandan tələb edilməsini Azərbaycan hökumətindən tələb edir.

Qarabağ Komitəsinin İdarə Heyətinin üzvləri məcburi köçkünlərimizin doğma yurdlarına qayıtmasına lazımi şərait yaradılmamasına görə, Azərbaycan hökumətini kəskin tənqid edib və hakimiyyət orqanlarını fəaliyyətsizliyə son qoymağı çağırır.

Komitə azad olunan torpaqlara qayıdışla əlaqədar ictimai təşkilatların tələblərinə hökumət tərəfindən ətraflı şəkildə cavab verilməsini tələb edir.

Azad olunan torpaqlarda bərpa işlərinin həyata keçirilməsi şəffaf olmalı və mediada əks olunan bütün korrupsiya hallarının qarşısı alınmalıdır. Komitə üzvləri hesab edirlər ki, məskunlaşma prosesinin gecikdirilməsi birbaşa Rusiyanın düşmənçiliyilə bağlıdır və bu vəziyyət aradan qaldırılmalıdır.

Mətbuat xidməti

0.015949964523315