"Oğrudan - oğruya" şikayət?
“Bilirsiz, Azərbaycanda iaşə obyektlərində baş alıb gedən qanunsuzluqların qarşısını niyə almaq olmur? Niyə ağılasığmaz qiymətlər, zəhərlənmə hadisələri ört-basır edilir? Çünki adlı-sanlı restoranların, ticarət obyektlərinin əksəriyyətinin arxasında dövlət məmurları, deputatlar durur”.
Paralel.az xəbər verir ki, bu fikirləri ictimai xadim, yazıçı Xeyrəddin Qoca bildirib:
" Restoran sahiblərinin nəfsi o qədər güclüdür ki, şişirdilmiş qiymətlərlə xalqın hər qəpiyinə göz dikiblər. Hansı restoranda hesaba irad bildirsən, kimsən, nəçisən demədən, qapını göstərirlər. Kartofun adını dəyişib “La kartofe” qoyurlar, qiymət olur 7-8 manat. Hesabın üstünə əlavə 15-20 manat xidmət haqqı gəlirlər. Restoranlar nəzarət edən xüsusi bir qrum olsaydı, onlarda bu cür özbaşnalıq tüğyan etməzdi.
Bər-bəzəkli restoranların çoxunun əsl sahibi deputatlar olduğu üçün orada olan süni qiymət artımını Milli Məclisdə müzakirəyə çıxarmırlar. Onların arasında açıq şəkildə restoran biznesi ilə məşğul olanlar da var. Yəni, necə deyəsən ki, müəllim, “səndən sənə şikayətim var”. Kim baxacaq o şikayətə ki, qaydanı pozan da, şikayətə baxan da özüdür", deyə tənqidçi bildirib.
Paralel.az