Bakı çimərliklərində natəmizlik hökm sürür...
Yolxucu xəstəliklərin yayılması qaçılmazdır
Artıq yay mövsümü başlayıb. İnsanların isti yay günlərində çimərliklərə axını güclənib. Ötən həftəsonu Bakının çimərliklərində mövcud durumla tanış olmaq üçün bir neçə çimərlikdə olduq.
"Bilgəh" sanatoriyasının və "Amburan" istirahət mərkəzinin çimərliyindən başqa gəzdiyimiz bütün çimərliklərdə qarşılaşdığım mənzərə həddindən çox dözülməzdir.
Bakının göbəyində yerləşən məşhur "Şıxov" çimərliyində vəziyyət daha pisdir. Əvvəla, dənizin kənarı ayrı-ayrı məmurlar tərəfindən zəbt olunub. Çimərliklərə pulsuz daxil olmaq müşküldür. Çimərliklərdə hökm sürən natəmizlik isə insanlar arasında yolxucu xəstəliklərin sürətlə yayılması üçün çox təhlükəlidir.
FHN-nin təhlükəsizlik xidməti çimərliklərdə normal fəaliyyət göstərir. Lakin çimərlikdə ən vacib xidmət olan tibbi yardım xidmətinə heç bir çimərlikdə rast gəlmədik.
Maraqlı haldır ki, çimərlikdə istirahət edən əhalinin sağlamlığı və təhlükəsizliyini təmin etməli olan Bakı Şəhər İcra hakimiyyətinin bu istiqamətdə heç bir fəaliyyəti yoxdur.
Görünür, çimərliklərdə baş alıb gedən antisanitariya Bakı ŞİH-nin başçısı Eldar Əzizovu maraqlandırmır.
Şahnaz