Azərbaycanda İslama qaydış
milli tolerantlığı stimullaşdırıb

Azərbaycanda İslama qaydışmilli tolerantlığı stimullaşdırıb
 

Müstəqillik illərində Azərbaycanda Bakı İslam Universiteti kimi böyük tədris ocağı açılıb

 Ölkəmizdə İslamın dirçəlişi və İslam dininə inamın artmasını müşahidə etdiyimiz dönəmin düzgün qiymətləndirilməsi üçün bir qədər də Azərbaycan Respublikasının sovet dönəminə nəzər yetirmək lazımdır.

Çünki Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra ölkəmizdə bərqərar olan sovet sosialist rejimi ölkəmizdə ateizm və kommunizm ideyalarının təbliğinə geniş yer ayrırdı. Bunun da nəticəsində ölkədə məscidlərin, dinin nüfuzunun zəifləməsi, marksizm-leninizmin, ateizm idealogiyasının geniş yayılması müşahidə olunurdu. Bu dönəmdə, həm də dünyəviləşmə prosesləri sürətlə davam edirdi. Eyni zamanda bəzi ifratlara da yol verilirdi ki, buna da səbəb, xalqımızın dini dəyərlərini tanımayan bolşevizm ideologiyasını çətin qəbul etməsi idi. Bütün bunlara baxmayaraq, Azərbaycanın 70 ildən artıq bir zaman kəsiyində Sovetlər Birliyinin tərkibində olması nəticəsində yurddaşlarımızın o dövürdə dinə bağlılıqları ən aşağı həddə çatdı. Yəni, sovet dönəmində ölkəmizdə İslam dininin ehkamlarına və ayinlərinə çox az sayda insanların riayət etdiyini deyə bilərik. Çünki sovet rejimi ölkəmizdə fəaliyyət göstərən məscidlərin sayını minimuma endirilmiş, dini məktəblər isə ümumiyyətlə mövcud deyildi. Azsaylı din xadimlər isə Orta Asiyanın mədrəsələrində təhsil alırdılar. Daha sonralar xalqımızın öz dininə qayıdışı prosesi müşahidə olunmağa başladı. Sovet rejimi dövründə dağıdılan məscidlərin və İslam dininin xalqımızın milli-mənəvi dəyəri kimi bərpası prosesinə start verildi. İslam dininə yenidən qaydış Azərbaycanda tolerantlığın inkişafını bir qədər də stimullaşdırdı. Çünki İslam dini çox tolerant dindir və biz bu mövzuya bir neçə yazı həsr etmişik.

Ateizm təbliğat maşınının bütün cəhdlərinə baxmayaraq, o dönəmdə xalq ayrı-ayrı dini bayramlarını qeyd edir, yas mərasimlərini İslam qaydaları ilə icra edirdilər. İnsanlar imkansızlara sədəqələr verir, qurbanlar kəsir, dini qaydalarla kəbin kəsdirirdilər. Ancaq din o zaman hələ də mövhumat formasında inkişaf edirdi. Bunun da başlıca səbəbi savadlı din xadimlərinin olmaması idi.

Azərbaycan yenidən müstəqillik qazanandan sonra ölkəmizdə İslam haqqında bilgilər çoxaldı, yeni məscidlər tikildi, mədrəsələr və universitetlər yaradıldı, gənclər xarici ölkələrdə ilahiyyat elmləri üzrə təhsil almağa başladılar. Buna baxmayaraq, yuxarıda göstərilən mövhumatlar sadə xalq arasında bu günümüzə qədər də qalmaqdadır. Hətta bütün bunların daha da inkişaf etdiyini müşahidə edirik.

Məsələn, çoxdan vəfat etmiş müqəddəslərin məzarları və başqa obyektlər daha da abadlaşdırılır, onların üstündə dini mahiyyətli binalar ucaldılır. Orada ianə (nəzir) yığımı davam etdirilir. Çox sayda insanlar o yerlərə inanclarını bağlayıb ziyarətə çıxırlar. Bununla da bir çox problemlərin çözüləcəyinə inanırlar. Xalq arasında kimlərinsə də o yerlərə ziyarət etdikdən sonra sağalması, kimlərinsə problemlərinin çözülməsi kimi rəvayətlər yayılır.

Bu inancların çox əski köklərinin olmasına baxmayaraq, xalq içində onların hamısını İslamla bağlayırlar. Bir sözlə, bu kimi sadə xalq inancları İslam dəyərləri ilə qarışdırılır və "islamlaşdırılır".

Birbaşa İslam dininə bağlı strukturlara, qurumlara, təhsil və ibadət ocaqlarına gəldikdə isə Azərbaycan müstəqillik qazandıqdan sonra onların sayı hiss olunacaq dərəcədə artıb. 2011-ci ildə ölkədə məscidlərin sayı 1802-ə çatıb. Onlardan çoxu hələ Sovetlər dönəmindən əvvəl tikilən köhnə binalardır. Yeni tikilən məscidlərin sayı isə altı yüzə yaxındır.

Din-dövlət münasibətlərini tənzimləmək, dini qurumları qeydiyyata almaq, onların Azərbaycan qanunvericiliyinə uyğunlaşdırmaq məqsədi ilə 2001-ci ildə Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsi (DQİDK) yaradılıb. Bu Komitədə qeydiyyatdan keçməyən dini icmaların fəaliyyəti qanunauyğun sayılmır. Bu Komitə həm də ölkəmizə xaricdən gələn dini ədəbiyyata nəzarət edir, onun dinşunaslıq ekspertizasından keçməyən kitabların satışa buraxılmasının qarşısı alınır. Dini ədəbiyyat isə yalnız özəl, icazəsi olan yerlərdə satıla bilər.

Bu illər ərzində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində əksəriyyəti müsəlmanlara aid olan 534 dini icmalar qeydiyyatdan keçib.

Lakin çox təəssüflər olsun ki, dinşünaslıq ekspertizasının gördüyü bütün işlərə baxmayaraq, ölkədə yayılması məsləhət görülməyən dini ədəbiyyat İntertet və başqa çağdaş informasiya kanalları ilə yenə də özünə yol tapır. Bununla da çeşidli dini icmalar ekspertizanın rəyinə baxmayaraq, istifadəçilərə öz istəklərinə uyğun ədəbiyyatlarını və informasiyanı çatdıra bilirlər. Bu gün artıq internetdə saytların və forumların yaradılması, eləcə də sosial şəbəkələrdə səhifələrlə bloqların açılması hər bir dini qurumun fəaliyyətinin tərkib hissəsidir. Son zamanlar onların Azərbaycana yayımlanan şəbəkəsi də çox fəallaşıb. Bu gün çox iri tutumlu dini-siyasi və ehkamçı portalların, eləcə də elektron kitabxanaların və başqa bu kimi resursların yarandığının şahidi oluruq. Bu kimi halların qarşısının alınması üçün, Azərbaycanda vaxtaşırı məqsədəuyğun dəyişikliklərin edilməsi mümkün olan "Vicdan azadlığı haqqında" qanun qəbul edilib. Bu qanunda din-dövlət münasibətlərinin qanuni əsasları yer alır. Bu qanuna görə, bütün müsəlman icmaları Qafqaz Müsəlmanları Dini İdarəsinə tabedirlər. Bundan başqa, bu qanuna görə, xarici vətəndaşların ölkə ərazisində dini təbliğat aparılması qadağandır. Bu qanunlara əməl olunması üçün isə ilk növbədə savadlı kadırlar ehtiyac var. Bu ehtiyacların yüksək səviyyədə ödənilməsi üçün ölkəmizdə artıq baza da yaradılıb.

Bildiyiniz kimi, müsəlmanların dini təhsil ocaqlarının fəaliyyətinə, yalnız Təhsil nazirliyinin verdiyi lisenziya əsasında yol verilir. Bundan öncə isə onlar bu nazirliyə DQİDK-dan onların qanunauyğunluğunu təsdiqləyən sənədi təqdim etməlidirlər. Azərbaycanın dini təhsil ocaqlarının məzunlarına dini təbliğatın aparılması və dini vəzifələrin tutmasında üstünlük verilir.

Ölkəmizdə Bakı Dövlət Universitetinin nəzdində ali təhsilli ilahiyyatçı kadrları yetişdirən İlahiyyat fakültəsi fəaliyyət göstərir. Bu fakültə 1992/93-cü illərdə Azərbaycanın Təhsil nazirliyi, Bakı Dövlət Universiteti və Türkiyənin Dəyanət Vakfı arasında bağlanan anlaşma əsasında açılıb. Orada təhsil müddəti dörd ildir, məzunlar isə dinşünaslıq ixtisası alırlar.

Müstəqillik illərində Azərbaycanda Bakı İslam Universiteti kimi daha bir böyük tədris ocağı açılıb. O QMRİ-nin nəzdində fəaliyyət göstərir. Bu universitetdə 2 fakültə İslamşünaslıq və Şəriət fakültələri var. Bu universitetin həm də ölkənin başqa şəhərlərində filialları var.

Bilindiyiniz kimi, müstəqilliyin ilk illərində ölkəmizdə dinə qayıdış müəyyən qədər artdı və buraya xarici təbliğatçılar ayaq açaraq, ənənəvi olmayan təlimlər yaymağa başladılar. Ən böyük fəallığı da elə çeşidli İslam təbliğatçıları göstərirdilər. Bu da təbidir, çünki ölkənin əhalisi daha çox müsəlman idi və onların çağırışlarını başqa dinlərin dəvətçilərinin çağırışlarından daha yaxşı anlayırdılar. Ancaq çağdaş İslamın həddən artıq siyasiləşmiş olduğuna görə, bəzi istisnaları çıxmaqla, bütün müsəlman qurumlarının arxasında Qafqaz regionunda hansısa siyasi və iqtisadi maraqları güdən siyasi güclər dururdular.

Azərbaycanda fəaliyyətə başlayan bir çox müsəlman təşkilatları İran, Türk və Ərəb yönümü ilə seçilirdilər. İranlıların Azərbaycanda öz dini-siyasi və humanitar qurumları vardır. Onlar əsasən şiə müsəlmanları arasında fəal idilər. Türklər isə əsasən sünnü əhalisi arasında fəaliyyət göstərirdilər.

Çeşidli ərəb təşkilatlarına gəldikdə isə onların çoxu dindarların bir qismi arasında yayılan sələfi yolunda fəaliyyət göstərirdilər. Ancaq son zamanlar onların ölkədəki nüfuzu çox aşağı düşüb. Bunun da əsas səbəbi ilk növbədə onların öz aralarında baş verən parçalanmalardır. "Əbu Bəkr" məscidində baş verən faciədən sonra ölkə rəsmiləri bu kimi toplumlara nəzarəti sərtləşdirdi, bu da onlar xeyli zəyiflətdi.

Bu gün siyasətlə açıq məşğul olan müsəlman təşkilatları o qədər də çox deyil. Sünnülərin siyasi aktivliyi, ümumiyyətlə hiss olunmur. Siyasətə qatılanlar daha çox şiə toplumlarıdır. Onların da ən tanınanı ölkənin rəsmi qeydiyyatından keçməyən Azərbaycan İslam Partiyasıdır (AİP). Müstəqilliyimizin ilk çağlarında bu kimi dini-siyasi qurumlar daha çox olub, ancaq sonradan sayı azalıb.

Bununla belə, dünyəvi olan Azərbaycan əhalisi bütün bu proseslərə qatılmadı. Hicab ətrafında gedən çəkişmələrdə belə, vətəndaşların çoxunun ən azı Təhsil nazirliyinin göstərişinə qarşı olmadıqları ortaya çıxdı. Bəziləri isə bu göstərişi açıq olaraq dəstəklədilər. Onların fikirlərinə görə, kiçik yaşlı uşağların seçimi yoxdur. Onlar tərbiyə aldıqları ailələrdə ata-ananın təsiri altında hicabı, ya da başqa dini atributları geyinirlər. Buna görə də orta məktəblərdə hicab geyilməməlidir. Yalnız yetkinlik yaşına çatandan sonra, basqı altında olmayan  uşaqların özləri, azad seçim etməlidirlər. Ümumiyyətlə, Azərbaycan hökuməti və cəmiyyəti bütün növ ehkamçılıqdan kənarlaşaraq dünyavi, dinamik inkişaf edən islam dininə yiyələnməkdədir. Məhz bu səbəbdən də ölkəmizdə İslam dini ilə multikulturalizm paralel inkişaf edə bilir.

 “Paralel”in
Araşdırma Qrupu
Yazı Azərbaycan
Respublikasının
Prezidenti yanında
KİV-ə Dövlət Dəstəyi
Fondunun maliyyə
dəstəyilə çap olunub

0.0313880443573