Balababa Rzayev "Azərenerji"ni ailə şirkətinə çevirib - Araşdırma
Ailə və qohum-əqrabaya məxsus şirkətlər dövləti talayır
2018-ci ilin iyul ayının 2-dən 3-nə keçən gecə Mingəçevir SES-də baş vermiş qəza nəticəsində ölkəni qaranlıq bürüməsi xalqın yaddaşından silinməyib. Baş vermiş enerji böhranını araşdırmaq üçün yaradılan dövlət komissiyası qəzanın "Azərenerji" prezidenti Etibar Priverdiyevin günahı üzündən baş verdiyini müəyyən etdi və o, vəzifədən çıxmaqla məsələni bitirdi.
2018-ci ilin sentyabr ayında "Azərişıq" ASC-dən "Azərenerji"yə prezident təyin edilən Balababa Rzayev tezliklə şirkəti Etibar Priverdiyevin adamlarından təmizlədi və onların yerinə öz ailə üzvlərini və yaxın qohumlarını gətirdi. Balababa Rzayev "Azərişıq" ASC-nin sədri işlədiyi dövrdə dövlətdən və xalqdan oğurladığı milyonlarla həm ölkədə, həm də xaricdə böyük biznes şəbəkəsi qurmuşdu.
"Azərdnerji"yə prezident təyin edildikdən dərhal sonra B. Rzayev milyonlara sahib olmaq imkanı qazandı. 2018-ci ilin son 4 ayı ərzində cənab prezidentin 5 sərəncamı ilə "Azərenerji"yə 140 milyon pul ayrıldı.
Ayrılmış 140 milyon dövlət vəsaiti ilə "Azərenerji"nin ölkədə olan bütün sistemi yenidən qurulmalı idi. Lakin "Azərenerji" prezidenti B. Rzayev 140 milyonu öz ailə üzvlərinə və yaxın qohumlarına məxsus şirkətlər arasında bölüb. Beləliklə, pulun çox hissəsi ölkədə və xaricdə B. Rzayevin ailə üzvləri tərəfindən idarə olunan biznes şəbəkələrinin genişlənməsinə sərf olunub.
Bakının Böyük Şor ərazisində göz oxşayan "SANTRAL" LTD şirkəti B. Rzayevin ölkədəki biznes şəbəkəsinə daxil olan şirkətlərdən biridir. Deyilən görə, bu şirkətin 70 faizi B. Rzayevə, 30 faizi isə Nərminə Həsənova məxsusdur.
Bir sözlə, Azərbaycanda enerji sahəsilə məşğul olan bütün şirkətlərin təsisçiləri və sahibləri B. Rzayevin qohum-əqrabalarıdır.
Məsələn, "CENERAL BOOS" GBS MMC şirkətini B. Rzayevin oğlu və qardaşı Fuad və Emin Rzayevlər idarə edir. Bu şirkətlər guya "Azərenerji" üçün lazımı elektrik avadanlıqları istehsal edərək təmin edirlər. Bunun üçün həmin şirkətlər "Azərenerji" ilə 10-15 milyonluq çoxsaylı müqavilələr bağlayır. Həmin "doğma" şirkətlər isə, xaricdən keyfiyyətiz və ucuz elektrik avadanlıqları alır, həmin avadanlıqların qiymətini bir neçə dəfə şişirdərək əldə olunan milyonları mənimsəyirlər.
Media üzərindən apardığımız araşdırma nəticəsində məlum oldu ki, B. Rzayevin biznesinin bir hissəsini kürəkəni Fərid Fərhadzadə idarə edir.
"Azərenerji" prezidentinin ailə üzvləri ölkədəki və xaricdəki biznes şəbəkəsi vasitəsilə dövlətin milyonlarını mənimsəyirlər. Xalq sosial-iqtisadi çətinliklər içində boğulduğu halda, dövlətin və xalqın pulunu mənimsəyən B. Rzayevin ailə üzvləri və yaxın qohumlarının hər birinin ölkədə milyonlarla dəyəri olan villalara, xaricdə istehsal olunmuş "inomarka" avtomobillər parkına və zəngin həyat tərzinə malikdirlər.
Ölkədə cənab Prezident tərəfindən rüşvət və korrupsiyaya qarşı ciddi mübarizə aparıldığı, DTX və Baş Prokurorluq tərəfindən xeyli sayda rüşvətxor və korrupsioner məmurun həbs olunduğu hazırkı dövrdə "Azərenerji"də baş verən korrupsiya hallarına qarşı mübarizə tədbirləri görülməməsi xalqı çox narahat edir.
P. S. Yazıda adları çəkilən şəxslərin mövqeyini dinləməyə hazırıq.
Səfurə