Astarada polisi öldürmək istəyən narkotik alverçisindən XƏBƏR VAR

Astarada polisi öldürmək istəyən narkotik alverçisindən XƏBƏR VAR
 

Astara rayonunda polisi öldürməyə cəhddə və narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda təqsirləndirilən Seyhun Məmmədov Ali Məhkəməyə müraciət edib.

"Ölkə.Az" xəbər verir ki, onun müraciətinə hakim İlqar Qılıcovun sədrliyi ilə keçiriləcək məhkəmə ptosesində baxılacaq.

İttiham aktına əsasən, hadisə 2020-ci il avqustun 17-də Astara rayonunun Şahağacı kəndində qeydə alınıb.

Belə ki, Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub Regional Şöbəsinin əməkdaşları rayonun Şahağacı kəndi ərazisində keçirilən əməliyyat-axtarış tədbirləri ilə əlaqədar kənd sakini S.Məmmədovun şəxsi avtomobilinə baxış keçirib. Bu zaman o, polis əməkdaşı Xanlar Hüseynovun döş qəfəsi nahiyəsinə bıçaqla zərbə vurub.

Həmçinin hal şahidlərinin və müdafiəçinin iştirakı ilə şəxsi axtarış aparılarkən S.Məmmədovun üzərində və avtomobilində narkotik vasitələr və psixotrop maddələr aşkar edilərək götürülüb.

Daha sonra S.Məmmədov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.

Onun barəsində Cinayət Məcəlləsinin 29, 120.2.3 (zərərçəkmiş şəxsin xidməti vəzifəsini və ya ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar onun özünü və ya yaxın qohumlarını öldürməyə cəhd) və 234.4.3 (qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma külli miqdarda törədildikdə) maddələri ilə ittiham irəli sürülüb.

Lənkəran Ağır Cinayətlər məhkəməsinin hökm ilə o, 17 il 7 ay müddətinə azadlıqdan məhrum edilib.

Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verib. Şirvan Apellyasiya Məhkəməsi şiakyəti təmin etməyib, hökm dəyişdirilmədən saxlanılıb.

 

0.0191330909729