Brüssel görüşünün nəticəsi reallaşa bilər
Rusiya müdaxilə etməsə ...
Mayın 22-də Azərbaycan prezidentilə Ermənistanın Baş naziri Belçikanın paytaxtı Brüsseldə Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin vasitəçiliyilə artıq 3-cü dəfə görüşdülər. Bu görüşdə Azərbaycan prezidenti İlham Əliyev diplomatik dildə Ermənistanın Baş naziri Nikol Paşinyana başa saldı ki, Ermənistan ya Azərbaycan və digər qonşuları ilə beynəlxalq hüquqa əsaslanan dinc yanaşı yaşamaq, əməkdaşlıq, tərəfdaşlıq və inkişaf kursunu seçməlidir, ya da xarici güclərin əlində oyuncağa çevrilib, dünyanın siyasi xəritəsindən silinmək təhlükəsilə üzləşməyi qəbul etməlidir.
Üçtərəfli görüşdə Azərbaycan və Ermənistanın razılaşdığı bütün ilkin şərtlər bəyanatda əks olunub və həmin şərtlərin qısa zamanda həll olunması tərəflərə həvalə olunub. Yəni tərəflər nəzərə almalıdır ki, seçim üçün təklif olunan vaxt o qədər də çox deyil. Bu mənada yeqin ki, yaxın günlərdə Ermənistanın mövqeyi tam aydınlaşacaq. İrəvan beynəlxalq hüquqa əsaslanan dinc yanaşı yaşamaq, əməkdaşlıq, tərəfdaşlıq, inkişaf və sülh kursunu seçəcək, yoxsa üzdəniraq revanşistlərin erməni xalqına böyük fəlakət vəd edən müharibənın əsirinə çevriləcək..
Brüsseldə baş tutan Azərbaycan, Avropa İttifaqı Şurasının Prezidentləri və Ermənistanın Baş naziri arasında keçirilən 5 saatlıq görüşdə ən ciddi məsələ kimi Ermənistan ərazisindən keçəcək və Naxçıvanı Azərbaycanla birləşdirəcək dəmir və avtomobil yolunun çəkilməsilə dəhlizin açılması barədə razılıq əldə olunub.
Görüşdə qeyd edilib ki, qonşular arasında iqtisadi və ticarət əlaqələrinin qurulması, yolların açılması, gediş-gəlişin bərpa olunması normal siyasi - diplomatik münasibətlərin qurulmasına geniş imkan yaradacaq. Bu, regionda yerləşən bütün dövlətlər, xüsusən Ermənistan üçün daha çox faydalı olacaq. Ancaq bu planları pozmaq məqsədilə Ermənistanın radikal qüvvələri hazırda mitinq və küçə yürüşləriylə N. Paşinyanın istefasını tələb edirlər. Onlar çalışır ki, Azərbaycanla Ermənistan və Türkiyə arasında barışıq, sülh baş tutmasın.
Onu da qeyd edim ki, Ermənistanın, Azərbaycan və Türkiyə ilə sülh sazişinin imzalanmasına qarşı çıxanlar azlıq təşkil edir. Bu, sonuncu parlament seçkilərində (iyun, 2021) də təsdiq olunub.
Amma unutmaq olmaz ki, Ermənistanın radikal düşərgəsi xeyli maliyyə resurslarına, terror təcrübəsinə malikdir və dünyada zəngin örgütlərdən olan erməni lobbisilə sıx bağlıdır. Eyni zamanda əksər erməni KİV-lərini həmin qüvvələr maliyyələşdirir. Bu qüvvələr həm də, bölgədə möhkəm və ədalətli sülhün yaranmasını istəmirlər. Çünki onlar Cənubi Qafqazda daim münaqişələri alovlandırmağa çalışan Rusiyaya bağlıdırlar.
Rusiyaya bağlı radikallar Brüssel razılaşmasını pozmaq üçün Ermənistan toplumunu “satqın Paşinyan”a qarşı birləşməyə çağırır. Rusiyanın yaratdığı maneələrə baxmayaraq, N. Paşinyan xalqını doğru yola çıxarmağa cəhd edir və onun bu addımı ABŞ və Avropa tərəfindən dəstəklənir.
Son günlər mitinqçilərin Ermənistan XİN binasını blokadaya alması və binaya soxulması, müxalifət lideri daşnak İşxan Saqatelyanın Brüssel anlaşmasını hüquqi əsası olmayan sənəd, Nikol Paşinyanı isə qeyri-legitim rəhbər elan etməsi, İrəvanda yaşanan çaxnaşmalar, məhz Rusiyanın sifarişilə baş verir. Aydın görünür ki, Rusiyaya bağlı olan radikal müxalifət qüvvələri mübarizənin son mərhələsinə keçiblər.
Radikal müxalifət Brüsseldə Ermənistanın daha böyük bir siyasi məğlubiyyətə uğradığını bəyan edir. Bunu Ermənistan parlamentinin keçmiş deputatı Naira Karapetyan bildirib. O təlaş içində deyib: "Görüşün nəticəsi barədə bəyanatda Dağlıq Qarabağın adı çəkilmir.
Azərbaycanın iddia etdiyi kimi, belə bir inzibati ərazi mövcud deyil, əvvəlki iki görüşdə qəbul olunmuş bəyanatda Rusiyanın vasitəçiliyi ilə əldə edilmiş bəyanatlara və razılaşmalara diqqət yetirilirdisə, indi bu haqda danışılmır. Artıq Minsk Qrupunun həmsədrliyindən də söz açılmır. Yekun bəyanatda Qarabağın statusu məsələsi, ümumiyyətlə, qaldırılmır, öz müqəddəratını təyinetmə hüququndan bəhs edilmir. Əvəzində Qarabağdakı etnik erməni əhalisinin hüquq və təhlükəsizliyindən bəhs edilir. Bu sondur. Deyəsən, hər şey artıq bitib. Və bu, təhdidlərin yalnız görünən hissəsidir. Əgər indi də heç bir nəticə çıxarılmırsa, deməli, biz “müstəqil” Qarabağa və ya müstəqil Ermənistana layiq deyilik"!
Müxalifətin verdiyi bəyanatdan da çox aydın görünür ki, onlar Ermənistanı yenidən uçuruma itələyirlər. Yuxarıda qeyd etdiyimiz kimi, Rusiyanın tam təsiri və nəzarətində olan Ermənistanın Brüssel görü-şündə əldə olunmuş razılaşmada əks olunmuş müddəları tezliklə yerinə yetirəcəyi real görünmür.