Siracəddin Hacı yazır...

Siracəddin Hacı yazır...
 

Tələbələrimin / şagirdlərimin suallarına cavablarımIV

- Müəllim, valideynlərim, bir sıra müəllimlər deyirlər ki, çox çalış, az yat, öncə çalışmaq, sonra yatmaq. Siz isə deyirsiniz ki, düzənli yat, düzənli çalış, öncə yuxu, sonra çalışmaq. Niyə yuxuya bu qədər önəm verirsiniz?

- Bu sualın doğru cavabı insanı tanımaqla bağlıdır. İnsan ehtiyaclı, sınırlı varlıqdır. Bu ehtiyaclarından biri də yuxudur. Qurani-Kərim buyurur ki, yuxuya ehtiyacı olmayan bircə varlıq var, o da Allahdır, ilahi ölçüyə görə gecə örtü, gündüz çalışma vaxtıdır. İnsan çoxyönlü varlıqdır, fiziki, ruhi, psixoloji, zehni, əqli, sosial, əxlaqi ehtiyacları var. Bu ehtiyaclardan hər hansı biri pozulanda o biriləri də pozulur, fiziki hal ruhi hala və əksinə təsir göstərir. Yuxu pozulsa, hər şey pozular, fiziki, mənəvi güc tükənər, hüzur qalmaz, sistem çökər, xeyirli oxuma, bərəkətli nəticə imkansız olar. O halda, YUXU TƏRBİYƏSİ zəruridir. Oxuduqlarım, öyrəndiklərim, düşündüklərimdən yuxu ilə bağlı dörd ölçü çıxarmışam: a) DÜZƏNLİ YUXU – bu, başlanğıcı, bitişi eyni olan yuxudur, həftə sonu və bayramlarda da bu nizamı pozmayın; b) YUXU SAATI – bu doğru saatlarda yatmaqdır, 12-06 arasıdır, yuxu hormonunun (melotoni) aktiv olduğu zaman dilimidir. Örnək verim: bir məqalədə dünyada məşhur olan şirkətlərin liderlərinin – uğur qazanmış insanların yuxu saatı araşdırılmışdır. Onların ölçüsü budur: tez yat, tez oyan – gecə ən geci 11-12-də yatırlar, onların ən gec oyananı 06, ən tez oyananı 04.30-dur. Bir şeyi də deyim ki, namazlar da bu sistemə görə qurulmuşdur; c) YETƏRLİ YUXU – bu təxminən 6-8 saatdır, insanlara görə dəyişə bilər, az yatmaq da, çox yatmaq da ziyanlıdır; d) YUXU ŞƏRAİTİ – yatdığınız yer təmiz, sakit, zil qaranlıq olsun, havasını dəyişin, yatağınızın rahatlığını təmin edin, telefonu yanınıza qoymayın, uzanıb TV-yə baxmayın – işıq yuxuya mane olur, yatmazdan çox öncə yeyin, dua edin, Allahdan gözəl yuxu istəyin, yuxu halına keçin;

Deyə bilərəm ki, sizin üçün gecə 12-dən sonra yuxudan daha xeyirli bir iş yoxdur. Gündüz yatmaq imkanınız olmasa, 15-20 dəqiqə gözlərinizi qapayın, bu insanı təzələyir, gücünü bərpa edir, əmin olun ki, yuxunuz düzəlsə, çalışmağınız da düzələcək, bərəkətiniz artacaq, gözəl yatsanız, gözəl oyanacaqsınız, gözəl oyansanız, müsbət enerji ilə dolacaq, günlük hədəflərinizi gerçəkləşdirəcəksiniz.    
Paralel.az

0.015331029891968