Siracəddin Hacı yazır...

Siracəddin Hacı yazır...
 

 

Tələbələrimin / şagirdlərimin suallarına cavablarım : III

Müəllim, koronovirusdan çıxaracağımız dərslər varmı?
- Koronavirusdan aldığım dörd dərs var, onları sizinlə paylaşıram: birincisi, SEÇİCİ YANAŞMAQ – hər şeyi yeməyin – deyirlər ki, bu virus yarasadan bulaşdı, seçin, dostunuzu, kitabınızı, yolunuzu, inancınızı, evinizi, ömür yoldaşınızı, məktəbinizi, universitetinizi, sözünüzü ... seçin. Seçməsəniz, fiziki, ruhi olaraq bulaşacaq, kirlənəcəksiniz, seçməyin yolu doğru tanımaq, sorğu-sual etmək, araşdırmaqdır. İkincisi, MASKANI QULAĞINIZA, GÖZÜNÜZƏ TAXIN – mənəvi maskaları nəzərdə tuturam, yəni hər şeyə baxmayın, oxumayın, hər şeyə qulaq asmayın, beyninizi, qəlbinizi mənasız bilgilərlə doldurmayın, filankəs nə geyinir, sənə nə? Filan futbolçu neçə top vurdu, mənə nə? Kimlər boşandılar? Bizə nə? Sizi inkişaf etdirəcək, sizə həyatı doğru tanıdacaq şeylərə baxın, dinləyin. Biri Molla Nəsrəddinə deyir ki, bir sini paxlava aparırlar, deyir ki, mənə nə? Deyir ki, sizə aparırlar, cavab verir ki, sənə nə? Sokrat ona bir xəbər vermək istəyənə öncə üç sual verərmiş: Şahid oldunmu? Xəbərin mənimlə bağı varmı? Faydalıdırmı? Üçüncüsü, MƏSAFƏ – sizə ümidsizlik aşılayan, sizi ruhdan salan, bədbinləşdirən, bəhanəçi, davamlı şikayət edən, enerjinizi sömürən insanlarla aranıza məsafə qoyun. Gündəminizi başqalarının müəyyən etməsinə izin verməyin, bilin ki, mənəvi viruslar fiziki viruslardan daha tez bulaşır, daha qalıcı olur. Dördüncüsü, TƏMİZLİK – kirli qidalar bədəni, kirli bilgilər ruhu, ağlı, qəlbi öldürür, ağlınızı elmlə, qəlbinizi imanla, doğru bilgilərlə, dəyərlərlə, mərhəmətlə təmiz tutun, ağlınıza, qəlbinizə, iradənizə maya qoyun. Göz və qulağınızdan girənlərə nəzarət etsəniz, ağlınız, qəlbiniz, ruhunuz xəstə olmaz. Hər sözün, əməlin, davranışın arxasında mütləq bir anlayış var, gözünüzdən, qulağınızdan ağlınıza, qəlbinizə nə girirsə, söz və davranışla çıxan, özünü göstərən də o olacaq. Bir türk sənətkarı deyir ki, bu şəhərdə iyirmi üç saat kir, bir saat nur yağır, ancaq o nur o kiri yuyur. Siz də çoxluğa meyil etməyin, o nur kimi olun, unutmayın ki, işıq qaranlıqdan, xeyir şərdən, ədalət zülmdən, sevgi nifrətdən güclüdür. 

Paralel.az

0.026036024093628