İcra başçısı Şəhidlər xiyabanına yol çəkilməsinə maneə olur
Asif Ağayevin şəhidlərə münasibəti düşməndən fərqlənmir
İcra başçılarının rüşvət, korrupsiya, özbaşına hərəkətindən şikayətlənən tək xalq deyil, artıq cənab prezident də bü zümrədən şikayətlənir.
Şəhid ailələrinə qarşı rəhbərə töhmət gətirən, ləyaqətsiz, vandal münasibətilə seçilən, əvvəl Şamaxı, hazırda isə Beyləqan ictimaiyyətinin nifrətini qazanmış Asif Ağayevin Prezident Administrasiyasında hörmət qazanmasının sirrini bilən yoxdur.
Sabiq deputat, indi isə cinayət törətdiyinə görə, həbsxanada "dincələn" Hüseyn Abdullayevin sürücüsündən "SOCAR" şirkətinin prezidenti və uzun müddət dövlətin neft-qaz sərvətinin sahibinə qədər yüksələn Rövnəq Abdullayevin vasitəsilə hakimiyyət strukturuna soxulan Asif Ağayevin icra başçısı saxlanması hazırda heç hakimiyyətə də sərf etmir. Çünki o, korrupsioner icra başçısı kimi nüfuzunu itirib.
İkinci Qarabağ müharibəsində 11 nəfər şəhid verən Beyləqan rayonunun Təzəkənd kəndinin Şəhid ailələrindən verilən məlumata görə, kənd əhalisinin vəsaiti hesabına salınmış şəhidlər xiyabanına gedən yolun asfaltlaşması üçün "Azəravtoyol" şirkətindən alınan bitum icra başçısı Asif Ağayev tərəfindən mənimsənilib.
Bu, icra başçısının şəhidlərin ruhuna qarşı etdiyi ilk hörmətsizlik deyil. Buna görə də Beyləqan əhalisi Asif Ağayevin şəhid ailələrinə, müharibə əlillərinə və veteranlarına qarşı hörmətsizliyindən çox şikayətlənir və onun bu hərəkətlərini mətbuatda ifşa etdikcə, Prezident Administrasiyası tədbir görmək əvəzinə, Asif Ağayevin müdafiəsini güclədirir.
Prezident Administrasiyasında onu da anlayırlar ki, ölkədə rüşvət və korrupsiya yuvası kimi tanınan rayon icra hakimiyyətləri əhali arasında nüfuzdan düşdüyünə görə, əgər başçılar əhalinin şikayətilə vəzifədən çıxarılarsa, ölkədə xoşagəlməz proses başlayar. Çünki hakimiyyətin digər pillələrində çalışanlardan fərqli olaraq, xalqın icra başçılarına nifrət etdiyi hər kəsə bəllidir.
Xülasə, Beyləqan əhalisi icra başçısı Asif Ağayevin sərgüzəştləri haqqında dastan danışır. Belə getsə, icra başçıları Azərbaycanda dastan yaradıcılığı sahəsinə böyük töhfə verəcəklər...
Səfurə