Azərbaycan ərzaq məhsulu ixracatçısına çevrilə bilər
Ərzaq təhlükəsizliyi müasir dövrün başlıca tələbidir
Hazırda dünya iqtisadiyyatı postpandemiya mərhələsinə keçməklə bir sıra ciddi problemlərlə üzləşir. Bu problemlərin bir neçəsi Azərbaycan iqtisadiyyatından yan keçsə də, digərləri müxtəlif, bəziləri, hətta, ciddi dərəcəli təsirlərə malikdir. Bizim iqtisadiyyatdan yan keçən problemlər sırasına xam neftin, təbii qazın, daş kömürün və əlvan metalların bahalasmasını aid etmək olar. Qalan digər problemlər isə başqa ölkələrə nisbətən Azərbaycan iqtisadiyyatına daha çox mənfi təsirlərə malikdir. Bu isə onunla əlaqədardır ki, müxtəlif səbəblərdən ölkə daxilində iqtisadi qaynaqlar passivləşib - daxil istehsal minimum səviyyədədir. Ona görə də yerli tələbatın əksər seqmentləri idxaldan asılı vəziyyətə düşüb.
Məsələn, Azərbaycan iqtisadiyyatı 30 il əvvəl ətə, südə, ərzaq bugdasina, bostan bitkilərinə və meyvə-tərəvəz olan yerli tələbatı demək olar ki, tam şəkildə ödəyir, bu məhsullar üzrə ixracatçı ölkə kimi tanınırdı. Hazırda isə bu məhsullar üzrə yerli istehsal daxili tələbatın 40-60 faizini qarşılaya bilir. Yalnız soğan, kortof və bir sıra digər bostan bitkiləri üstə yerli tələbat tam şəkildə ödənilə bilir. Düzdür, quru meyvələrə tələbat da tam olaraq yerli məhsullar hesabına ödənilir, amma bunlar həyati vacib məhsullar olmadığına görə ümumi nəticəyə ciddi təsir göstərə bilmir.
İstənilən ölkədə əhalinin ərzaq məhsullarına tələbatın ödənilməsində başlıca rola malik olan dörd "açar məhsul" statusuna malik ərzaq var. Bunlar ət, ağartı məhsulları - süd ekvalentində, bitki yağları və ərzaq buğdasıdır. Bu dörd ərzaq məhsuluna yerli tələbatın 80 faizindən çoxu yerli istehsal hesabına ödənilə bilirsə, belə ölkələr ərzaq məhsullarına görə idxaldan asılı dövlət hesab edilmir. Azərbaycanda bu göstəricilərə nəzər salsaq, görürük ki, ölkədə bu məhsullar üzrə yerli tələbatı ət istehsalı 45 faiz, süd istehsalı 50 faiz, bitki yağları istehsalı 6-8 faiz, ərzaq buğdası istehsalı isə 3-5 faiz ödəmə qabiliyyətinə malikdir. Statistik məlumatlara görə ölkədə yerli tələbatın 60 faizi qədər ərzaq buğdası istehsal edilir, amma həmin buğdanın keyfiyyəti aşağı olduğundan məhsulun demək olar ki, hamısı yem kimi istifadə edilir. Ərzaq buğdası isə tam tələbat həcmində - 1,5 milyon ton xaricdən idxal edilir.
Yuxarıda qeyd edilənlərdən belə nəticəyə gəlmək olur ki, ölkəmiz ərzaq məhsullarına olan yerli tələbatın qarşılanmasında idxaldan asılı dövlətlər sırasına aiddir. Lakin yuxarıda qeyd etdiyimiz kimi, Azərbaycan sovetlər dönəmində bu məhsullardan bitki yağlarını çıxmaq şərti ilə qalanları üzrə yerli tələbatı yerli istehsal hesabına ödəyib. Bu o deməkdir ki, iqtisadiyyatımız bu məhsullar üzrə yerli tələbatı ödəmək potensialına malikdir. Bizim üzərimizə düşən başlıca məsələ isə bu potensialı yenidən reallaşdırmaqdır. Bunun üçün birinci növbədə ölkənin suvarma sistemi yenidən qurulmalı - ölkə ərazisində ən azı 10 su anbari tikilməli, suvarma suyunun daşınmasında kəmərlərdən istifadəyə keçilməli və selləmə suvarma üsulundan damci-yagis suvarma metoduna keçilməlidir. Azərbaycan ərazisində və transsərhəd çayları vasitəsi ilə hər il 33 milyard kubkilometr su həcmi formalaşır. Bu sudan yuxarıda göstərilən şərtlər daxilində istifadə edilsə, ölkənin bütün ərazisini ildə on dəfələrlə suvarmaq mümkündür. Yəni suvarma problemi bu 3 tədbirin reallaşması ilə tarixə qovusa bilər. Fermer istədiyi an bir düyməni basmaqla öz torpaqlarını suvarmaq imkanı əldə edə bilər.
Onu da qeyd edək ki, bunlar ciddi kapital tutumlu tədbirlər olsa da, ölkəmizin neft-qaz satışından əldə etdiyi gəlirlər fonunda dövlət bu kapitalı qoymaq imkanlarına malikdir.
Respublikamızın ərzaq təminatında başlıca rola malik olan aqrar sahənin digər problemi fermerlərə dövlət dəstəyinin yetərli olmamasıdır. Əvvəla, fermerlərə dəstək layihələri hazırlanarkən real olaraq fermerin bir məhsul ilində rentabelli dövriyyə qurmaq üçün lazım olar vəsaitin məbləği təcrübi olaraq müəyyənləşməlidir və elə həmin məbləğdə də fermerə yardım verilməlidir.
Digər tərəfdən, fermerə verilən maddi dəstək tam şəkildə nəğdləşdirilə bilən olmalıdır. Hazırda fermerlərə verilən subsidiyaların yalnız 25 faizi onlar tərəfindən nəğdləşdirilə bilir. Subsidyanin qalan 75 faizi ilə isə fermer hökumətin müəyyən etdiyi şirkətlərdən vəsait (toxum, gübrə, pestisitlər və s.) ala bilər. Bu üsul fermerləri həmin şirkətlərə təhkim etmək deməkdir. Həmin şirkətlər fermerlərin onlardan məhsul almağa məhkum olunduqlarından sui-istifadə edərək, keyfiyyətsiz məhsulları baha qiymətə satırlar. Bu hal birbaşa məhsuldarlığa təsir göstərir, nəticədə fermerin zəhməti hədər gedir. Maddi yardım - subsidiya fermerə nəğd şəkildə verilməlidir ki, onun keyfiyyətli məhsul seçmək imkanı olsun.
Bununla yanaşı, hökumət yüksək məhsuldarlıq cins mal-qara və bitki toxumları ilə fermerləri təmin etmək üçün işlək mexanizmlər hazırlamalıdır. Digər tərəfdən yüksək məhsuldarlıqlı heyvan cinsləri və bitki toxumlarının ölkə daxilində əldə edilməsi istiqamətində ali təhsil ocaqlarına sifarişlər verilməli, damazlıq və toxumluq təsərrüfatlar yaradılmalıdır.
Bütün bunlarla eyni vaxtda fermerlər mütəmadi şəkildə heyvandarlıq və bitkiçilik istiqamətində maarifləndirilməlidir ki, onlar yüksək məhsuldarlıq əldə etmək üçün müasir texnologiya və aqrotexniki üsulları mənimsəyə bilsinlər.
Hədəf bol məhsul istehsalı olmaqla qeyd edilən tədbirlər uğurla həyata keçirilsə, bir neçə ildən sonra Azərbaycan ərzaq məhsulları üzrə ixracatçı ölkəyə çevrilə bilər. Buna bizim ciddi potensialımız var. Məsələn, mövcud sahələrdə ərzaq buğdasının keyfiyyətini yüksəltmək və məhsuldarlığı 50-60 sentnerə çatdirmaq Azərbaycanı ərzaq buğdası ixracatçısına çevirə bilər. Halbuki, bizim işğaldan azad edilmiş yüzminlərlə hektar əkin sahələrimiz də mövcuddur. Bundan əlavə, əgər suvarma suyunun kəmərlə ötrülməsi reallaşarsa, əkin yerlərinin sahəsi də 30-40 faiz arta bilər. Ona görə ki, kəmərlə su ötrüldükdə suvarma suyunun çatdırılmasında relyef və məsafə təsirləri aradan qaldırılır - əvvəl suvarılması mümkün olmayar ərazilərə su verilə bilir.