İndiki mərhələdə bəşəriyyəti yalnız
tolerantlıq və multikulturalizm xilas edə bilər

İndiki mərhələdə bəşəriyyəti yalnıztolerantlıq və multikulturalizm xilas edə bilər
 

"Dünyada toqquşamalara, çarpışmalara səbəb
mədəniyyətlər, yaxud sivilizasiyalar olacaq"

  Son zamanlar dünyada baş verən bir çox siyasi proseslər belə bir qənaətə gəlməyə əsas verir ki, dünya sivilizasiyası multikulturalizmin və tolerintlığın inkişaf etdirilməsinə və qorunmasına məhkumdur.

Bu dəyərlər inkişaf etdirilmədikcə, qorunmadıqca dünyada baş verən qarşıdurmaların, münaqişələrin qarşısını almaq mümkün olmayacaq. İstənilən münaqişə və qarşıdurmanın tarixçəsini - baş vermə səbəblərini araşdırsaq, onun əsasında milli, etnik, dini və ya irqi ayır-seçkiliyin olduğunu aşkarlayacağımız labüddur. Yəni bütün kataklizmaların başlanğıc nöqtəsi müxtəlif mədəniyyətlərin toqquşmasından qaynaqlanır.

Bu gün açıq görünəni odur ki, Amerika Birləşmiş Ştatları ilə Koreya Xalq Respublikası, Rusiya Federasiyası və eləcə də İran İslam Respublikası arasında çox gərgin münasibətlər formalaşıb ki, bu da çox ciddi fəsadlarla nəticələnə bilər. Baxmayaraq ki, Amerika prezidenti Donald Tramp Səudiyyə Ərəbistanı krallığının paytaxtı Ər-Riyad şəhərində Ərəb-İslam-Amerika Sammitində ekstremizimlə mübarizənin vacibliyini xüsusi qeyd edərək bildirib ki, bu sahədə mübarizə müxtəlif dinlər arasında deyil, xeyirlə şər arasında gedir, şərə qalib gəlmək üçün isə bütün quvvələri birləşdirmək ən vacib şərtlərdən biridir.

Prezident Tramp həmçinin qeyd edib ki, Amerika müharibənin deyil, sülhün tərfdarıdır.

Lakin bu gün dünyanın bir çox bölgələrində baş verən münaqişələr onu deməyə əsas verir ki, bizim sivil Qərb hesab etdiyimiz bir çox dövlətlər öz fəaliyyətlərində heç də səmimi deyillər və bir çox ölkələrə qarşı ikili siyasət həyata keçirirlər. Qərbin tanınmış alimləri, amerikalı politoloq Samuyel Xantinqton və ingiltərəli tarixçi Arnold Toynbi hesab edirlər ki, dünyada toqquşamalara, çarpışmalara səbəb artıq hakimiyyət, milli ədavət, ideologiya, iqtisadi resurslar deyil, mədəniyyətlər yaxud sivilizasiyalar arasında olacaq. Çünki, artıq krallararası, millətlərarası və ideologiyalararası savaşlar bitib, onlar öz yerlərini sivilizasiyalara veriblər. Bu isə belə bir sual ortaya çıxarır, nə üçün növbəti savaş mədəniyyətlər, yaxud sivilizasiyalar arasında baş verəcək? Ələlxüsus da, mədəniyyətlərin savaşlara yol açması fikri çox marqlı və düşündürücüdür. Çünki bu fikirlərdən belə nəticəyə gəlmək mümkündür ki, mədəni dəyərlər inkişaf edən cəmiyyətlərdə zorakılıq hissi də artır. Ancaq mədəni dəyərlərin "inkişaf" məsələsi də ziddiyyət doğurur, çünki dünyada 200-dən çox millət olduğu halda, mədəniyyətə verilən təriflərin sayı mindən çoxdur. Belə olduğu halda dəqiqləşdirmək lazım gəlir ki, "mədəniyyət" özü nədir, "mədəniyyətlərarası savaş" dedikdə nələr nəzərdə tutulur? Eyni zamanda, burada "sivilizasiya" anlayışı, "sivilizasiyalarası toqquşma" məsələsi də gündəmə gəlir. Bununla belə, mədəniyyət və sivilizasiya anlayışları ilə bağlı ortaq fikrə gəlmək də mümkün deyil. Çünki hər bir millətin bu anlayışlara özünəməxsus münasibəti var. Hətta, eyni millətdən olan söz sahiblərinin, alimlərin, din xadimlərinin belə, mədəniyyət və sivilizasiya anlayışları ilə bağlı fərqli tərifləri, düşüncələri var. Belə olduğu halda mədəniyyətlararası, yaxud sivilizasiyalararası müharibəni müəyyənləşdirən amili yenə də fərqli ideyalarda, dünyagörüşlərdə, adət-ənənələrdə axtarmaq lazım gəlir. Bu da məlumdur ki, mədəniyyət anlayışı nə qədər fərqli olsa belə, bir-birinə yaxın cəmiyyətlərdə oxşar elementlər daha çox olur. Hətta, fərqli dinlərə mənsub millətlər belə, mədəniyyətə aid bir çox ünsürləri ortaq şəkildə paylaşa bilərlər. Avropa xalqları bu məsələdə başqa reqionlarda yaşayanlarla müqayisədə xeyli irəli gedə biliblər. Çünki Avropada ilk əvvəl təkmədəniyyətlilikdən çoxmədəniyyətliliyə, daha sonra isə "Qərb" anlayışı altında yenidən təkmədəniyyətliliyə inteqrasiya prosesi baş verib. Bununla da Avropa xalqlarının böyük əksəriyyəti (bolqarlar, polşalılar, macarlar, finlər, rumınlar, albanlar, serblər, xorvatlar və b.) özünəməxsus mədəniyyətlərdən uzaqlaşaraq daha çox ingilis, fransız və alman mədəniyyətlərinin təsiri altına düşüblər. Bu isə istər-istəməz həmin millətlərdə əks reaksiya doğurub. Məsələn, macarlar, bolqarlar türk mənşələrinə, serblər, xorvatlar, polyaklar slavyan mənşələrinə maraq göstərməyə başlayıblar. Bu da istər-istəməz Qərb sivilizasiyasında müəyyən qıcıq yaradıb. Artıq bu millətlərin assimilasiya olunduğunu düşünən Avropa dövlətləri belə bir vəziyyətin yaranacağını gözəmirdilər. Avropada vəziyyətin belə bir həddə gəlib çatdığı dövrdə, qərblilər "Qərb sivilizasiyası"nın tənəzzülünün qarşısını almaq üçün qeyri-Qərb dünyasına daha çox təsir göstərməyə çalışırlar. Əsasən də, qeyri-qərblilərə çoxmədəniyyətlilik anlayışı altında çoxüzlülük, bir sözlə, simasızlıq təbliğ olunmağa başlanıb. Bununla da, millətin öz milli simasını itirəcəyini düşünüblər və onların dünyaya, özünə Qərbin gözü ilə baxmağa və danışmağa başlayacağını hesab ediblər.

Buna görə də, Qərb sivilizasiyasının digər sivilizasiyaları sıxışdırması, əsas etibarı ilə əks reaksiya ilə nəticələnir. Hazırda Avropada müsəlmanların, İslam dininin təzyiqlərə məruz qalması faktını heç kim inkar edə bilməz. Bu təzyiqlərə əsas səbəb isə odur ki, Avropa müsəlmanlarının əksəriyyəti din və millət məsələsinə avropalılar kimi maddiçlilik, liberal dəyərlər əsasında yanaşmırlar. Yəni, Avropa müsəlmanlarının qərbləşməsi prosesi qərbliləri qane etmir. Çünki Avropa müsəlmanları maddiçi və azad (liberal) qərblilərə də ciddi təsir göstərməyə başlayıblar. Bu isə o deməkdir ki, yalnız qeyri-qərb, özəlliklə müsəlman ölkələrində deyil, Avropanın özündə də milli-mənəvi köklərə qayıdış güclənib. Bu baxımdan Qərb üçün əsas təhlükə İslam dini və hazırda onun aparıcı qüvvəsi olan türklərdir.

Bu gün Qərb istər Avropada, istərsə də ondan kənarda maddiçilik və azadlıq "mədəniyyəti"ni nə qədər gücləndirirsə, bir o qədər də, bəlkə də ondan da arıq əks təzyiqlə üzləşməli olur. Əgər bu gün Qərbə qarşı təpki müsəlman dünyasındandırsa, bunun yenə də günahkarı Qərbin özüdür. Çünki Qərb maddiçiliyi və liberallığı daha çox müsəlman dünyasında, bütün vasitələrlə yaymağa can atır. Buna görə də, daha çox müsəlman dünyasından əks təzyiq görür. Buradan da belə bir nəticəyə gəlmək olar ki, bir gün dünyada sivilizasiyalararası, yaxud da mədəniyyətlərarası toqquşma olacaqsa, bunun əsas səbəbkarı Qərb, Qərb sivilizasiyası olacaq.

Bu toqquşmanın da ilk növbədə İslam-Türk sivilizasiyası ilə baş verəcəyini, bəlkə də, artıq  başlandığını söyləmək olar. Çünki Qərb sivilizasiyası özü üçün əsas rəqib kimi, ancaq İslam-Türk sivilizasiyasını görür. Bizə belə gəlir ki, qərblilər bu məslədə heç də yanılmırlar. Çünki hazırda Qərb sivilizasiyasına "dur" deyə biləcək ən güclü sivilizasiya İslam-Türk sivilizasiyasıdır.

İslam-Türk sivlizasiyası Qərb sivilizasiyası ilə mədəniyyət mücadiləsində ən azı 5 mərkəz formalaşdırmaq gücündədir:

1) Kiçik Asya və onun ətrafı,

2) Rusya və onun ətrafı

3) Orta Asiya və onun ətrafı

4) Ön Asiya və onun ətrafı (Yaxın və Orta Şərq)

5) Bosnya, Albaniya, Kosova və onun ətrafı.

Bütün bu məsələlərə münasibətini açıqlayan Azərbaycan alimi, fəlsəfə doktoru Faiq Qəzənfəroğlu "Milli mədəniyyət və çoxmədəniyyətlilik" başlıqlı məruzəsində qeyd edir ki, hər bir millət öncə milli mədəniyyətini dərk etməlidir. Burada, yenə də eyni sual ortaya çıxır "mədəniyyət" özü nədir, "çoxmədəniyyətlilik" dedikdə nə nəzərdə tutulur?. Üstəlik, burada mədəniyyətlə yanaşı "kültür", "sivilizasiya", "multikulturalizm" anlayışlarının da izahı çox vacibdir. Faiq Qəzənfəroğlu hesab edir ki, vaxtilə Qərbin özü tərəfindən irəli sürülən multikulturalizmdən, sonradan imtina etməsi səbəbsiz deyil: "Hər bir toplum ilk növbədə, başqa mədəniyyətlərin deyil, öz milli-mənəvi dəyərlərinin məhsuludur. Bir millət, toplum başqa toplumlardan bəzi dəyərləri mənimsəyə bilər, ancaq bu da müəyyən hədd çərçivəsində olmalıdır. Başqa millətin dəyərlərinə həddən çox üz tutan toplumların gələcəyi təhlükə altındadır. Bu baxımdan çoxmədəniyyətlilik, qloballaşma, demokratiya, tolerantlıq kimi anlayışlarda son dərəcə həssas olmaq lazımdır. Bizim də əsas məqsədimiz özümüz olmaq, milli varlğımızı ifadə etmək olmalıdır. Yəni çoxmədəniyyətli, ya da multikulturalizm mövqeyindən milli mədəniyyətə deyil, əksinə milli mədəniyyətə sahib olub, çoxmədəniyyətliliyi idrak etməliyik. Azərbaycan xalqının varlığı bütün zamanlarda, bu gün də milli mədəniyyət üzərində qurulub".

Və sonda onu da qeyd etmək vacibdir ki, Azərbaycan xalqının bütün varlığının milli mədəniyyət üzərində qurulmasının nəticəsidir ki, bu gün Azərbaycan bir çox Qərb dövlətləri üçün də multikulturalizmin, yəni çoxmədəniyyətliliyin nümunəsi kimi, təqdim olunur. Azərbaycan bəzi qərb dövlətləri kimi, hansısa millətləri xalqları assimilasiyaya uğadaraq öz mədəniyyətini inkişaf etdirməyi qarşısına məqsəd qoymayıb. Tam əksinə, öz ərazisində yaşayan bütün xalqların mədəniyyətini inkişaf etdirərək, mükəmməl bir Azərbaycan mədəniyyəti çələngini yarada bilib. Bunun da əsas səbəb ölkəmizdə yüksək tolerantlıq və multikultural mühitin mövcud olmasıdır.

  

“Paralel”in
Araşdırma Qrupu
Yazı Azərbaycan
Respublikasının
Prezidenti yanında
KİV-ə Dövlət Dəstəyi
Fondunun maliyyə
dəstəyilə çap olunub

0.12138700485229