Ramazan orucu Allahın tərbiyə proqramıdır - XXII yazı 

Ramazan orucu Allahın tərbiyə proqramıdır - XXII yazı 
 

Siracəddin Hacı:

c) QURANİ-KƏRİM HAQQI BATİLDƏN AYIRIR
RAMAZAN ORUCU ilə bağlı ayə Qurani-Kərimin üçüncü özəlliyini tanıdır: O, FURKANDIR – haqqı batildən ayıran Kitabdır. Burada iki anlayış var: haqq, batil. HAQQ mənalı, məqsədli, xeyirli, içində həqiqət olandır. Allah buyurur ki, O, hər şey haqq olaraq yaratdı, yəni hər varlığın mənası, məqsədi var, ona yüklənmiş vəzifəni yerinə yetirir. BATİL isə mənasız, məqsədsiz, həqiqətdən məhrum, xeyirsiz olandır. Tövhid haqq, şirk batildir, ədalət haqq, zülm batildir, elm haqq, cəhalət batildir, mərhəmət haqq, acımasızlıq batildir, birlik haqq, ayrılıq batildir, işıq haqq, qaranlıq batildir, savab haqq, günah batildir ...
FURKAN sözü üç ayədə Qurani-Kərimin adı kimi işlənmişdir, ayrıca ilahi mətndə Furkan adlı bir surə var. Qurani-Kərim buyurur ki, kim məni anlasa, mənə iman etsə, buyurduğum kimi yaşasa, ona Furkan olma – xeyiri şərdən, haqqı batildən, doğrunu yanlışdan seçmə özəlliyi verəcəyəm.
İlahi mətndə Qurani-Kərimin tamamına da, bir parçasına da KİTAB, ya da QURAN deyilmişdir. Qeyd edək ki, ƏL-KİTAB Qurani-Kərimin adlarından biridir, bu söz ilahi mətndə iki yüz altmış iki dəfə işlənmişdir, ancaq hər zaman Qurani-Kərim anlamını daşımır, bu anlamları var:
- “dəlil” / “bəlgə”; (Həcc, 22/8; Rum, 30/35)
- “əməl dəftəri”; (İnfitar, 82/9-11; İsra, 17/13-14)
- “fərz”; (Bəqərə, 2/183, 178, 180, 216, 245; Ali-İmran, 3/154)
- “vəhy”; (Hədid, 57/25)
- “hökmlər” / “şəriətlər”; (Hədid, 57/25)
- “ilahi kitab”; (Bəqərə, 2/213; Nəhl, 16/64)
- “Quran”; (Bəqərə, 2/2; Maidə, 5/48; İbrahim, 14/1)
- “İncil”; (Məryəm, 19/30; Ali-İmran, 3/48; Hədid, 57/27)
- “Tövrat”; (İsra, 17/2; Əhqaf, 46/12; Ənam, 6/154)  

 - “lövhi-məhfuz” (qorunmuş lövhə, ana yaddaş kartı); (Qaf, 50/4; Hədid, 57/22)
- “ümumi kitab”; (Qəsəs, 28/49; İsra, 17/93)
- “öncəki kitablar”; (Fatır, 35/25; Şuara, 26/96)
- “hz.Davuda verilən kitab”; (Nisa, 4/163; İsra, 17/93)
- “Rəsulun öyrətdiyi kitab”; (Bəqərə, 2/128-129)
- “elmin qaynağı kitab”; (Nəml, 27/40)
- “əl ilə yazılan kitab”; (Bəqərə, 2/79)
- “oxuma” / “yazma”; (Maidə, 5/110)
- “məktub”; (Nəml, 27/28-29)
- “yazışma”; (Nur, 24/33)
- “sözləşmə”; (Zuxruf, 43/4)
QURANİ-KƏRİMDƏ BU TƏRKİBLƏR DƏ VAR:
- “ümmül-Kitab” (“Kitabın anası”); (Bəqərə, 2/101)
- “əhli-Kitab” (“Kitab əhli”); (Bəqərə, 2/101)
- “Kitabullah” (Allahın Kitabı); (Ənbiya, 2/136)
- “Kitabi Rəbbukə” (Rəbbinin kitabı); (Kəhf, 18/27)
- “Kitabun mubin” (apaçıq Kitab); (Maidə, 5/15)
“QURAN” sözü “q-r-ə” kökündəndir, “oxumaq” anlamını daşıyır. “Quran” sözü ilə bağlı beş görüş var: Fərraya görə “bənzər”, Əşariyə görə “bitişdirmək”, Zəccaca görə “toplayıb bir araya gətirmək”, bir görüşə görə “oxunan” mənalarını daşıyır. Şafiiyə görə heç bir sözdən törədilməyib, xas isimdir.
“QURAN” sözünün anlamı əşyanı bir-birinə yaxınlaşdırıb aralarındakı bağı kəşf etməkdir – oxumaq (anlamaq) bağ qurmaq, cəm etmək, birləşdirməkdir. Bir mətnin doğru anlaşılması söz-məna-məqsəd üçlüyünü bir arada tutmağa bağlıdır: nə deyir (məna), niyə deyir (məqsəd), necə deyir (söz). Bu söz bilgini əldə etmək, ondan məna çıxarmaq və çatdırmaq mərhələlərinin üçünü də əhatə edir. Fulan vəznindəndir, həm ismi fail, həm də ismi məfuldur, bu vəzndə olan söz oxumağın bütün müsbət anlamları ilə dolu olan bir xitab vurğusu daşıyır. Qurani-Kərimin bir cismi, bir də ruhu var, cismi söz, ruhu mənadır.  

 “QURAN” sözü ilahi mətndə hər zaman eyni mənanı daşımaz. “Quran”, “daim oxunan, anlam imkanı tükənməz, oxumaqla anlamı əsla bitirilməyəcək olan” deməkdir. Qurani-Kərim bütün zamanlara və bütün məkanlara xitab edən “yaşayan möcüzə”dir, içində şübhə yoxdur, ayələri bir-birini inkar etməz, əksinə, bir-birini tamamlayar, ayələri ilə kainat ayələri arasında ziddiyyət yoxdur, elmi dəlillərlə uyum içindədir.
Qurani-Kərimdə “QURAN” sözü yetmiş dəfə işlədilmişdir. İlk dəfə işləndiyi yer Furkan surəsinin otuzuncu ayəsidir: “Və (o gün) Rəsul deyəcək: “Ey Rəbb! Mənim qövmüm bu Qurana vaxtı keçmiş, tərk edilmiş bir kitab kimi baxdı!” (Furkan, 25/30) QURANİ-KƏRİM düşünərək, anlayaraq, hiss edərək oxunmasını istəyir. Onu anlayanlara, Ona təslim olanlara, Onun ölçüləri ilə yaşayanlara bu dünyada anlamlı bir ömür, axirətdə cənnət vəd edir. Qurani-Kərimin üzərimizdə dörd haqqı var: oxumaq, anlamaq, dəyərlərini yaşamaq, öyrətmək;
Ardı var...

Paralel.az

0.016757011413574