Ramazan orucu Allahın tərbiyə proqramıdır - XXI yazı

Ramazan orucu Allahın tərbiyə proqramıdır - XXI yazı
 

Siracəddin Hacı:

HİDAYƏT İLAHİ RƏHBƏRLİKDİR – Fatihə surəsində hidayət istəyənlərə sıradakı Bəqərə surəsinin ikinci ayəsində cavab verilmiş, yol gstərilmişdir: içində şübhə olmayan bu KİTAB müttəqilər üçün bir ilahi rəhbərlikdir. Doğru yol Qurani-Kərimdən başlayır, müttəqi də təqva sahibi olan, məsuliyyət şüuru ilə yaşayan, günahlardan çəkinən, əzabdan qorunan kimsədir.
HİDAYƏT yaradılış hədəfinə, ilahi rizaya, fitrətə, Allahın seçdiyi həyat tərzinə uyğun yaşamaqdır: “O, hər şeyə yaradılışdan bir ölçü və hədəf təqdir etdi, sonra (o ölçüyə uyaraq hədəfinə qovuşacaq) istiqamətə yönəltdi” (Duhan, 44/38-39). Hər varlığın bir məqsədi, işi var, hər varlıq mənalı, hədəfli yaradılıb: “... Biz göyləri, yeri və bu ikisi arasındakıları oyun olsun deyə yaratmadıq... gerçək bir hədəf üçün yaratdıq” (Möminun, 23/115). “İndi Bizim sizi boş yerə və hədəfsiz yaratdığımızı, (hesab vermək üçün) Bizə qaytarılmayacağınızı düşünürsünüz, eləmi?” (Ənkəbut, 29/2-3)
QURANİ-KƏRİM buyurur ki, insan inandım deməklə canını qurtara bilməz: “Yoxsa o (inandıq deyib də) pisliyi davam etdirənlər Bizdən yaxa qurtaracaqlarınımı düşünürlər! Nə bərbad düşünürlər!” (Ənkəbut, 29/4)
QURANİ-KƏRİM buyurur ki, Allah hidayəti istəyənə verir (Bəqərə, 2/272), Elçinin işi dəvətdir (Şura, 42/52-53), iman et, haqqa yönəl, O da hidayəti yaratsın (Təğabun, 64/11; Rəd, 13/27), iradə hürriyyətin var, seçim sənə aiddir, hər kəs hidayətə möhtacdır, O, hidayət istəyənin hidayətini artırar (Kəhf, 18/13; Məryəm, 19/76).
HİDAYƏTİN ÜÇ ANLAMI VAR: açıqlama (maariflənmə), doğru yola yönəltmə (azmaqdan qoruma), Allahın bizim üçün hidayəti yaratmasını istəmə (Ebu Mansur el-Maturidi, göstərilən qaynaq, s. 48). Allah buyurur ki, O, doğru yola yönələnlərin hidayətini artırar, onlara qorunma gücü bəxş edər. Hidayətə qovuşmaq insanı günahlardan, anlamsızlıqdan, ümidsizlikdən, köləlikdən, qorxunc aqibətdən qoruyar.
Hidayət Allahın lütfü ilə insana yol göstərməsidir. Onun hidayət vasitələri çoxdur: ağıl, elm, duyğular, haqq ilə batili ayıran dəlillər, Elçilər, ilahi Kitablar...
Hidayətdə olanın hidayət istəməsi daha çox hidayət tələb etməsi, doğru yolda qərarlılıq diləməsidir: bizi doğru yolda qərarlı qıl, o yolda getməyi ehsan et, ey Rəbbimiz! Hidayət Allahın inananlara vəd etdiyi zəfərə qovuşmaqdır.
b) QURANİ-KƏRİM HİDAYƏTİN AÇIQ-AŞKAR DƏLİLLƏRİNİ DAŞIYIR
İlahi mətndə “BƏYYİNAT” sözü var, “b-y-n” kökündəndir, eyni kökdən olan sözlər Qurani-Kərimdə beş yüz iyirmi üç yerdə işlədilmişdir, bu mənaları var:
- “açıqlamaq”; (Bəqərə, 2/160)
- “ortaya çıxmaq” / “ayrılmaq”; (Bəqərə, 2/256)
- “araşdırmaq”; (Nisa, 4/94)
- “anlatmaq”; (Zuxruf, 43/52)
- “dəlil”; (Ənam, 6/57)
- “yarar”; (Zuxruf, 43/18)
- “mesaj”; (Ali-İmran, 3/38)
- “arasında”; (Bəqərə, 2/285)
Qurani-Kərim BƏYYİNATDIR, hidayətin açıq-aşkar dəlilidir. Dəlil elə bir şeydir ki, onun vasitəsi ilə bir varlığın bilgisi / elmi, həqiqəti ortaya qoyulur, dəlil yol göstərir, rəhbərlik edir, sübutdur, hidayətlə - doğru yolla, dəlaləti – yanlış yolu bir-birindən ayırır.
Qurani-Kərim ilahi dərs kitabıdır, izah edir, açıqlayır, Allahı, tövhidi, şirki, həyatı, ölümü, dünyanı, axirəti, həqiqətləri, insanın yaradılış missiyasını göstərən dəyərlər – ölçülər ortaya qoyur.
O, dəlildir, açıq bəlgədir, doğru yolu göstərən əlamət, işarə, xəritə, bələdçidir, hər zaman doğru olanı danışır, içində şübhə yoxdur, insanı şübhələrdən təmizləyir, çaşmaz, Ona inananları hədəfə - ilahi rizaya qovuşdurar, O olmasa, hidayət də olmaz, düşünənə dəlillər verir, halalı, haramı, xeyri, şəri tanıdır, doğru hökmlər qoyur, elə hökmlər ki, insanın mənalı, məqsədli, ümid dolu, axirət təyinatlı həyat yaşamasına yol açır.
HİDAYƏTİN ziddi dəlalətdir – doğru yoldan çıxmaqdır, doğru yoldan çıxan, azan, yolunu itirən həlak olar.
QURANİ-KƏRİMDƏ hidayətin – doğru yolun açıq-aşkar dəlilləri var, yəni Onun hesabına doğru yolu tanıdıq, O, ölçülər qoydu, biz də bu ölçülərə iman etdik, nəticədə, doğru yolu yanlış yoldan ayırdıq.
Ardı var...
Paralel.az

0.023102998733521