Cəbrayılın icra başçısı hansı “qanun”larla işləyir?

Cəbrayılın icra başçısı hansı “qanun”larla işləyir?
 





Bölgələrdən fərqli xəbərlər gəlməkdə davam edir. Bu sırada Cəbrayıl rayonu Böyük Mərcanlı kənd sakini, hazırda Biləsuvar rayonu ərazisində yerləşən 3 saylı Cəbrayıl qəsəbəsində yaşayan Məmmədova Elmira Əliş qızının müraciətini təqdim edirik.
Paralel.az dogruxeber.az-a istinadla xəbər verir ki, sözügedən şəxs bu müraciətində bir çox Cəbrayıl sakini adından ölkə başçısına üz tutaraq, icra başçısı Kamal Həsənov barəsində narazılıqları dilə gətirib.
Şikayətçi dəfələrlə müraciət etmələrinə rəğmən, qəsəbədəki natəmizliklərin, işsizliyin hələ də olmasından bəhs edib. Bundan əlavə o, saxta diplomlu şəxslərin də İcra Hakimiyyətində mühüm vəzifələrdə çalışdıqlarını vurğulayıb: “Bir zamanlar rüşvətxorluğa və yeyintiyə görə işindən azad olunan Qoşqar Məmmədov keçmiş komitə sədri Əli Həsənovun tapşırığı ilə Kamal Həsənov tərəfindən Böyük Mərcanlı kənd İcra nümayəndəsinin müavini vəzifəsinə təyin edilib”.
Mənzil Kommunal İstismar İdarəsinin rəisi Xocavənd, "Azərxalça"nın Cəbrayıl filialının müdiri Şuşa sakinidir ki, onlar da icra başçısı Kamal Həsənovun kimlərəsə "jesti", yaxud kimlərinsə nəzərə aldığı xahişidir. Bundan əlavə, bəzi icra nümayəndələri, həmçinin icra nümayəndəsi müavinləri var ki, el arasında "diplom bazarı" kimi tanınan keçmiş Gəncə Müəllimlər İnstitutunun və o institutun indiki davamçısı Gəncə Dövlət Universitetinin "məzunları"dır.
Qeyd edək ki, Cəbrayıl rayonunun bir çox kəndlərinin, qəsəbələrinin icra nümayəndələri, həmçinin onların müavinləri arasında hətta bir ilə, il yarıma diplom sahibi olanlar da var. Təbii ki, İcra Hakimiyyəti də bundan xəbərsiz deyil. Amma bütün bunları bilə-bilə, həmin şəxslərə nə səbəbə, hansı maraqları naminə vəzifə "bağışlayıb", müəmmalıdır.
Cəbrayıl sakinlərinin dediyinə görə, Elman Rüstəmovun "xüsusi dəstəyi" ilə Cəbrayıl rayonuna icra başçısı təyin edilən Kamal Həsənov ətrafına uzaq-yaxın qohum-əqrəbasını və münasibəti yaxşı olan şəxsləri toplayıb. Rayondakı digər işlərə də rüşvət müqabilində təyinatlar verir.
Yeri gəlmişkən, icra başçısının tərəfini tutan, başçı barəsində narazılığını dilə gətirən sakinlərə sosial şəbəkələrdə olmazın sözünü deyən, hətta təhqir edən "fanatlar"ı da sən demə, onun diqqətindən yayınmayıbmış. Əldə etdiyimiz məlumata görə, onlardan bəzilərini müəyyən işlərlə təmin edibmiş.
Kamal Həsənov qədim zamanlarda olduğu kimi, yalnız öz "qəbiləsi"nin aclığını, susuzluğunu, problemlərini düşünür və həlli üçün istədiyi qərarları verir. Digər sakinləri isə şikayətçinin vurğuladığı kimi, ümumiyyətlə, qəbul etmir, yaxud da söz verir, ciddi yanaşmadığı üçün sonra o sözü də unudur.
İcra başçısının bu davranışlarından cana doyan sakinlər adından videomüraciət hazırlayıb göndərən Elmira xanım, ölkə başçısından "Cəbrayıl sakinlərinin canını Kamal Həsənovdan qurtaracaq sərəncam" imzalamağı xahiş edib. O, vurğulayıb ki, ölkə başçısı onların səsini eşidənə qədər bu kimi müraciətləri davam etdirəcəklər.
Paralel.az

0.018123865127563