Azərbaycanın turizm problemi
Azərbaycan tarixən və təbiətən turizm ölkəsidir. Şimalı, qərbi, cənubu Qafqaz dağları, şərqi isə Xəzər dənizi... Və bütün ərazisinə səpələnmiş möhtəşəm tarixi abidələri... Bəli, “Cənnət görmək istəyən Azərbaycana gəlsin”... Bir az təvözəkarlıqdan uzaq olsa da, demək lazımdır ki, biz öz qonaqpərvərliyimizə, comərdliyimizə görə bütün qafqazlarda (Böyük və Kiçik) ön sıralardayıq. Bizdə hətta iki, üç otaqlı darısqal şəhər mənzillərində belə («Xruşşovka» adlanır) qonaq otağı olur və bəzən aylarla, illərlə səhmanını pozmur - öz qonağını gözləyir. Bizdə hətta kasıb, soyuducusu omayan kənd evlərində belə qonağa qoç kəsirlər, sonra ətin qalanını hara edəcəklərini, kimə verəcəklərini bilmirlər...
Bir sözlə, Allah əzəl-başdan Azərbaycanın təbiətini də, torpağını da, adamını da qonaq (oxu: turist) qəbul etmək üçün yaradıb. Mülayim iqlimi, gözəl təbiəti və möhtəşəm tarixi abidələri bura hər zaman xarici qonaqları və imkanlı adamları cəlb edib. Bəs biz niyə turizm ölkəsi ola bilmirik, bu sahədə hətta, hamının bildiyi kimi, qonşu kasıb Gürcüstandan da geriyik? Axı, biz «Avrovizion» keçirdik, Avropa oyunlarına, neçə-neçə dünya yarışlarına, konfranslarına ev sahibliyi etdik, indi də «Formula-1»-ləri qəbul edirik, Azərbaycanı bütün dünyaya göstəririk. Turistlər gəlmək, görmək istəmirlər, bəlkə gəlmək, görmək istəyirlər, gələ bilmirlər? Bəli, yavaş-yavaş mətləbin ətrafında fırlanıram, fırlandıqca mətləbə yaxınlaşıram...
Deyilənə görə, Allah özü insanları fərqli yaradır, biri güclü, biri gücçüz, biri istedadlı, biri istedadsız… Odur ki, yaşa dolandan sonra biri kasıb, biri varlı, biri imkanlı, biri imkansız olur. Hamı gəzmək, görmək, istirahət etmək istəyir. Amma çoxu "bahalı" istirahət edə bilmir. Deməli, insanlara seçim imkanı vermək lazımdır ki, hərə «öz yorğanına görə ayaq uzatsın». Məlum olduğu kimi, qonşu Gürcüstanın turizm biznesi sahəsindəki uğurlarının da əsasını xidmətin, istirahətin əlçatan, sərfəli olması, insanlara seçim imkanlarının verilməsi təşkil edir. Əvvəla, dünyanın hər yerindən Tiflisə, Tiflisdən də dünyanın hər yerinə təyyarə biletləri ucuzdur, hətta o qədər ucuzdur ki, Rusiyada, Türkiyədə yaşayan və işləyən azərbaycanlılar Tiflisə uçur və qatarla, maşınla Azərbaycana gəlirlər. Sonra, Gürcüstanda «gündüz çıraqla» gəzsən, 4-5 ulduzlu otel tapa bilməzsən, gərək Tiflisə gedəsən. Amma 2-3 ulduzlu mehmanxanalar, sadə yataqxanalar istənilən qədərdir. İstirahət mərkəzlərində, otellərdə də qiymətlər ucuzdur, günü adambaşına bizim pulla10 manatdan 30 manata qədərdir.
Bəs bizdə, Azərbaycanda vəziyyət necədir? Obrazlı desək, azərbaycanlı Azərbaycanda bir gün ailəsi ilə, məsələn, Qəbələdə, ya Qubada istirahət etdiyi pula Gürcüstanda (yol pulu da daxil olmaqla) bir həftə dincələ bilər. Bizdə təyyarə biletləri (uzaq, yaxın fərq eləmir) hamısı biznes-klass qiymətinədir. Mehmanxanalarımız da hamısı 5 ulduzludur, qiymətlər də İsveçrənin dağ kurortları, Mayaminin plyaj zonaları səviyyəsindədir. Yəni, bizim sahibkarlar bilmir ki, biznes klasda uçan, 5 ulduzda qalan varlı qonaqlar Azərbaycana gəlmir, Karib alalarına, Alp dağlarına gedir, dünya səyahətinə çıxır, Mayamidə istirahət edirlər. Azərbaycan gələnlər Rusiyadan, Türkiyədən, İrandan gələn orta səviyyəli insanlardır ki, onlar da təyyarə biletinin qiymətini görəndə qorxurlar, gələnlər də otel qiymətlərindən, xidmətin səviyyəsindən peşman olurlar. Odur ki, turistlərimizin sayı ildən ilə artmaq əvəzinə, azalır.
Burda mətləbdən bir az uzaqlaşmaq, mətləbə dəxli var deyə bir lətifə danışmaq istəyirəm. Deyirəm əsəblər bir az boşalsın, oxucular ləzzət, turizm sahəsinə baxanlar ibrət alsın. Deyirlər bir gün səhər-səhər Molla Nəsrəddinin qonağı gəlir. Molla bunun qabağına yağ-pendir əvəzinə sirkə xiyar qoyur. Qonaq deyir, ay mola, axı səhər-səhər sirkə xiyar yeməzlər, şirinçay içərlər. Molla qayıdır ki, qonaq ev yiyəsinin qulu olmalıdır, harda desə, orda oturmalıdır. İndi mənim evimdə sirkə xiyar var, yesən də budur, yeməsən də. Bəs qonaq nə edir? Lətifədə bu barədə deyilmir, amma aydındır ki, qonaq bir daha mollanın evinə gəlmir...
Böyük filosof Karl Marksın maraqlı bir kəlamı var, deyir ki, təklif vermədən tənqid etmək simasızlıqdır. Əgər filosof deyirsə, deməli hamıya aiddir və bu sətirlərin müəllifi də öz təkliflərini verməlidir. Hesab edirəm ki, çıxış yolu var, ölümdən başqa hər şeyin çarəsi var. Yuxarıda deyildiyi kimi, biz «Avrovizion» keçirdik, Avropa oyunlarına, neçə-neçə dünya yarışlarına, konfranslarına ev sahibliyi etdik, indi də «Formula-1»-i qəbul edirik, Azərbaycanı bütün dünyaya göstəririk. Bütün bunlar qonaqları Azərbaycana gətirmək üçündür. Amma burda «Xiyar siyasəti» yeritsək, qonaq küsüb gedər, çəkilən əziyyət də hədər. Deməli, qonağa seçim imkanı vermək lazımdır. Amma bu, göründüyü və deyildiyi qədər asan deyil. Bunun üçün siyasi iradə lazımdır, turizm sahəsi liberallaşmalıdır, bu sahədə inhisarçılıca son qoyulmalı, rəqabət mühiti yaradılmalıdır. (Eyni fikirlər AZAL-a, turistləri Azərbaycana gətirən bütün yollara aiddir).
Meksikanın maraqlı bir təcrübəsi var. 20-30 il bundan qabaq Meksika körfəzi sahili boyunca uzanan yüzlərlə kilometr ərazi, turizmi inkişaf etdirmək məqsədilə yerli, xarici sahibkarlara pulsuz verildi. Eyni zamanda, yerli sahibkarlar faizsiz kreditlərlə təmin edildi. İndi deyirlər, Meksika körfəzinin sahilləri turizm cənnətini xatırladır. Hesab edirəm ki, Azərbaycanda da bunun üçün geniş imkanlar var, Bakıdan şimala Xaçmaza, cənuba Astaraya kimi, Xəzərin sahilləri boşdur. Bu torpaqları yerli sahibkarlara pulsuz vermək, onları güzəştli kreditlərlə təmin etmək olar ki, həmin torpaqları turizm cənnətinə çevirsinlər. İstirahət mərkəzləri, hotellər, motellər tiksinlər, bütün dünyadan turistləri Azərbaycana cəlb etsinlər. Düşünürəm ki, öyrənmək heç vaxt gec deyil...
Qalib ARİF