"Provaslav və katolik kilsələri, sinaqoqlar, atəşpərəstlər məbədi-bütün bunlar Azərbaycanın mədəni irsinin tərkib hissəsidir"

 

Azərbaycan dünyada dövlət-din münasibətlərinin ən yaxşı tənzimləndiyi, dini
azadlığın, ideal birgəyaşayış mədəniyyətinin hökm sürdüyü bir ölkə kimi tanınır

 Azərbaycan tolerantlıq baxımından dünyanın ən sabit ölkələrindən biridir. Ölkəmizdə dövlət və din münasibətləri özünün ən yüksək səviyyəsindədir. Bütün dinlərin nümayəndələrinin öz dini ayinlərini azad icra etmələri də bunu təsdiqləyən əsas faktorlardan biridir. Əhalisinin tərkibi etnik, dini və məzhəb baxımından zəngin olan Azərbaycanda bu günə kimi dini və yaxud milli zəmində heç bir qarşıdurma baş verməyib. Ölkədə rəsmən 525 İslam, 34 digər təmayüllü dini icma, eyni zamanda, 11 kilsə, 6 sinaqoq fəaliyyət göstərir.

Buna görə də, Azərbaycan Respublikasında mövcud olan tolerantlıq modeli dünyada etiraf olunan, bütün xalqlara nümunə ola biləcək ümumbəşəri təcrübədir. Dünyada dini tolerantlığın, ayrı-seçkiliyin, dini zəmində münaqişələrin baş verdiyi bir zamanda ölkəmizdə dini müxtəlifliyin vəhdətini təmin edən tolerantlıq burada yaşyan bütün xalqların, etnik qrupların şüuruna hakim kəsilib. O da məlum həqiqətdir ki, Azərbaycan dini müxtəliflik baxımından da çox zəngin ölkədir. Amma müxtəlif dinlərin və dini fəlsəfi cərəyanların yayılıdığı ölkəmizdə bütün tarixi dövrlərdə etnik və dini icmalar arasında möhkəm dözümlülük əlaqələri formalaşıb, mili, irqi və dini zəmində heç bir ayrı-seçkilik faktı qeydə alınmayıb. Bunun nəticəsidir ki, Azərbaycan dünyada dövlət-din münasibətlərinin ən yaxşı tənzimləndiyi, dini azadlığın, ideal birgəyaşayış mədəniyyətinin hökm sürdüyü, ksenofobiya, dini ekstremizm, radikalizm, antisemitizmdən uzaq bir ölkə kimi tanınır.

Azərbaycan Respublikasının birici vitse-prezidenti, Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyeva ölkəmizdə dini tolerantlığın möhkəmlənməsi və inkişafı naminə öz səylərini heç zaman əsirgəməyib və bu gün də bu yolda inamla çalışır. O, Parisdə 2015-ci il sentyabrın 8-də "Dini tolerantlıq: Azərbaycanda birgə yaşamaq mədəniyyəti" mövzusunda keçirilən beynəlxalq konfransdakı çıxışında qeyd edib ki, Azərbaycan tarix boyu sivilizasiyaların, mədəniyyətlərin, dinlərin qovuşduğu bir məkanda yerləşib. Əsrlər boyu bu qədim diyarda müxtəlif dinlərin, mədəniyyətlərin, millətlərin, etnik qrupların nümayəndələri sülh və əmin-amanlıq şəraitində bir ailə kimi yaşayıblar. Azərbaycan minilliklər boyu cəmiyyətimizdə formalaşan tolerantlıq və dözümlülük ənənələrini müstəqilliyini bərpa etdikdən sonra da qoruyub saxlayır və daha da möhkəmləndirməyə nail olub.

"Provaslav və katolik kilsələri, sinaqoqlar, atəşpərəstlər məbədi-bütün bunlar Azərbaycanın mədəni irsinin tərkib hissəsidir. Biz öz ənənələrimizə, öz köklərimizə, öz tariximizə çox böyük hörmətlə yanaşırıq. Eyni zamanda, biz dünyaya açıq və bütün ölkələrlə əməkdaşlıq qurmağa çalışan bir ölkəyik. Azərbaycan xalqında olan dözümlülük, əsrlər boyu formalaşan bu mühit ona gətirib çatdırıb ki, bizim üçün bu, normal yaşayış, həyat tərzidir".

Azərbaycanda din dövlətdən ayrı olsa da ölkəmizdə hüquqi, demkoratik, dünyəvi dövlət formalaşıb və bütün dini dəyərlər cəmiyyətdə müxtəlif xalqların mənəvi sərvətinə çevrilib. Tolerantlığın təbliği və həyat tərzinə çevrilməsi dövlət siyasətinin əsas istiqamətlərindən biridir. Ölkədə Milli Tolerantlıq Mərkəzi fəaliyyət göstərir. Gənclərimiz tolerantlıq rühünda böyüyür. Buna görə də Azərbaycan dünyada beş ən tolerant dövlət sırasına daxil olub. Hər cür millətçiliyin qarşısında sipər olan birliyin təzahürü kimi çıxış edir.

Bu da o deməkdir ki, tolerantlıq fərdlərarası, xalqlararası, dinlərarası, mədəniyyətlərarası münasibətlərə aid fenomendir. Tolerantlığı mədəniyyətin yüksək təzahürü kimi səciyyələndirən mərhum prezident H.Əliyev yetişməkdə olan nəslə hələ erkən yaşlardan tolerantlıq mədəniyyətinin, dini dözümlüyün formalaşdırılmasını tövsiyə edib.

Ümummilli lider Heydər Əliyevin layiqli davamçısı, dövlətimizin başçısı İlham Əliyevin bütün bu prinsipləri tam olaraq həyata keçirməsinin nəticəsidir ki, bu gün Azərbaycan dünyada tolerantlıq və multikulturalizm mərkəzi kimi tanınır. Bu da Azərbaycana bu gün dünyada baş verən qlobal hadisələrə təsir imkanı verir.

Son dövürlər qlobal məkanda siyasi, iqtisadi böhranların, hərbi münaqişələrin, terror təhlükəsinin artması bütövlükdə planetimizdə həm dinlərarası, həm də beynəlxalq münasibətlərdə həmrəyliyə böyük ehtiyac olduğunu bir zərurət kim ortaya qoydu.

Bu baxımdan Səudiyyə Ərəbistanı Krallığının paytaxtı Ər-Riyad şəhərində Ərəb-İslam-Amerika Sammitinin keçirilməsi qlobal əhəmiyyətli hadisə kimi diqqət cəlb etdi. Dövlətimizin başçısı, Prezident İlham Əliyevin də qatıldığı sammit "Birlikdə güclüyük" devizi altında keçirilib. Bu formatda tədbir ərəb və İslam ölkələri rəhbərlərinin, həmçinin ABŞ Prezidenti Donald Trampın iştirakı ilə birinci dəfədir ki, keçirilirdi. Tədbirdə iştirakçı ölkələrin qlobal təhlükəsizliyin, sabitliyin təmin edilməsində, zorakılıq, terrorizm və ekstremizm ilə mübarizədə rolu və bu sahədə mövcud əməkdaşlığın daha da dərinləşdirilməsi barədə müzakirələr aparılıb.

Səudiyyə Ərəbistanının Kralı Salman bin Əbdüləziz Al Səud sammitdə iştirak edən dövlət və hökumət başçıları arasında əlaqələrin inkişafında belə bir Zirvə görüşünün keçirilməsinin mühüm əhəmiyyət kəsb etdiyini bildirib. Sammitin dünyada terrorizm və ekstremizm hallarının qarşısının alınmasına, dayanıqlı sülhün təmin edilməsinə mühüm töhfələr verəcəyinə əminliyini ifadə edən Səudiyyə Ərəbistanının Kralı bu görüşü Amerika-İslam dünyası əlaqələrində də, mühüm mərhələ kimi xarakterizə edib. "İslam sülh və tolerantlıq dinidir", - deyən Səudiyyə Ərəbistanının Kralı İslamın hər zaman terrorizm və ekstremizm hallarına qarşı çıxdığını və ölkəsinin bu cür təhlükəli amillərlə mübarizədə  əməkdaşlığa hazır olduğunu bildirib.

Konfransda çıxış edən ABŞ Prezidenti Donald Tramp ekstremizmlə mübarizənin vacibliyini vurğulayaraq bu sahədə mübarizənin müxtəlif dinlər arasında deyil, xeyirlə şər arasında getdiyini, şərə qalib gəlmək üçün səylərin birləşdirilməsinin vacibliyini qeyd edib. Terrorizm yolunu seçənlərin həyatının boş və qısa olacağını deyən ABŞ Prezidenti bildirib ki, hər dəfə bir terrorçu günahsız insanı qətlə yetirərkən Allahın adını çəkəndə inanclı insanları təhqir etmiş olur. Donald Tramp ABŞ-ın müharibənin deyil, sülhün tərəfdarı olduğunu bildirərək ekstremizmin və terrorizmin bütün təzahürləri ilə mübarizədə hələ çox iş görülməli olduğunu, İŞİD terror qruplaşmasının maliyyələşməsinə son qoymağın vacibliyini diqqətə çatdırıb.

Prezident İlham Əliyev səfər çərçivəsində Abu-Dabinin Vəliəhdi, Birləşmiş Ərəb Əmirliklərinin Silahlı Qüvvələrinin Ali Baş Komandanının müavini Şeyx Məhəmməd Bin Zayed Əl Nəhyan ilə görüşüb. Görüşdə ikitərəfli münasibətlərin yüksək səviyyədə olduğu və dinamik inkişaf etdiyi qeyd olunub.

Onu da xüsusi qeyd etmək lazımdır ki, Ərəb-İslam-Amerika Sammitində müzakirə edilən məsələlər bir daha təsdiqlədi ki, mütəşəkkil cinayətkar fəaliyyət, xüsusilə onun təzahür formalarından olmaqla artıq milli dövlət sərhədlərini adlayan terrorizm bütün ölkələrin maraqlarına toxunan qlobal təhlükəyə çevrilib. Dünya ictimaiyyəti, xüsusilə İslam dünyası bu təhlükədən daha çox əziyyət çəkir, sivilizasiyalararası toqquşmanın təzahürü kimi İslam dininin gerçək mahiyyətinin təhrif olunmasına, onun terrorizmlə əlaqələndirilməsinə uğursuz cəhdlər edilir. Erməni terrorizmi ilə üzləşən Azərbaycan bu ümumbəşəri bəla ilə mübarizədə beynəlxalq birliyin səylərini tam müdafiə etməklə siyasi, iqtisadi, dini və digər motivlərdən asılı olmayaraq, terrorizmin bütün forma və təzahürlərinə qarşı birmənalı mövqe tutur. Terrorizmin getdikcə qlobal xarakter alması, öz növbəsində bu təhlükəyə qarşı mübarizədə beynəlxalq ictimaiyyətin səylərinin birləşdirilməsi zəruriliyini artırır. Azərbaycan hökuməti hesab edir ki, uzunmüddətli planda beynəlxalq terrorizmlə mübarizənin məqsədi yalnız ayrı-ayrı terrorçu təşkilat, qrup, yaxud şəxslər deyil, həm də onu doğuran səbəb və mənbələrin aradan qaldırılması olmalıdır.

Dünyada İslam dininin əsl mahiyyəti barədə dolğun məlumatlar çatdırılmır və səhv cərəyanların meydana gəlməsi xoşagəlməz hallara gətirib çıxarır. Terrorizmə və ekstremizmə qarşı bütün dinlərin birgə hərəkət etməsi vacibdir. İslam həmrəyliyi yalnız İslam ölkələrinin həmrəyliyi demək deyil. Bu, dinindən asılı olmayaraq dünya əhalisinin dostluq, qardaşlıq və multikultural şəraitdə yaşamasına, bir növ, çağırışdır. Müxtəlif ölkələrin dövlət-din məsələlərinin tənzimlənməsi üçün Azərbaycanda mövcud olan tolerant və multikultural mühit bir model kimi qəbul oluna bilər.

Əslində, sözügedən konfransın əsas mövzusu olan terrorizmə, dini və milli ekstremizmə qarşı mübariziənin inqlabi deyil, inkişaf yolu ilə həlli, tolerantlığın və multikulturalizmin bütün bəşəriyyət tərəfindən dəstəklənməsidir. Son illər bu istiqamətdə keçirilən forumlar və konfranslar da, əslində bütün hərbi müdaxilələrdən və keçirilən xüsusi əməliyyatlardan daha böyük təsirə malikdir.

  

“Paralel”in
Araşdırma Qrupu
Yazı Azərbaycan
Respublikasının
Prezidenti yanında
KİV-ə Dövlət Dəstəyi
Fondunun maliyyə
dəstəyilə çap olunub

0.016324043273926