Xalqın ağır duruma düşməsin səbəbi nədir? - araşdırma
İqtisadiyyat nazirliyi hansı işlə məşğuldur?
İqtisadi cəhətdən güclü, təbii sərvətlərlə zəngin, çalışqan insanları və çevik idarəetmə sisteminə malik olan Azərbaycanda əhalinin sosial durumunun ağır olması qəbuledilməzdir. Kimi dindirib, durumunu soruşursan hər kəs şikayətlənir. Ölkə vətəndaşı mövcud durumdan məsud deyil. Məmur özbaşınalığı dözülməsi mümkün olmayan həddə çatıb. Dövlətin müdafiəsinə ciddi ehtiyacı olan kəsiminin güzəranı isə çox ağırdır.
Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev yardıma ehtiyacı olan şəhid ailələrinə, müharibə əlillərinə, veteranlara və sadə əhaliyə zülm edir. İnsanlar dövlətin yardımından məhrum edilib, ehtiyac içində çabalayan əhaliyə düşmən münasibət bəsləyir: - əlillərin, şikəstlərin təqaüdü kəsilir, sağlam adamlara rüşvətlə saxta əlillik təyin olunur, məşğulluq üçün dövlət büdcəsindən ayrılan pullar işbazlar tərəfindən dağıdılır, əmək müfəttişliyi sahibkarların başına oyun açır, nazir isə özündənrazı halda televiziya ekranlarından düşmür, əhaliyə göstərilən yüksək xidmətdən danışır.
İqtisadiyyat naziri Mikayıl Cabbarov 36 vəzifə tutsa da, o, vəzifələrdən birinin belə öhdəsindən lazımınca gələ bilmir. Ölkə iqtisadiyyatında Mikayıl Cabbarov erası başlayandan bəri əhalisinin iqtisadi vəziyyəti durmadan ağırlaşır. Bunu biz yox, sorğu apardığımız xalq deyir. Ölkə iqtisadiyyatının inkişaf etməsi barədə hər gün efir və ekrandan verilən xəbərlərdə ölkənin inkişafını əks etdirən rəqəmlərindən bəhs olunsa da, reallıq bu rəqəmlərin doğruluğunu təsdiq etmir. İqtisadiyyat nazirliyi ölkədə, bazarlarda qiymət artımına nəzarət etmək vəzifəsini icra etmədiyinə və qiymətləri nizamlamadığına görə, əhalisinin 70 faizi kasıblıq həddində yaşayan Azərbaycanda normal yaşamaqdan söhbət belə gedə bilməz.
Məmurların şərəfinə tərif söyləməkdən ağzı qabar olmuş vaizlərin söylədikləri yalanlara daha heç kim inanmır. Azərbaycanda firavanlıqdan dəm vuran məddah medianı oxuyan yoxdur, yalan üfrən çoxsaylı efirlərə qulaq asan və ekranlara baxan adam tapmaq daha mümkün deyil. Atalar yaxşı deyib ki, “yalan ayaq tutar, amma yeriməz”! Ölkənin inkişafı və xalqın güzəranının yaxşı olması barədə yalan danışan məmurlar danışdıqları yalanlara yalnız özləri inana bilər. Artıq xalq 30-20 il bundan əvvəlki, hətta 10 il qabaqkı xalq da deyil. Dünyada alternativ informasiya vasitələrinin mövcud olması məmurların saxta və yalan məlumatın ifşasını sürətləndirdiyi müasir vaxta xalqı aldatmaq çətindir.
Şahnaz