Ramazan orucu Allahın tərbiyə proqramıdır - IX yazı

Ramazan orucu Allahın tərbiyə proqramıdır - IX yazı
 

Siracəddin Hacı:

Böyük alim Məhəmməd Əsəd yazır ki, təkcə insanlar deyil, bütün kainat oruc tutur: çox qar yağan bölgələrdəki vəhşi heyvanlar həftələrlə, aylarla qidasız yaşayırlar. İlanların qış yuxusu var. Bu dönəmdə qidalanmamaq onların cavanlaşmasına, təzələnməsinə səbəb olur. Köhnə dərilərindən qurtulan ilanlar yeni, daha yaxşı bir dəriyə qovuşaraq gəncləşirlər. Oruc onlara böyük bir güc, dinclik qazandırır. Eyni biçimdə ağaclar qış mövsümündə yarpaqlarını tökərək bir növ oruc tutur, bu hal həftələr, hətta aylar boyu davam edir. Mövsümün sonunda yeni yarpaqlar bitir, yeni qönçələr, yeni çiçəklər açır, ağac meyvəyə durur...
3) Orucla bağlı zəruri bilgilər
- oruc imsaq vaxtından iftar vaxtınadək ibadət niyyəti ilə yeməmək, içməmək, cinsi münasibətdə olmamaqdır;
- oruc tutmağa niyyət edilməlidir, niyyət işin mənasını anlamaqdır, içdən, istəyərək, mahiyyətini başa düşərək verilən qərardır. Din deyir ki, niyyət bir işi, bir vəzifəni Allahın əmrinə tabe olmaq, Ona mənəvi yaxınlıq qazanmaq üçün yerinə yetirmək qərarıdır. Niyyət ibadətlərin şərtidir, ancaq bunu dillə söyləmək şərt deyildir, insan gördüyü işin mənasını başa düşürsə, o niyyət etmişdir;
- oruc tutmağın üç şərti var: müsəlman olmaq, ağıllı olmaq (dəliyə oruc fərz deyil), həddi-büluğ yaşına çatmaq;
- dişi fırçalamaq, yumaq orucu pozmaz, bu şərtlə ki, məcun, ya da su boğaza getməsin;
- dişlər qanasa, tüpürcəyi qırmızıya boyayacaq miqdarda qan boğazdan keçsə, oruc pozular;
- diş çəkdirmək üçün iynə vurdurmaq orucu pozmaz – iynədəki maddə vitamin deyildir;
- ağızı yaxaladıqdan sonra ağızda qalan nəm orucu pozmaz;
- qan vermək orucu pozmaz;
- dəriyə krem sürtmək orucu pozmaz;
- oruc tutmaq hamilə, ya da uşağını əmizdirən bir qadına, uşağına zərər verərsə, o, oruc tutmaz, uyğun bir zamanda qəza edər;
- oruclu bir insan özünü tuta biləcəyindən əmindirsə, xanımını (xanım da ərini) öpə bilər;
- kimsə bir başqasının yerinə oruc tuta bilməz;
- xəstə bir adam sağalandan sonra orucunu tutmalıdır, ancaq sağalmaq imkanı yoxdursa, oruc tuta bilmədiyi hər gün üçün fidyə verməlidir;
- fidyə Ramazan ayının orucunu tuta bilməyənlərin yoxsullara verməsi zəruri olan maddi yardımdır – hər gün bir insanı doyuracaq qədər yardım etməkdir;
- oruclu olarkən çimmək, dənizə girmək orucu pozmaz, ancaq ağız və burundan boğaza su qaçarsa, oruc pozular, oruc dönəmində (imsaq iftar arası) çimmək, dənizə girmək xətalı davranışdır;
- həb, maye, burun damlası biçimində ağız, burun yolu ilə alınan dərmanlar orucu pozar;
- unudaraq yemək orucu pozmaz;
- Bakıda oruc tutmağa başlayan bir insan İstanbula gedərsə, yerli vaxtla (Günəş batanda) orucunu açar;
- namaz qılmayan bir insan oruc tuta bilər;
- Ramazan ayından sonrakı Şəvval ayında altı gün oruc tutmaqla bağlı Allah Rəsulu buyurmuşdur: “Hər kim Ramazan orucunu tutsa, sonra ona Şəvvaldan altı gün artırsa, bütün il oruc tutmuş kimi olar”;
- Ramazan ayında oruc tutmağa gücü çatan hər kəs (zəngin, yoxsul) fitrə verməlidir, bu, yardımlaşma mədəniyyətidir, sevgini, barışı, mərhəməti çoxaldır;
- fitrə (fitir sədəqəsi) bayram namazından öncə verilir, sonra verilsə, fitir sədəqəsi deyil, sədəqə sayılar;
- fitrəyə də niyyət edilməlidir, ancaq fitrə verərkən “al, bu mənim fitrəmdir” deməyə ehtiyac yoxdur, fitrə incitmədən, uyğun bir dil, gözəl üslubla verilməlidir;
- fitrə çarəsiz, miskin, yoxsul insanlara verilməlidir, bir günlük ehtiyacınız fitrə miqdarınızdır;
- Ramazan ayı sona çatanda camaatla bayram namazı qılınır, iki rükətdir;


Ardı var...
Paralel.az

 

0.026070833206177